Özbəkistanda Xətainin divanı aşkarlandı
Özbəkistan arxivində Şah İsmayıl Xətainin divanı aşkarlanıb.
MANERA.AZ xəbər verir ki, Azərbaycanlı gənc alim, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən aparılan araşdırmalarda Azərbaycan ədəbiyyatına dair xeyli əlyazma nüsxələri aşkarlanıb.
Qeyd olunan nəşrlərin arasında böyük Azərbaycan hökmdarı, dahi şair Şah İsmayıl Xətainin anadilli "Divan"ının Daşkənd nüsxəsi transfoneliterasiya edilərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəfis şəkildə nəşr edilib.
1535-ci ilə aid incə nəstəliq xətti ilə köçürülmüş Xətainin anadilli "Divan"ının bu əlyazma nüsxəsi təkcə sərkərdə-şairin əsərlərinin gözəlliyi və qədimliyi baxımından deyil, habelə Azərbaycan kitabının ən gözəl, unikal bir nümunəsi olması yönündən də çox dəyərli mənbədir.
Əlyazmanın xəttatı Azərbaycan xəttatlıq məktəbinin görkəmli nümayəndələrindən biri Şah Mahmud Nişaburidir. Əlyazmada Azərbaycan xəttatlığının, nəqqaşlığının, klassik kitabişləmə sənətinin gözəl və dəyərli elementləri öz əksini tapıb.
Xatırladaq ki, Şah İsmayıl Xətainin anadilli "Divan"ının onlarla əlyazma nüsxələri dünyanın bir çox muzey və kitabxanalarında qorunub saxlanılır. Bakı, Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Qahirə, Tehran, Təbriz, Ərdəbil və s. şəhərlərdə də Xətayi əsərlərinin 25-ə yaxın qədim əlyazma nüsxələri vardır.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində çap olunan "Şah İsmayıl Xətainin anadilli "Divan"ının Daşkənd nüsxəsi” adlı nəşrin Bakı və Daşkənddə geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.