Şabranda qalanan Xaqani ocağı - Novruz Nəcəfoğlu yazır
Xaqani Poeziya Evinin 9 illik yubileyidir.
İlk təbrik Xaqani Poeziya Evinin qurucusu, yazıçı Novruz Nəcəfoğludan gəlib;
Şabran Poeziya Evinin direktoru,
hörmətli Ay Bəniz Əliyara
Sevimli Ay Bəniz xanım,
Şabranın söz bayramı, Xaqani Poeziya günü münasibəti ilə sizləri, qədim şəhərin yaradıcı ədəbi mühitinin bütün üzvlərini təbrik edirəm.
Xatırlayırsınızmı? İllər öncə Şanran Ədəbi Məclisinin 3-cü on illiyini təntənə ilə qeyd etmişdik. İndi 5-ci 10 illiyimizi yaşayır və məclisin sıraları pozulmayıb.
Söz Sultanı Xaqaninin adını daşıyan Poeziya ocağının, o müqəddəs məbədgahın fəaliyyətə başlamasının da on illiyinə az qalıb.
Tarix Şabrana çox şey qazandırıb, aldıqları da az olmayıb.
İlkin orta əsrlərin inkişaf etmiş şəhəri, abad, memarlıq, sənət nümunələri ilə tarixin dərin qatlarında kök salan Şabran!
Gözü götürməyənlərin məkrinə tab gətirməyib viran qalan qədim Qala.
Ancaq yer-yurdun izi pozulmayıb, düzəni dağılsa da sərt rüzgarlara dözüb durub bu günümüzə qədər gəlib çatıb ucaqlıq rəmzi Çıraqqala kimi.
Xaqani də yenilməzlik rəmzidir. Sözün yenilməzliyi, iradənin qətiliyi, ədalətsizliyə hayqırtı, insan olmağın rəmzi.
Xaqani sözü, Xaqani dünyası, Xaqani məfkurəsi Şabrana yaraşırdı və Şabranda bir ocaq oldu.
Xaqani sorağı, Xaqani sevgisi ilə adı kitablara sığmayan nə qədər şairlər, yazıçılar, söz, sənət adamları Şabran torpağını ziyarətə gəldilər, gəlirlər və gələcəklər.
O ocaq Ulu öndərimizin, Ümummilli Liderimiz Heydər Əliyevin banisi olduğu Qurtuluş günündə qalandı. Böyük rəmzi mənası var, deyilmi?
Həmin ocaq, başda, sözümüzün ağsaqqalı Aydın Tağıyev olmaqla, Şabranlı yazarlar, Sizin baş təşkilatçılığınız və xaqanisayaq cəsarətinizlə aramla yanmaqda davam edir və daha da alovlanıb gur yanacaq.
Hamınızı təbrik edirəm, sözünüzə qüvvət, təfəkkürünüzə dərin məntiq, sevgi, həyat dolu günlər arzulayıram. Şabranda qalanan Xaqani ocağının heç zaman sozalmamasını diləyirəm
Dostunuz Novruz Nəcəfoğlu