manera.az
manera.az

Şair Vahid Aslanın 50 illik yubiley tədbiri keçirilib

📅 30.09.2022 21:21

Şair Vahid Aslanın 50 illik yubiley tədbiri keçirilib
Bakı İdman Sarayında təşkil olunan IV Milli Kitab Sərgisi çərçivəsində tanınmış şair, yazıçı-publisist Vahid Aslanın 50 illiyinə həsr edilmiş tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, IV Milli Kitab Sərgisinin təşkilatçısı, “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu giriş nitqi ilə çıxış edərək tədbiri açıq elan edib.

Tədbirin aparıcısı, tanınmış jurnalist, Azərbaycan Radiosunun əməkdaşı Ötərxan Eltac Vahid Aslan yaradıcılığının əsas məqamlarına toxunaraq vurğulayıb ki, 14 kitab və 350-dən artıq məqalə müəllifi olan yubilyarın fəaliyyəti məhsuldar və çoxşaxəlidir. O bildirib ki, Vahid Aslan yaradıcılığının ana xəttini vətənpərvərlik, ana torpağa bağlılıq və təbiət mövzuları təşkil edir. Eyni zamanda tədbirin aparıcısı Vahid Aslanın jurnalistika sahəsindəki uğurlu fəaliyyətinə də toxunaraq onun təsisçisi və baş redaktoru olduğu “Müəllim sözü” qəzeti haqqında da məlumat verib.

Tanınmış şair Musa Ələkbərli Vahid Aslanın son dövr yaradıcılığına xüsusi önəm verərək, onun “Gədəbəy rayonunun Şəhidləri” və “Gədəbəydə doğulan şairlər” kitablarının ədəbiyyatımız üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Tanınmış şair İslam Sadıq Vahid Aslanı riyaziyyatçı-şair kimi təqdim edərək onun “Riyaziyyat və Poeziya” kitabı haqqında danışıb. Qeyd edib ki, bu kitab orta məktəblərdə metodik vəsait kimi istifadə olunmaqla indiyədək 3 dəfə təkrar nəşr olunub.
Şair Vahid Aslanın 50 illik yubiley tədbiri keçirilib
Türk Ağsaqqalları Birliyinin sədr müavini, sabiq dövlət qulluqçusu, tanınmış ziyalı Eyvaz Hümbətov təmsil etdiyi təşkilat adından yubilyarı təbrik edərək, təşkilat adından hazırlanmış xüsusi mükafatı ona təqdim edib. Həmçinin Eyvaz Hümbətov Vahid Aslanın da Türk Ağsaqqalları Birliyinin fəal üzvü olduğunu qeyd edərək bildirib ki, 44 günlük Vətən müharibəsində əsgərlərimizə şeirlə çağırışlar edən, onları ruhlandıran şeir və ədəbiyyat nümunələrini təqdir edir və bu mənada Vahid Aslanı da çağdaş ədəbiyyatımızın vətənpərvər mövzularına ən çox müraciət edən şairlərdən biri hesab edir.

Türk Ağsaqqalları Birliyinin daha bir aparıcı siması, tanınmış ziyalı, yubilyarın uzun illər dostu olan akademik Sabir Tağıyev də çıxışında söyləyib ki, Vahid Aslan yüksək əxlaqa sahib, davranış mədəniyyəti ilə seçilən humanist bir insan kimi, hər zaman cəmiyyət və oxucuları tərəfindən sevilib. Yubilyarla bağlı xatirələrinə toxunan Sabir Tağıyev onu da vurğulayıb ki, TAİB rəhbərliyi hər zaman öz üzvlərinə diqqət və qayğı ilə yanaşıb, təşkilatın üzvlərinin özəl günlərini təntənəli qeyd edib.
Şair Vahid Aslanın 50 illik yubiley tədbiri keçirilib
ATİAHİ Sabunçu rayon komitəsinin sədr müavini Ramik Xudiyev, Vahid Aslanın 25 illik pedaqoji fəaliyyətindən bəhs edərək, təmsil etdiyi komitənin fəxri fərmanını və qiymətli hədiyyələri yubilyara təqdim etdi.

311 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aysu Türkel Vahid Aslanın “Türkün yolu – Turan yolu”, 28 nömrəli məktəbin X sinif şagirdi Gülay Əsgərli isə “Azərbaycan Ordusu” şeirlərini səsləndirib.

Daha sonra şairlər, Fəxrəddin Meydanlı, Süleyman Abdulla, İntiqam Yaşar, Cavanşir Qənbər, Nizami Qərib, Gülnarə İsrafil, Gəray Göyyurd, Nəsibə İsrafilqızı, mərhum şair Dəmir Gədəbəylinin həyat yoldaşı Rüxsarə Novruzova, bəstəkar-müğənni Çilənay Hüseynova, qonaqlardan Əbülfəz Tağıyev və digərləri çıxış edərək Vahid Aslanı 50 illik yubileyi münasibətilə təbrik ediblər.


Baxış sayı - 554 | Yüklənmə tarixi: 30.09.2022 21:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031