manera.az
manera.az

Sənə yazacaqlarım varaqlar üçün deyil - Yeni şeirlər

Sənə yazacaqlarım varaqlar üçün deyil - Yeni şeirlər
Ruslan Dostəlinin yeni şeirləri

***
orucumu pozaram, and içərəm doyunca,
səni inandıraram bu eşqə yol boyunca.
deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,
olsun, bilməlisən ki, uşaqlar üçün deyil.

barmaqlarını gətir, bir, iki, üç, dörd... sayım,
adını əzbərləyim, gündüzlər sayıqlayım.
yaxın dur, dodağına bir kəlmə pıçıldayım,
mənim deyəcəyim söz qulaqlar üçün deyil.

tərpənməyə qorxuram, bu eşq ki var canımda,
bircə addım ataram, boğularam qanımda.
bu əlləri bəs niyə saxlamışam yanımda?
ay qız, sənin saçların daraqlar üçün deyil.

mən tanrıdan nə bir din, nə ayə istəyirəm,
nə azan oxumaqçün minarə istəyirəm.
göy üzünü bir günlük kirayə istəyirəm,
sənə yazacaqlarım varaqlar üçün deyil.


***
ilahi, bizlərə təbəssüm eylə,
bizim də günümüz qoy bugün olsun:
yumum gözlərimi, gedənlər gəlsin,
nolar, aramızda bir oyun olsun.

bir sevinc doğulsun, süd dişi çıxsın,
nə giley eləsin, nə işi çıxsın:
bir gün ortalığa bir kişi çıxsın,
bütün qadınlara gül boyun olsun...

qalmasın bir küncdə bircə nəfər tək,
hər tərəf kişilər, qadınlar, çiçək...
tanrı, bu dünyanın şəklini dur çək,
adamlar bir dəfə qol-boyun olsun...


***
Qədir bu günü görmədi,
torpağın da qulağı var - deyirlər,
Qədir kirimişcə qulaq asır:
Qədirin Səsi Ağdamı bağrına basır...

Qapısı, pəncərəsi açıldı
Ağdamın.
Nəfəsi açıldı Qədirin,
O da belə adamıydı.
Qədirin Səsi Ağdamıydı, -
Səsi açıldı Qədirin...

Xoş xəbər elə tez gəldi,
zəng kimi.
Qədirin Səsi açıldı
Tüfəng kimi...

Ağdamnan eyni günnüsən,
Hər ikinizin yaşına yığışmışıq.
İnan Allaha,
Xəbəri eşidənnən
Səsiyin başına yığışmışıq...

Qulağımdan getmir Səsin.
İstəyirəm bu toy
Sən aparan toydan olsun.

Gözlərinə quzu kəsim...
Torpaq aydınlığı verirəm Sənə,
Torpağın aydın olsun!
20.11.2020Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31