manera.az
manera.az

Poeziyanın Qafar Süleyman havası - Ramiz Qusarçaylı yazır

Poeziyanın Qafar Süleyman havası - Ramiz Qusarçaylı yazır
Qafar Süleyman - 70

Poeziyadan söz düşəndə təkrarından qaçmadığım bir ifadəm var,- poeziya havadan yaranmır. Poeziya öz havasını yaradır. Öz havası olan poeziya əbədidir. Qafar Süleymanın poeziya havası kimi.

Qafar Süleyman öz poeziya havasını qədim Şabranda yaradıb, bu ədəbi havaya meşələrin, dağların, dərələrin, çəmənlərin, kövşənlərin havası qarışıb. Bu hava sonsuzluğa kimi uzanıb gedir,- istər payı-piyada, istərsə bədöy atın tərkində, istərsə də bir mələk qanadında.

Qafar Süleyman yarım əsrdir ki, ədəbiyyat deyilən məkanda ürəklə qərar tutub, ədəbi doğanaqları uğurla adlayıb, ədəbi qədəmləri uğurlu olub, baş alıb gedən bədii təsirlərdən məharətlə sıyrılıb, öz təsir dairəsini yaratmağa cəhd edib, mövzu seçimində və aktuallığında mahir ustalığa malik olub, bədii əzabkeşliyə sinə gərməyi bacarıb, poetik dünyasını halal nəsnələr üzərində qurub, ən başlıcası isə, sözlə dil tapa bilib, dilin də duruluğunu qorumağı bacarıb.

Qafar Süleymanın poeziyası səssiz-küysüz poeziyadır, lakin, bu səssizliyin, bu hissin içindən boylanan sözün təlatümü ləngəri oxucuya çox şey deyir.

Söz üstündə əsən şairin şeir dilinin rəvanlığı, bu rəvanlığın içindəki dadlı-duzlu tamı oxucunu sehrləyir.

Bu sehrin qədim söz eli olan Şabrandan qaynaqlanan mənbəyi ər-ərənlərin cəngində, dədə-babaların sazlı-sözlü dünyasında qərar tutub. Bu dünyada duyğulu gecələrin qərib və pərişan halı, yaşıl-yaşıl hörüklərini suya sallayan söyüdlərin titrəyiş lövhələri, ilbizli-qurbağalı səslərin ötdüyü yay axşamlarının özəl mənzərələri, üstü çevrəli suların içindən süzülüb axan ecazkar şölələri canlanır.

Qafar Süleymanın yaradıcılığı və Şabran ədəbi mühitindəki fəaliyyəti barədə ayrı-ayrı söz ustaları tərəfindən dəfələrlə yazılıb, uğurları təqdir olunub.Qafarın bir şair kimi yazıb ərsəyə gətirdiyi ədəbi nümunələr öz oxucu dəyərini qazana bilib və ədəbi aləmdə özünəməxsus yer tutub, eyni zamanda onun rəhbərlik etdiyi “Şabran” ədəbi məclisi də ədəbi gündəmə öz töhfələrini verib, əyalətdə yazıb-yaradan istedadların yazıları toplu və almanaxlarla respublika mətbuatına çıxarılıb. Qafar Süleymanın ədəbiyyatın əyalət mənzərəsinə bəxş etdiyi rənglər barədə ürəkdolusu danışmaq, yazmaq olar.

Qafar Süleymanın şeirlərinin içindən axan mənalı bir söz seli var. Bu selin poetik yatağı hər sahilində mükəmməl poetik mənzərələr yaradır. Bu mənzərələrin təsvirindəki bədiiliyin yüksək ustalıqla təzahürü, nağıllardan şirələnmiş uşaqlıq illərinin acılı-şirinli akkordları üstündə köklənmiş köklü-köməcli xatirələri, bu xatirlərin ağuşunda göynəyən ayaqyalın cığırların yaddaşına yazılan və dizin-dizin sürünən yavanlıq qayğıları misra-misra, bənd-bənd şeirləşir, yaddaşlara həkk olunur.

Çıxanda seyrinə gülün, çiçəyin,
O güllər içində gəz bənövşəni.
Amandır, insaf et, dəymə xətrinə,
Gözəl, min naz ilə üz bənövşəni.


Bu günlərdə Qafar 70 yaşı adladı və mən deyərdim ki, bir şairin müdriklik çağlarından boylanması maraqlı və sevindirici haldır. Müəllifin şeir kitabları, toplayıb dərc etdirdiyi deyimlər və rəvayətləri, ədəbi məclis üzvlərinin əsərlərindən ibarət almanaxları bu ömür yolunu əks etdirən zəngin bir tablo yaradır:

Təbiətin qonağıyam bu gün mən,
Dağ da, daş da şeirləşib gözümdə…

Gözlərində şeirləşən dağın, daşın poeziyasını yaradan şair ömrünün boş, hədər keçmədiyini, hələ qarlı-ayazlı günlərin qarşıda olduğunu etiraf edir:

Ömrüm keçmədi boş, hədər,
Sağım sevinc, solum kədər,
Bəsdi yaşadım bu qədər
Yaşamaq çox da xoş gəlir.


Qafar Süleyman hardasa bir şair kimi yerdə qonaq olduğunu, bir gün gəldiyi kimi çıxıb gedəcəyini bildirir:

Mən yerə qonaq gəlmişəm,
Bir gün çıxıb gedəsiyəm.


Şair ömrün yarpaq tökümünü təbii qarşılayır, payızdan qışa adlayan illərin üzünə gülümsəyə-gülümsəyə şeir oxuyur, gözəlliklərə mat qala-qala saf bulağın gözündən içir, sevgi məktubları yazmıram deyə-deyə sevgi məktubları yazır, bir sözlə yaşayıb yarada-yarada 70-dən 100-ə tərəf yol gedir.100-də görüşənədək, Qafar Süleyman!

Ramiz QusarçaylıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728