Yazıçılar Birliyində dramaturgiya müzakirəsi

Azərbaycan Yazıçılar Birliyində (AYB) ölkədə son beş illik dramaturgiya yaradıcılığını əhatə edən qurultay öncəsi məruzə dinlənilib.
MANERA.AZ xəbər verir ki, məruzə ilə dramaturq Firuz Mustafa çıxış edib.
AYB katibi Elçin Hüseynbəyli tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, qurultayöncəsi məruzələrin əhəmiyyətini və onların müzakirəsinin vacibliyini bir daha vurğulayıb.
F.Mustafanın məruzəsinin məzmununu ötən beş ildə Azərbaycan ədəbiyyatının dramaturgiya sahəsində fəallıq göstərən nümayəndələrinin yaradıcılığı, onların əsərləri haqqında məlumat və mülahizələr təşkil edib.
Məruzə ilə bağlı ilk çıxış edən Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib ki, məruzəçinin müəyyən tendensiyalarla bağlı qüsurları və öz baxış bucağını da ortaya qoyması diqqətəlayiq cəhətdir. R.Məcid məruzənin istiqaməti barədə fikir bildirərkən vurğulayıb ki, müasir ədəbi mühitdə, xüsusən gənc nəsil arasında dramaturgiyaya maraq zəifdir: "Görünür, bir neçə janrın vəhdəti olduğundan, dramaturgiya gənclərə bir qədər ağır sahə kimi gəlir. Vaxtilə mən də, Firuz Mustafa ilə birlikdə, gənc dramaturqlarla bir neçə dəfə əhatəli görüş keçirmək istəmişdim, ancaq həmin görüşlərdə cəmi 3-5 nəfər iştirak edirdi. Reallıq budur ki, gənclərin dramaturgiya sahəsinə marağı qənaətbəxş deyil. Bu mövzuda, məncə, ilk növbədə təcrübəli dramaturqlarımız Firuz Mustafa və Əli Əmirli müəyyən işlər görməli, gənclərdə bu sahəyə həvəs yaratmalıdırlar".
R.Məcidin önə çəkdiyi bu problemlə bağlı öz münasibətini açılayan Ə.Əmirli deyib: "Həqiqətən, son dövrdə gənclər qocalardan daha çox deyinirlər. Deyirlər ki, qocalar deyingən olur. Amma indi daha çox deyinən gənclərdir və ortada da heç nə yoxdur. Deyək ki, lap sənin əsərini teatr tamaşaya qoymur. Amma saytlar, jurnallar ki dərc edir. Azərbaycanda səni bəyənmirlərsə, başqa ölkələrin teatrlarına müraciət et. Əsas odur ki, ortada bir əsər olsun. Əsər yoxdursa, gileylənməyin də mənası yoxdur".
Dramaturgiyanı ədəbiyyatın ən çətin janrı adlandıran Vaqif Yusifli məruzə üçün F.Mustafaya təşəkkürünü bildirib: "Belə geniş bir məruzəni bu cür dəqiqliklə işləmək heç də asan iş deyil. Ümumiyyətlə, dramaturgiya ədəbiyyatın ən çətin janrıdır. Əksər pyesləri oxumuşam və dramaturgiyaya münasibətdə ədəbi tənqid məsələsinə diqqət yetirdim. Məsələn, XX əsrdə bu xətt daha çox inkişaf etmişdi. Hüseyn Cavidlə, Cəfər Cabbarlı ilə bağlı çox müzakirələr baş tuturdu. Amma hazırkı dövrdə dramaturgiya tənqidi ilə məşğul olan çox az tənqidçinin adını çəkmək olar".
AYB sədri Anar tədbiri yekunlaşdırarkən deyib: "Həm məruzə, həm də məruzə ətrafında çıxışlar dolğun idi. Ümumiyyətlə, bu məruzələr ona görədir ki, çap edildikdən sonra həmin məruzələrlə bağlı geniş müzakirələr də baş tutsun. Yazıçılar Birliyi olaraq, qarşıdakı qurultayda ədəbiyyatla bağlı tam hazır çıxış etməliyik. Dramaturgiyanın inkişafı sahəsində bundan sonra daha çox addım atılmalı, hər kəs öz üstünə düşəni artıqlaması ilə etməlidir".