Hərə bir xatirəyə neçə dəfə bağlanır? - Yeni şeirlər

MANERA.AZ El Romanın yeni şeirlərini təqdim edir:
Balıqların qulağı
Biz səninlə bu dünyanın qonağı.
Biz səninlə eyni bezin qırağı.
Biz səninlə tutduğumuz balıqlar,
Biz səninlə balıqların qulağı.
Əllərimiz dolu gələk həyətə,
Gözlərimiz nəfsimizə qıymasın.
Bir də, möhkəm tapşırarsan, uşaqlar
Tutduğumuz balıqları saymasın.
Uşaqları göndərərik məktəbə,
Böyüdərik, dözüm ilə, səbr ilə.
Kök altından say çıxarar uşaqlar,
Yük altından sağ çıxarıq, səbr elə...
Gözlərinin suyu ilə yuyasan,
Paltarları sulu-sulu sərəsən.
Durduq yerə dərd üstünə dərd gələ-
Gecə boyu düşünəsən.
Görəsən,
Düşünəsən, gecə yağış kəsdimi?
İki ürək bir ömürə bəs edər,
Düşünəsən,
İki çörək dörd nəfərə bəsdimi?
Köhnə evin toxumunu götürüb
Basdırarıq ən qaranlıq kölgədə.
Gözləyərik, ömür bizim, gün bizim,
Təzə bir ev cücərəcək bəlkə də...
Deyinəsən, bu qaş, bu göz qocalır,
İlahi, bu şair nə tez qocalır!
Sən bilirdin, səndən də tez qocalır
Kasıb olan ölkələrin evləri.
Mən bilirdim, bu sevgiyə əsirsən,
Mən bilirdim, hər ağrını kəsirsən.
Mən bilirdim, qoca çinar kəsilsə,
Yıxılacaq kölgələrin evləri...
Biz səninlə bu dünyanın qonağı.
Biz səninlə eyni bezin qırağı.
Gün gələcək, qayıdarıq o evə
Bir əlimdə tutduğumuz balıqlar,
Bir əlimdə balıqların qulağı...
Duz
Yaxşı yadımdadı,
O gün anam yenə xəmir yoğurdu,
O gün atam evə duz aldı, gəldi.
Boyum da çəkimə yaxşı düşürdü.
O vaxt şəkildə də yaxşı düşürdüm.
Necə maraqlıdı, özümdən başqa
Bütün uşaqları yetim bilirdim.
Qırışlı xəmiri düz edir deyə
Anamın əlini ütü bilirdim.
Sonra nə oldusa, ara qarışdı,
Sonra birdən-birə ütü qırışdı...
Sonra birdən-birə anam qocaldı,
Bir dəfə o qədər işləmişdi ki,
Bir dəfə o qədər yorulmuşdu ki,
Həmin gün gecəni yatdı, durmadı.
Həmin gün ulduz da tez sönəcəkdi,
Həmin gün günəş də tez batacaqdı.
İlk dəfə anamdan tez oyanırdım,
İlk dəfə anamdan tez yatacaqdım.
Həmin gün süfrəyə duz da dağıldı.
Günəş gizlənəndə, yaxşı bilirdim,
Ay da ulduzları tək sığallayır.
Analar adamı bərk qucaqlayır,
Atalar adamı bərk sığallayır.
Yaxşı yadımdadı,
Bir gün anam yenə xəmir yoğurdu,
Bir gün atam evə duz aldı, gəldi.
Həmin gün süfrəyə duz da dağıldı,
Həmin gün dağıldıq, biz də dağıldıq...
Adam bilmir
Zaman daha insafsızdı,
Zaman ölüm-itim bilmir.
Evinizi, qapınızı
Küçənizin iti bilmir.
Hardan bilsin yetim,
bilmir.
Göyün yeddi qatı var?
Var!
Göyləri məskən bilirsən.
Ölümün saatı var?
Var!
Mən bilirəm, sən bilirsən,
Əzrayıl saatı bilmir.
Daha mən də qocalmışam.
Daha atam da qocalıb,
Siqareti ata bilmir.
Daha anam da qocalıb
Corabımın tayı itir,
Ha axtarır, tapa bilmir.
Səndən sonra təkliyimi,
Mənim nələr çəkdiyimi
Sən bilirsən, Allah, bilir, anam bilir,
atam bilmir...
Külək əsir həzin-həzin,
Qulağımda sənin səsin.
Neyləsin, qızım, neyləsin,
Adam bilmir, adam bilmir...
Hara tələsirsən?
Hara tələsirsən e, bu yer, bu göy sənindi,
istəyirsən, yerdə uç,
istəyirsən, göydə qaç.
Mənə qulaq asmadın, sənə demişdim axı,
səni daşıya bilməz
budağında bu ağac!
Hərə bir xatirəyə neçə dəfə bağlanır?
hərə bir xatirəni
neçə dəfə dağıdır?
Barmağımı isladıb havaya qaldırıram,
görüm, külək saçını
ha tərəfə dağıdır?
Hara tələsirsən e, ölərsən də, nə olub?
hələ yağış yağacaq,
hələ külək əsəcək.
Hələ sənin canına donuzlar and içəcək,
hələ sənin yanına
ilbizlər tələsəcək.
Nə biləydik, yoxluğun özünü yerə atıb,
varlığın da göylərə
yerləşəcək nə vaxtsa.
Kitablarda min ildir məhbus olan tanrılar
səni yaratmaq üçün
birləşəcək nə vaxtsa.
Birinci gözünü yum, sonra xəfif gülümsə,
sonra da bir... iki... üç,
qollarını göyə aç.
Mənə qulaq asmadın, sənə demişdim axı,
səni daşıya bilməz
budağında bu ağac!
Quyu
Dərin bir quyu vardı.
su içmək istəyəndə
atam ora düşmüşdü.
O gündən sonra hər gün
quyuya su tökməyə
özümə söz vermişdim.
Sonra başqa atalar
"Quyuya su tökməklə quyu dolmaz" dedilər.
Bir tökdüm, iki tökdüm,
üçüncüdə qonşular tökmək olmaz dedilər.
İki günün içində bir pişik balası da
düşdü, quyuya düşdü.
Onun da su içəndə ayaqları sürüşdü.
Həmin o gün atamdan onu qaytarsın deyə
xahiş də eləmişdim.
Atam qaytarmayanda o pişiyin adından
qarğış da eləmişdim.
Kimisə köməyimə
çağıra bilməmişdim.
Bir gün dəli qonşumuz quyuya daş atmışdı,
qırx ağıllı yığışıb
çıxara bilməmişdik.
Amma dostum, kim bilir,
Bəlkə hələ də sağdı,
bəlkə öz gözləriylə
cənnəti görüb orda?
Bəlkə pişik balası
doqquz canından birin
atama verib orda?
Bir gün dəli qonşumuz
quyuya daş atmışdı.
O daş başına düşdü
pişiyin, ya atamın?
O gün bərk tapşırmışdım
bu quyuya atamı.
O gün quyu apardı
quyu kimi adamı.
El Roman
ADU Yazarlar klubunun sədri