manera.az
manera.az

Gilənar çiçəkləri və fleyta - Yapon yazıçısının hekayəsi

Gilənar çiçəkləri və fleyta - Yapon yazıçısının hekayəsi
Dadzay Osamu

Hər il gilənar ağacı çiçəkləri­ni töküb yarpaqlayanda bu ha­disəni xatırlayıram – qarı söhbətə başlayır. Otuz beş il əvvəl, atam hələ sağ idi.

Atam, mən və kiçik bacım birlikdə yaşayırdıq. Anam yeddi il qabaq, on üç yaşım yenicə ta­mam olanda ölmüşdü. Mənim on səkkiz, bacımın on altı yaşı olanda atamı dənizin sahilindəki Sirosita şəhər məktəbinə direktor təyin elə­dilər. Ailəmiz ora köçdü. Münasib bir ev tapa bilmədik və məbədin arxasında, dağın ətəyindəki tənha binada iki otaq kirayələdik. Orada altı il yaşadıq, son­ra atamı Masueyə göndərdilər. Masuedə iyirmi beş yaşımın tama­mında ailə qurdum. O zamanlar üçün bu, gecikmiş nikah sayılırdı.

Mən gənc yaşımda anasız qalmış­dım. Özünü bütünlüklə işinə həsr eləmiş atam məişət məsələlərin­dən uzaq idi və mən olmasaydım, bəlkə də ailəmiz dağılardı. Bunu çox yaxşı başa düşdüyümdən, bü­tün evlilik təkliflərinə rədd cavabı verirdim. Heç olmasa, bacım sağ­lam olsaydı... Amma, təəssüf ki, mənə qəti bənzəməyən bu gözəl, ağıllı, uzunsaçlı qız həmişə xəstə olurdu. Sirositaya köçəndən iki il sonra o da öldü. Onda mənim iyirmi, onun on səkkiz yaşı vardı. İndi mən həmin dövrdən danışmaq istəyirəm.

Bacım çoxdan idi ki, ağır xəstəydi. Yaman pis xəstəlik tapmışdı­lar onda – böyrək vərəmi. Həm də xəstəliyi gec aşkar eləmişdilər, hər iki böyrək sıradan çıxmışdı. Hə­kim atama onun yüz gündən artıq yaşamayacağını demişdi. Daha heç nə ona kömək edə bilməzdi. Bir ay keçdi, sonra ikinci ay keçdi, ona qoyulan vaxt sona çatmaq üzrəydi. susub gözləməkdən başqa əlimizdən heç nə gəlmir­di.

Bacımın heç nədən xəbəri yox idi. Son günlər yataqdan qalxa bilməsə də, kefi yaxşı idi, mahnılar oxuyur, zarafat eləyirdi. Mən isə qırxca gündən sonra hər şeyin bitəcəyini düşün­dükcə qəhərdən boğulurdum, fikirləşirdim ki, bu itkiyə dözə bilməyəcəm. Mart da keçdi, aprel də: may ayı gəldi. Hər şey əvvəlki kimiydi. May ayının bir günü heç vaxt yadımdan çıxmır.

Çöl-çəmən yenicə çiçəkləmişdi, elə istilər düşmüşdü ki, az qalır­dın, çılpaq soyunasan. Göy otlar par-par yanır, gözəlliyi ilə göz oxşayır­dı. Əllərimi belimdə çarpazlayıb, fikirli-fikirli bu ya­şıllığın arasıyla dolaşırdım. O qədər qəmliydim ki, bəzən nəfəsim daralır, ürəyim sıxılırdı.

Qəfil yerin altından, sanki cəhənnəmdən gələn gurultu səsi eşidildi. Səs uzaqdan gəlirdi, elə bil cəhənnəm təbili çalırdı­lar. Nə baş verdiyini anlamadım, elə bildim, başıma hava gəlir, qorxdum, yerimdə donub qaldım, sonra yerə sərilib hönkürtü ilə ağladım. Sonra­dan öyrəndim ki, məni belə dəhşətli dərəcədə qorxudan Yaponiya hərbi dəniz donanmasının gəmilərdən at­dığı topların səsiymiş. Baş komandanın bir zərbə ilə Rusiyanın Sakit okeandakı donanmasını məhv etmək əmrini həyata keçirmək üçün başlanan hərbi əməliyyatların ən qız­ğın çağıydı. Hə, məhz həmin vaxtıydı. Yaponiya hərbi dəniz donanması­nın qələbəsi bu il də qeyd olunacaqdı. Top gurultusunun səsi Sirosita sahil şəhərciyinə çoxdan gəlib çatmışdı və əhalini təşvişə salmışdı. Amma mən heç nəyin fərqində deyildim, pəri­şan halda bacımın xəstəliyini düşü­nürdüm. Bu partlayış səsləri mənə, yaxınlaşmaqda olan bədbəxtlikdən xəbər verir, cəhənnəm davulunun gurultusunu xatırladırdı. Xeyli ağladım. Günəş batanda ürəyimdə qəribə yüngül­lük hissiylə evə qayıtdım.

– Bacı! – məni çağırdı.

– Zavallı qız tamam arıqlamış, taqətdən düşmüşdü. Deyəsən, sayılı günlərinin qaldığını özü də ba­şa düşürdü. Hər halda, daha mənim­lə əvvəlki kimi zarafatlaşmır, özünə qarşı diqqət tələb eləmirdi. Bu, məni daha da mütəəssir eləyirdi.

– Bu məktub nə vaxt gəlib?

Elə bil ürəyimə bıçaq vurdular, rəngim qaçdı.

– Nə vaxt gəlib? – məndəki çaşqınlığa əhəmiyyət verməyib, bir də soruşdu.

Özümü zorla ələ alıb dedim:

– Bir az əvvəl, sən yatanda. Yu­xuda gülümsəyirdin, mən də mək­tubu yavaşca yastığının yanına qoydum. Heç nə hiss eləmədin?

– Yox, – bacım gülümsədi. Onun gözəl, ağ dişləri otağın alaqaranlı­ğında parıldadı.

– Oxudum! Qəri­bədi, tanımadığım bir adam yazıb.

Necə yəni tanımadığı adam? Onu necə tanımaya bilərdi? Mən məktubu yazan adamı tanıyırdım. Adının baş hərfləri M.T. idi. Onu çox yaxşı tanı­yırdım. Yox, yox, heç vaxt görmə­mişdim, amma bir neçə gün əvvəl bacımın dolabında, siyirmənin kün­cündə yaşıl lentlə sarılı bir topa məktub tapmışdım. Əlbəttə, baş­qasının məktubunu oxumaq yaxşı deyil, amma yenə də özümü saxla­ya bilmədim və məktubları açdım. Otuza yaxın məktub vardı. Hamı­sının da sonunda M.T. hərfləri yazıl­mışdı.

Zərfin üstündə məktubu göndə­rənin adının yerində müxtəlif qa­dın adları yazılmışdı. Bu, bacımın rəfiqələrinin adları idi. Buna görə də nə atam, nə də mən onun uzun zaman kişiylə məktublaşdığı­nı ağlımıza da gətirməmişdik. Bu M.T. çox tədbirli adammış. Çox güman ki, bacımdan rəfiqə­lərinin adlarını öyrənib və ona gön­dərdiyi məktublara növbə ilə o qızların adlarını yazıb. Bu gəncin cürəti məni heyrətləndirdi və qor­xudan ətim ürpəşdi. Birdən atam xəbər tutsa? Sonra məktubların tarixlərinə görə ardıcıllıqla dü­züb oxumağa başladım. Qəribə bir xiffət hissi ruhumu bürüdü. Bu sevgidəki uşaq sadəlövhlüyü­nə səssizcə gülürdüm, mənə elə gəldi ki, qarşımda qəfildən yeni dünya açılıb. Unutmayın, o za­manlar mənim iyirmi yaşım ye­nicə tamam olmuşdu və heç kimə danışmağa ürək eləmədiyim sir­lərim vardı. Məktubları birnəfəsə oxudum. Onlar mənə dupduru bulağı xatırlatdı. Son məktub ötən ilin payızında yazılmışdı. Elə təsirləndim ki, nəfəsim tıncıx­dı, dizlərim tutuldu. Belə məlum olurdu ki, gənclərin bu hissləri ilahi sevgidən ayrılıb adiləşmişdi. Məktubları yandır­dım. Bu M.T., görünür, Sirositadan olan biçarə şairdi və bacımın xəstəliyini eşidən kimi, onu atıb. İnsanlar necə zalımdılar! Adam məktubda tamamilə sakit hal­da yazırdı: "Bir-birimizi unudaq". Görünür, belə də eləmişdi, çünki bu, son məktub idi. Əgər mən indi sussam, gözəl bacım ürəyində bu dərdlə öləcək. Yox, bu sirri heç kim öyrənməyəcək və mən bunu ürəyimdə saxlamağa qərar verdim. İndi hər şeyi bildi­yimdən, bacımın halına daha çox acıyırdım. Ağlıma qəribə fikirlər gəlirdi. Qarışıq, qa­ranlıq düşüncələr bütün ruhumu çulğamışdı. Həyatım cəhənnəmə çevrilmişdi, mənim o günlərdə nələr yaşadığımı ancaq qadınlar anlaya bilər. O qədər əzab çəkir­dim ki, elə bil bacımı yox, məni aldadıb atmış­dılar. Ümumiyyətlə, mən o vaxtlar bir az qəribə idim.

– Sən Allah, al bir özün oxu, mən heç nə başa düşmürəm. Bu nədi belə?

Bu qədər səmimiyyət məni çaşdırdı.

– Olar? – yavaşca soruşdum və məktubu götürdüm.

Barmaqlarım titrəyir, bu da mə­ni karıxdırırdı. Məktubun məzmu­nunu əzbər bilirdim, amma çarəm yox idi, axıracan və hündürdən oxudum:

"Səndən üzr istəməliyəm. Bu günə qədər sənə məktub yazmaq arzumu içimdə boğmuşam. Səbəb özümə inamsızlığımdı. Bilirsən ki, kasıb adamam, elə bir istedadım da yoxdu. Bu səbəbdən sənin hə­yatını öz həyatımla bağlaya bil­mərəm. Bunlar gəlişigözəl sözlər deyil, həqiqətdi, inan mənə. Öz gücsüzlüyümdən usanmışam, öz sevgimi heç nə ilə sübut eləyə bil­mirəm, gücüm sözlərə çatır. Bütün bu günlər ərzində bir dəqiqəm də səni düşünmədən keçməyib. Am­ma mən talelərimizi birləşdirə bilmərəm. Məhz bu qərarsızlığım məni səndən ayrılmağa məcbur elədi. Sənin talesizliyin, mənimsə sevgim artdıqca, daha əlçatmaz olursan. Başa düşürsən? Yox, mən səni aldatmı­ram. Belə etməyimin sə­bəbi məsuliyyət hissi və borcdur. Amma indi görürəm ki, bu, böyük səhvmiş. Hə, səhvmiş.

Bağışla məni! Mən səndən uzaq durmaqla, özümü ən axırıncı əclaf kimi apardım. Bu günə qədər dü­şünürdüm, madam ki, biz belə zəif və tənhayıq, başqa yolumuz qal­mır. Varlığımı sənə sübut eləməyin yeganə düzgün yolu sə­daqətimi hədiyyə eləməkdi. Bunu ürəkdən deyirəm, inan mənə. İndi başa düşdüm ki, insan imkanı ça­tan hər şeyi eləməlidi. Heç nədən utanmadan, sevdiyinə hətta bir dəstə zəncirotu hədiyyə eləmək – əsl kişilikdi, əsl kişiyə yaraşan hərəkətdi. Daha səndən qaçmayacam. Hər gün şeirlər yazıb sənə göndərəcəm. Hər gün sizin evin ar­xasında səninçün fleyta çalacam. Səninçün. Sabah mənim fleytam səninçün hərbi dəniz donanması marşı çalacaq. Mən fleytada kifayət qədər yaxşı çalıram, indi bu, sənin­çün eləyə biləcəyim yeganə şeydi. Gülmə. Ya da istəyirsən, gül. Təki sağal. Tanrılar bizə baxırlar. Mən buna inanıram. Biz – sən və mən onların sevimli bəndələriyik. Biz səninlə çox gözəl cütlük olacağıq.

Mən çox gözlədim. Budur, nə­hayət, gilənar ağacı çiçək açdı. De­yirlər, gilənar çiçəyi bəyaz olur. Mənim ağacım isə al-qırmızı çiçək açdı. İndi mən işləyirəm. Hər şey yaxşıdı. Sabaha qədər. M.T."

– Çox sağ ol, – bacım sakitcə dil­ləndi, – bu məktubu özün yazmısan, bilirəm.

Utandığımdan məktubu cırıb tikə-ti­kə etmək istədim. Doğruydu, bu məktubu mən yaz­mışdım. Bacımın çəkdiyi əzablara daha dözə bilmirdim və M.T.-nin xəttini bərpa eləyərək, ömrünün son günlərinə qədər ona məktub yazmağa, şeirlər göndərməyə qərar vermişdim. Axşam saat altıda isə hasarın arxasına keçib fley­ta çalmağı düşün­müşdüm.

Aman Allah, necə utanırdım! Hə­lə bir bənd miskin şeir parçası da yazmışdım. Həyəcandan nitqim tutulmuşdu.

– Narahat olma, – bacım sakit-sakit gülümsəyirdi. – Yəqin, lentlə sarıdığım məktubları oxumusan. Onların heç biri həqiqi deyil. Çox yalqızdım, inişil payızda öz-özümə məktublar yazmağa baş­ladım. Üstünə öz ünvanımızı ya­zıb poçt qutusuna atırdım. Məni aldatma. Gənclik ömrün ən gözəl çağıdı. Bunu xəstələnəndən son­ra daha yaxşı başa düşdüm. Adamın özünə məktub yazmağı bir az abırsızlıqdı. Eyni zaman­da, sadəcə axmaqlıqdı. Əgər bir kişiylə görüşəcək qədər cəsarətim olsaydı... Yəqin ki, güclü kişi əli­nin səni qucaqlaması dünyada ən gözəl hissdi. Mən bu günə qədər bir dəfə də yad kişiylə danışmamı­şam, sevgilimsə yerli-dibli olma­yıb. Sənin də olmayıb, elə deyil? Bax, bizim səhvimiz də bundadı. Biz çox ehtiyatlıyıq. Ah, bir bil­səydin, ölmək necə iyrənc bir duy- ğudu. Öz əllərimə, barmaqlarıma, saçlarıma heyfim gəlir.

Kədər, qorxu, sevinc hissləri ürəyimdə bir-birinə qarışmışdı. Daha heç nə haqqında düşünə bil­mirdim. Yanağımı bacımın zəiflə­miş yanağına qoydum, onu bərk-bərk qucaqlayıb hönkürdüm. Bu zaman, hə, məhz bu zaman səslər eşitdik; aydın eşidilmirdi, amma fleyta səsi olduğuna şübhə yox idi. Biz qulaq asma­ğa başladıq. Saata baxdım – altı idi. Anlaşılmaz bir qorxu hissiylə bir-birimizə qısılmışdıq və bağın dərinliyindəki gilənar ağacının çiçəkləri arasından süzülüb gələn bu qəribə marşı qımıldanmadan dinləyirdik.

İlahi qüvvə var! Məhz həmin gün mən buna inandım.

Bacım iki gün sonra öldü. Həkim onun başının üstündə dayanıb heyrətlə qaşlarını çatmışdı. Yəqin, nəfəsinin belə sakit və belə sürətlə kəsilmə­sinə heyrətlənirdi. Mənsə təəccüb­lənmirdim. Mən İlahi qüvvəyə inanırdım.

İndi qocalmışam, dün­yanın hər yükünü çəkmişəm və bundan utanıram. Bəlkə inamım indi əvvəlkindən çox de­yil. Hərdən şübhələr məni bürüyür və düşünürəm ki, görəsən, o gün fleytanı çalan atam deyildi ki? Axı ola bilərdi ki, atam işdən qayı­dıb, yan otaqdan söhbətimizi eşidib və bizə yazığı gəldiyi üçün ömründə bircə dəfə bizimlə zarafat eləmək istəyib.

Amma çətin... Nə qədər ki, atam sağıydı, soruşa bilərdim. Artıq on beş ildi ki, atam da yoxdu. Yox, məncə, hər halda tanrıların bizə yazığı gəlmişdi. Buna çox inan­maq və mənəvi rahatlıq tapmaq istəyirəm. Amma çox qocayam, dünyanın yükü artdıqca inam aza­lır, öz yerini şübhələrə verir.

Tərcümə edən: GüldəstəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930