manera.az
manera.az

Heç olmasa bu payızda xatırla - Ruzbeh Məmmədin şeirləri

Heç olmasa bu payızda xatırla - Ruzbeh Məmmədin şeirləri
Manera.az Ruzbeh Məmmədin şeirlərini təqdim edir:

***
Axşam olur, günəş batır şəhərdə;
At oynadır küçədəki qaranlıq.
Pəncərədən şəkil düşür otağa,
Darıxıram evdə ikiadamlıq...

Qonşu arvad səs eləyir ərinə,
Diksinirəm, ayılıram bu səsə,
İndi məni qorxudur elə hər şey;
İndi məni üzür, qızım, hər nəsə...

Qarşıdan da payız gəlir, üstəlik
Doğum günüm, ölüm günüm yaxındı.
Sən gedəli əlim yatmır heç nəyə,
Heç kim ilə edəmmirəm yaxınlıq...

Onda sən də balacaydın, uşaqdın,
İndi necə, böyüdümü əllərin?
İndi necə, böyüdümü əlcəyin?

Yəqin, indi məktub yaza bilirsən,
Yəqin, indi cümlələrin oxunur,
Allah haqqı dediyin o sözlər heç,
Demədiyin sözlər mənə toxunur...

Heç olmasa bu payızda xatırla,
Heç olmasa bir payızlıq xatırla.
Hər şey, hər şey qoyduğundan betərdi;
Sən gedəli, ölüm kimi həyatdı
Sən gedəli,
Sən gedəli darıxmalı həyatdı...

dualara inanmaq
(sənə bağlılığın surəsi…)


I

üç dəfə Allaha dua etdim:
azan səsinə görə,
rəsulallaha görə,
bir də ən axırıncı adamı bağışladığına görə...

II

üç dəfə Allaha dua etdim:
dedim ki, İlahi, göyərçin qanadlarına,
payızdan qopan yarpaqlara,
balaca qızcığazın göz yaşlarına bağışla bu yer kürəsini

III

üç dəfə Allaha dua etdim:
dedim ki, İlahi, heç vaxt gözlərimizi uzaqlara,
heç vaxt əllərimizi uşaqlara,
heç vaxt nəfsimizi insanlara möhtac eləmə

sonra ağladım...

IV

bir gün minarədən gələn azan səsinə
qoşuldum,
əllərimi qaldırıb dedim; məni yoxdan yaratmısan,
məni yoxdan yox elə...

V

anamın mübarək əllərinə görə
sənə həmişə diz çökəcəm, Rəbbim
anamın əllərindən gözəl hədiyyə ola bilməzdi mənə

VI

gecədən keçmişdi mən ayılıb pəncərədən baxanda:
qaranlıq gecəyə, ağappaq göyə baxıb utandım,
mən heç nə yarada bilmərəm, Rəbbim
hər şeyin gözəli sənə məxsusdu

VII

bir qoca kişi
gözlərinə eynəyi keçirib ağlayırdı,
deyirdi ki, məni bundan da balaca uşaq eləmədən öldür, İlahi...


***
Azan səsində dincəl,
günahlardan düş, yuyun,
gəl səssizcə oturaq
və darıxaq qol-boyun

dəyişirəm içimdən;
hisslər pinti, həm kobud
bir baxışlıq gəl, qayıt,
gəl, xatirələri ovut...

məndən uzaq olanım,
nə qalıb bağlılıqdan?
yolüstü gətir mənə
bir az uzaqlığından…

özümüzə bir küçə,
bir də seçək qaranlıq
harda olsa, yer elə
yanında bir adamlıq...

daha gecsə, eybi yox,
təki üzün ağ olsun
nə fərqi var, yaxşı, pis
adı yaşamaq olsun…

səssiz bir gecə olsun,
səssiz bir küçə olsun,
bu gün sən gəl, sabah mən,
hesab heç-heçə olsun...

dəli bir gecə olsun,
lap belə ayrılmasaq,
sonu bəs necə olsun?

***

yağış – göy üzünün kədərlənməsidi,
qadın – kişinin son sığınacağı yerdi,
uşaq – iki insanın məcburi taleyidi…

sevgi – adamın aldanışıdı,
aldanış – adamın təsəllisidi,
təsəlli – insanın ümidi...

göz yaşından təmiz,
qadın əllərindən məsum,
küçələrdən müqəddəs,
ölümdən gerçək heç nə yoxdur,
bir də mən heç kimə çatmadım…

kafkavari

Bir qolumu söykəyib pəncərədən baxıram…
Sənsiz saat üçdümü, ya beşdimi, Milena?
Çirkli bir masaüstü, köhnə tablo, radio...
Belə yaşamaq de, bir işdimi, Milena?

Qəfil ayılıb gecə baxdım, baxdım yoxmusan,
Gördüm, sən də dumantək çəkilmisən, Milena.
İşğaldan azad olan, vətən kimi dogmas an,
Əbədi ömür boyu şəkilmisən, Milena.

Tanrı müqəssir deyil, heç nə müqəddəs deyil,
Nə mən dünyada təkəm, nə sən budda, Milena.
Heç nə istəmirəm ki, sənin zalım əlindən,
Bir axşamlıq unutma, saxla yadda, Milena

Eyni eralardayıq, itkinik, bir az yoxuq,
Təqvimlərdə bir kişi unudulub, Milena.
Nə yaxşı rəhmin gəlib, məni qoyub gedəndə,
Saçından düşüb yerə bir tük qalıb, Milena.

Sərsərilik həyatda, hardasa ömür boyu,
Məktub gözləmək ki var, it zülmüdür, Milena…

noyabr axşamında sevgi etüdləri

bilirəm getməli deyildik, bilirəm
bir-birimizdə bunca xatirələrimiz varkən...
bilirəm, susmalı deyildik, bilirəm
danışılası o qədər söz varkən...
bilirəm, getməli deyildik, bilirəm
bir-birimizə çatacaq qollarımız varkən...

hopduğun yerlərinə sadiq qalmadın
onsuz da qadınlar belə gedir,
onsuz da bilirdim, yetim qoyacaqdın qollarımı,
mən anamdan bilirəm, o da ağrıyanda dözülməz qadın olur;
mən anamdan bilirəm qadınları

niyə belə oldu axı, qoyardın çatardım sənə, sonra bütünlüklə gedərdin
niyə belə oldu axı, nə tez getdin
heç qoymadın ötürüm səni
qayıdım ayaq izlərindən ünvanıma
niyə belə getdin axı?
niyə qoymadın son dəfəsində deyim ki,
sənsiz qoyduğun bədənimin yerlərində bir it ulayacaq...
niyə qoymadın qucaqlayım səni?
deyim ki, məni səndən sonra hamı tərk edəcək...

burda payız, noyabr, burda isinmir otaqlar,
əzab verir olmamağın, hücum çəkir üstümə.
ürəyimdən də keçmir nəyisə əzizləmək...
burda şəkil də tərk edir görürsən ki, adamı...
nə pis imiş, nə pis imiş gələn günü gözləmək...

sənə yazmaq istəyirəm, uzaqlardan, uzaqlardan
ki, hardasan, necə keçir məndən sonra vaxt, zaman
qollarının harasıyla darıxırsan,
axşam kölgə düşəndə
səni yenə incidirmi, dırnağına saçların ilişəndə...

quşlar gələr qonar sizin evinizin üstünə,
saçlarına yağış dəyər, dodağına göz yaşı...

ey könlümün darıxanı, ey könlümün gözəli,
pəncərəni açıq tutma, ürəyinə şərf dola
ey könlümün yaraşığı, ey könlümün sonası,
payız, qışa ümid yoxdu, bir də gördün qripsən,
payız, qışa ümid etmə, qadınlardan betərdi
darıxdırdı, üşütdüsə, sonrasını bilirsən...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930