manera.az
manera.az

Vasif Süleymanın qoşmaları - Vaqif Yusifli yazır...

Vasif Süleymanın qoşmaları - Vaqif Yusifli yazır...

Vaqif YUSİFLİ yazır...


Haçansa belə bir fikir formalaşmışdı ki, qoşma və həmçinin gəraylı şeir növlərinin "intibah dövrü" XVII - XIX əsrlərdir ki, bu əsrlərdə Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Pənah Vaqif, Vidadi, Zakir, Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Hüseyn Bozalqanlı kimi ustad şairlər qoşmanı populyar bir janra çevirmişlər. Doğru. Amma XX əsrdə qoşma özünün klassik ənənədən gələn ən yaşarı xüsusiyyətlərini saxlamaqla yanaşı, yeni keyfiyyətlərini də üzə çıxarmışdır.

"XX əsr Azərbaycan qoşması" xüsusunda tədqiqatlar aparılıb, amma bununla yanaşı, belə bir mövzu konseptual şəkildə elmi tədqiqat işi kimi öz həllini gözləyir. Çünki XX əsr və həmçinin iki onilliyini başa vurduğumuz XXI əsrdə qoşma çoxçalarlı məzmunu, poetexniki elementləri ilə o qədər zənginləşib ki, mövzunun ucu-bucağı görünmür (və eyni zamanda bu zənginliyə əks olan və ağzınadək çiy materialların toplaşdığı "qoşma anbarını" da unutmayaq).

Heç təfərrüata da varmıram, S.Vurğunun, S.Rüstəmin, N.Xəzrinin, B.Vahabzadənin, H.Arifin, M.Arazın, Ə.Kürçaylının, H.Kürdoğlunun, M.Günərin, M.İsmayılın, M.Aslanın, Z.Yaqubun, S.Sərxanlının, M.İlqarın, Akif Səmədin adlarını çəkmək kifayətdir ki, bu müəlliflərin hər biri dildən-ağızdan getməyən qoşmaları ilə şöhrət qazanmışlar.

Qoşmaların növlərinə gəlincə, "dodaqdəyməz", "qıfılbənd", "bağlama", "qoşaərpaq qoşma", qoşma-təcnis, gözəlləmə və s. formaları var. Bunların əksəriyyətinə aşıq poeziyasında rast gələ bilərsiniz. Xüsusilə Vaqif və Aşıq Ələsgərdə. Məzmununa gəldikdə isə aşiqanə gözəlləmələrdən tutmuş, ictimai-siyasi məzmunlu qoşmalara qədər rastlaşarsan.

Bu kiçik məlum şərhimizdən sonra qoşmanın bu dövrdə bir şairin - Vasif Süleymanın yaradıcılığında necə özəçilik qazandığına diqqət yetirək. Niyə məhz Vasif Süleymanı? Çünki Vasif Süleymanın şeir yaradıcılığının böyük bir hissəsi qoşma ilə bağlıdır. Və ən əsası isə Vasif Süleyman bu sahədə yaxşı nümunələr də yaradır. O, klassik qoşma yaradıcılığına və həm də XX əsr şairlərimizin yaratdıqları qoşma nümunələrinə yaxşı bələddir, qoşmanın formal, çərçivəli, texniki tərəflərinə də əməl edir, amma məzmun etibarilə öz qoşmalarında bu dövrün poetik təfəkkürünü ifadə etməyə çalışır. Vasif Süleyman qoşma janrında inqilab, təkamül yaradıb eləməyib, lakin onun qoşmaları bədii təfəkkürün yeniliyə, yeni söz deməyə meyil etdiyinin göstəricisi hesab oluna bilər.

Onun "Lalə" adlı qoşmasına müraciət edək. Laləyə aid onlarca qoşma var və bu çiçəyin müxtəlif variasiyalarda vəsfinin şahidiyik. Amma Vasif Süleyman yaralı, şaxtanın soldurduğu bir lalədən söz açır:

Səni vurdu, hansı qışın sazağı,
Niyə gəldin bu zəmiyə gec, lalə?
Tələs, adi gül olarsan, yaz ağzı,
Yığ köçünü, bu yerlərdən köç, lalə!

Kim öyrətdi dərilməmiş solmağı,
Gözəlliyə hörülməmiş solmağı.
Niyə gördüm, görünməmiş solmağı,
Demərəm ki, günahımdan keç, lalə!

Oda salmaq hər bəlanın işimi...
Lalə olmaq hər lalənin işimi...
Saxlayıram bir aləmin işini,
Götür məni bu yerlərdən uç, lalə.

Vasif Süleymanın güllərə, çiçəklərə aid belə şeirləri az deyil və hər birində bunca həzin, kövrək notlarla üzləşirik.

Azərbaycan qoşmalarının təxminən yüzdən səksəni sevgidəndir və Vasif Süleyman da dönə-dönə sevgidən yazır. Özü də ən çox onun sevgi şeirləri hicran motivinə köklənib. O qədər hicrandan, ayrılıqdan, sənsizlik sitəmindən yazıblar ki, fikirləşirsən: Vasif Süleyman nə yazacaq və necə yazacaq. Bu məqamda çox

Sevdiyim, mərhum deməyə dilim gəlmədiyi Məstan Günərin ən gözəl bir qoşmasını xatırlayıram:

Fələk, sənnən düz dolana bilmərəm,
Məni dönüb-dönüb yaralayıbsan.
Yurdumu böldüyün bəs deyildimi,
İndi də eşqimi paralayırsan?

Gennən durub bəh-bəh deyən çox idi,
Qaşlar qara, kirpikləri oxuydu.
Dünyamı darıydı, yermi yoxuydu
Dağları sinəmdə sıralayıbsan?


Müasir dövrümüzdə belə nadir sevgi şeirini çətinliklə tapmaq olar. Amma Vasif Süleymanın qoşmaları içində qoşmanın şəklini deyil, özünü yaradan nümunələr var.

Hər şey gözəliydi, nə varıydısa,
Köksümə vurduğu yaraya qədər.
Bu ömrün əzəldən bəllidi rəngi,
Qaradan başlayıb qaraya qədər.

Tanrım, bu sevgidir, rəhm eylə bir az,
Bir addım ataqmı, olmaz ki, olmaz...
Vermisən dərdini, dərmanını yaz,
Qalmarıq tapılan çarəyə qədər.


Vasif Süleyman gözəl təcnislərin də müəllifidir. Məlumdur ki, qoşmanın bu növündə aşıq poeziyası ənənələrinə sadiq qalır. Şeirin içində omonim sözlərdən məharətlə istifadə etmək, söz və kəlmə oyununu poetik yaraşığa çevirmək o qədər də asan deyil. Onun bir şux ovqatından yazılmış təcnisini misal gətirim ki, Vasifin aşıq poeziyasına necə bağlı olduğunu, amma bu bağlılıqda təqlid olmadığını görərsiniz:

O mənə atmışdı qar topasını,
Mən atdım, dəymədi qar qıza, vallah.
Əlimin içində qar od kimiydi,
Hələ görməmişdim qar qıza, vallah.

Kimində göz olur, məndə dil açdı,
Bu da bir oyunmuş, adı-dilacdı.
Ürəyim birinci sənə dil açdı,
Açmadı baxışı qar qıza, vallah.

Kimmiş buza oğlan, qara qız deyib,
Qar buxaq, qar sinə, qar ağız deyib,
Bilmirəm kim sənə qara qız deyib,
Vasif bənzədirdi qarqıza, vallah.


Təbii ki, mən Vasif Süleymanın qoşmalarının ancaq güllərə, çiçəklərə, kədərli duyğulara, həsrətə həsr olunduğu fikrində deyiləm. Onun Vətənlə, ömür-günlə, qızlarına ata sevgisi ilə bağlı şeirləri də var. İstedadlı bir şair üçün nədən yazmaq heç bir problem yaratmaz. Çox istərdim ki, Vasif Süleymanın qoşmaları bu günün, bu dövranın ab-havasını da yaşatsın. İşığı bol olsun o qoşmaların.

"Ədəbiyyat qəzeti"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930