manera.az
manera.az

Abbas Mirzə Şərifzadənin vəfatından 77-il ötür - MANERA.AZ

📅 16.11.2015 11:55

Abbas Mirzə Şərifzadənin vəfatından 77-il ötür  - MANERA.AZ
manera.azBu gün Azərbaycan Teatrının görkəmli aktyoru və rejissoru Azərbaycan SSR Xalq Artisti repressiya qurbanı olmuş Abbas Mirzə Şərifzadənin vəfatından 77-il ötür.

Qeyd edək ki Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Abbas Mirzə Şərifzadə ilk dəfə 1908-ci ildə Molyerin "Zorən Təbib" əsərində epizodik rolda oynayıb (o lal qız rolunu oynayıb). Düz iki ildən sonra – 1910-cu ildə "Maarif" cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi.

İlk uğuru Abbas Mirzədə arxayınçılıq yaratmır. Sənət axtarışlarını davam etdirən akytor bir neçə il ərzində Azərbaycanın sayılıb-seçilən səhnə ustaları sırasında özünəməxsus yer tutur.

Abbas Mirzə Şərifzadə sənətinin ecazkarlığına, qüdrətinə heyran kəsilərək, neçə-neçə teatr xadimi onun haqqında fikirlərini bölüşüblər.

Bu fikirlərin ən dəqiqi, ən dolğunu böyük dramaturqumuz Cəfər Cabbarlıya məxsusdur. "Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir.

Zatən məktəb sənətkar yetişdirmir. O, sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır". Bu istedadın sayəsində onun yaratdığı zəngin rol qalereyasında – Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz, Hamlet, İblis – ən üstün xüsusiyyət təbiilik və müxtəlifilik olub. Abbas roldan rola nəinki dəyişib, o, səhnədə büsbütün özünü də unudub. Heç bir zaman səhnədə özünün – Abbas Mirzə Şərifzadə ömrünün sahibi olmayıb. Abbas Mirzənin yaradıcılıq yolu yarıda qırılsa da, maraqlıdır ki, tale ona bir çox məqamda sürprizlər də bəxş edib. Onun yaradıcılığına nəzər salarkən, diqqət çəkən bir məqamın üzərində dayanmaya bilmirsən. Azərbaycan teatrı səhnəsində ilk dəfəHamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanovun səhnələşdirdiyi bu tamaşa1926-cı ildə Dram Teatrı səhnəsində qoyulub.

Şərifzadə İblis (dram)ında İblis rolunda
Və onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib. Təəssüf ki, o tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da, böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə "Şeyx Sənan", "Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd Şah Qacar", "Qaçaq Kərəm" əsərlərini səhnələşdirib, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" operalarının quruluşçu rejissoru olub.

Hacı Qara (film, 1929) filmindən kadr. Rejissor Abbas Mirzə Şərifzadədir.
Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır. "Bismillah", "Hacı Qara", "Gilan Qızı", "Məhəbbət Oyunu" filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.

Bütün bunlar 1937-ci ilə qədər baş verib. Bu ildən etibarənsə, Abbas Mirzə Şərifzadənin ömür yoluna nəzər salmaq üçün yalnız 6453 saylı istintaq işinə baxmaq olar. 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!". Ancaq Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə yetirilir.

Allah rəhmət eləsin ruhu şad olsun!

Turan Etibaroğlu
Manera.az



Baxış sayı - 2 423 | Yüklənmə tarixi: 16.11.2015 11:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031