Zəhmət və istedaddan doğan sətirlər
Ziyafət Yəhya oğlu Əkbərovu (Ziyafət Yəhya) bizim Lənkəranda yaxşı tanıyırlar. Sadə həyat tərzi var. Peşəsi taksi sürücüsüdür. Ziyafət maşınına oturan sərnişinləri mənzil başına vaxtında və rahat çatdırır. Özünün dediyi kimi: ”Sürücü hər bir sərnişinin həyatına cavabdehdir”.
Sərnişinlərin əksəriyyəti yəqin ki, onun iç, poeziya dünyasından xəbərsizdir. Bəzən yol gedərkən qəlbindən doğan lirik misraları astadan zümzümə edir. Qəlbinin pıçıltıları onun şeir ruhunun kövrək səsidir.
Sübhəcən can verdi gözümdə yuxu,
Ürəyim bir qara sirr daşı oldu.
Bu sevgi dəfn oldu bəbəklərimdə,
Gözümün qarası başdaşı oldu.
Ona yol yoldaşı olan sərnişin maşının salonunda sanki həzin bir poeziya dünyasına düşür.
Ziyafət Əkbərov gənc yaşlarından yazır. Gözəl yazır. İç dünyasından pərvazlanan sətirləri bəm-bəyaz vərəqlərə hopdurur və oxucuya ünvanlandırır. Yazdığı şeirlərdə hər bir oxucunun özünü tapmasına çalışır.
Sənin nəfəsinlə doğuluram mən,
Tanrıya bu eşqin duası çatmır.
Sənsiz havam çatmır, boğuluram mən.
Sənsiz bu səhərin havası çatmır.
Ziyafəti dalğın düşüncəli, fikirli görmək onu tanıyanlar üçün adi bir haldır. Çünki o əsl yaradıcı sima, əsl şairdir və zəngin poeziya təcrübəsinə malikdir. Vətəndən, sevgidən, həyatdan, təbiətdən və s. mövzularda orjinal poeziya nümunələri yaradır. Bir vaxtlar Qarabağ ağrılarını da o, belə tərənnüm edirdi:
Ana torpaq, gəl dərdinə tən durum,
Başın üstə bulud olub hönkürüm.
Sınmadadır, daha dözmür qürurum,
Kirpiyimdən içimdəki “mən” düşür.
Və yaxud;
Ümidləri sığallayım mən necə?
Sınıb qolum, sınıb əlim, Xocalım.
Ağrılarla gəlib sənə hər gecə,
Qonaq olur xəyallarım, Xocalım.
İki kitab müəllifi olan Ziyafət misraları səlis məntiq üzərində bənd-bənd hörür və poeziya, şeiriyyət aləmində, daxili dünyamızda tərpəniş, bir oyanış yaradır. Onun poeziya ruhu çoxəhatəlidir. Zəif, məntiqsiz şeirlərlə oxucunu yormur. Özünəməxsus tapıntılardan istifadə edir və oxucu onun sənət dünyasına əhsən deyir.
Bəli, şeiriyyat daxili aləmin çırpınan harmoniyasıdır. Onun poeziya təxəyyülü bir dənizdir. Əruz vəznində yazdığı rəngarəng mövzulardakı qəzəlləri fəlsəfi düşüncələrdən qaynaqlanır:
Günümü qarə edən gözlərinin qarəsidir,
Gözünün qarəsi həm qarə günün çarəsidir.
Və yaxud,
Sinəm beytül-həzəndir ey könül, qəmxanə axtarma,
Sən ey viran olan könlüm, gedib viranə axtarma.
Ziyafət həm də təəssübkeş bir vətəndaş şairdir. O, dünyada haqqın, ədalətin bərqərar olmasını istəyir və şeirlərində də buna can atır:
Durub gəzdim bu dünyanı, ədalətdən soraq yoxdur,
Nahaqqa haqq olub dustaq, bəraətdən soraq yoxdur.
Bəli, Ziyafətin şeirləri oxucunun qəlbinə nüfuz edir, duyğulu insanlarda həyata baxış yenilənir. Poeziyanın gücü də onun yeniliyindədir. Poeziya tapıntılarını hər yazar kəşf edə bilmir.
Bu məqama çatmaq üçün zəngin istedad, yorulmaz istək və zəhmət olmalıdır. Bax, Ziyafət Yəhya bu yolun yolçusudur. Onun işıq dolu misraları poeziya kəşkəşanında yeni üfüqlərə yol açır.
Nə yaxşı ki, gözəl insan və bu günün istedadlı, mükəmməl şairlərindən biri olan Ziyafət Yəhya aramızdadır.
Sehran YƏDULLAOĞLU
publisist. Lənkəran.