manera.az
manera.az

Gənc şairin yeni kitabı çap olunub

📅 30.04.2022 17:21

Gənc şairin yeni kitabı çap olunub
Şair, jurnalist Vasif Əlihüseynin “Azmış kimi…”adlı şeirlər və esselər kitabı “Mücrü” nəşriyyatında çapdan çıxıb.

Bu haqda müəllif özü məlumat verib. V.Əlihüseyn kitabı 2015-ci ildə 49 yaşında xərçəngdən dünyasını dəyişən anası Şəlalə xanıma həsr etdiyini bildirib.

Kitabda Vətən, müharibə, sevgi və müxtəlif mövzulu şeirlər toplanıb. Kitabdan bir neçə şeirləri təqdim edirik:

ATAMIN AYAQLARI

Evimizin üstündən uçan vertolyotlar
müharibəni xatırladar,
ona görə əllərini
ağızlarına vura – vura qışqırar kənd uşaqları.

Əmim incik düşdüyü adamlarla
protez əli ilə görüşər.

Barmağını
müharibədə itirmiş atalardan
yarımçıq saymağı öyrənər uşaqları.

Atamın protez ayağı
ən sevimli oyuncağım olub-
nə olduğunu bilməyənə qədər.

O vaxtdan anamın səsi qalıb qulağımda:
- Ay oğul, atanın ayaqlarını gətir, işə getsin!

SƏNİN DUALARIN

Əsgər oğluyla
eyni saatda oyanar
kəndimizdə anam.

Cəbhədəki atışma səsləridi
ürəyindəki çırpıntılar.

Səngərlər insan boyunda qazılmış
alın yazısıdı,
kimi ölümə gedər,
kimi evinə.

Anaların namaz üstə olduğu
bir vaxtda
yayınar güllələr.

Sənin duaların
düşməni cavab atəşiylə
susdurmaqdı, ana!

TƏK QALMIŞ ADAMAM
Kİ...


Bu boyda ürəyə olmaz deyirəm,
deyirəm, bəlkə də, bir pasdan çıxa.
Sənin gedişinə yeyib – içirəm,
tək qalmış adamam
ki, yasdan çıxam.

Azalar gəliş də, gediş də belə,
hamı mənə deyər, axı o yoxdu.
Mən də unudaram səni, bilirsən,
bilirsən, torpağın üzü soyuqdu.

Daha bu daş ömrə söykənməz başım,
nə acıq verirsən, mənim nəyimə?
İndi bumbuz əlim torpaq götürər,
götürüb tullayar öz kürəyimə.

Səndən nə cürəsə mən qaçam gərək,
bu qara günümdən mən ağa düşəm.
Yelləncək asmışam ağac altında,
atıram özümü, uzağa düşəm.

SƏN ƏN BÖYÜK TƏSƏLLİMSƏN

Sən ən böyük təsəllimsən,
gəlmisən məni sevməyə.
Axı nə yaşın vardı
mənimlə dərd çəkməyə.

Bir qucaqlıqdı boyun,
saçın nə gözəl ətirdi.
Təkliyimdən gileyləndim,
Allahım səni gətirdi.

Belədi dünyanın işi,
hönkürüb ağlamaq olur.
Kimisə itirəndə
kimisə qucaqlamaq olur.


Baxış sayı - 642 | Yüklənmə tarixi: 30.04.2022 17:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031