Manera.az Səlim Babullaoğlunun tərcüməsində Tomi Kontionun şeirini təqdim edir...Tomi Kontio (1966) – tanınmış fin şairi, nasiri və köşə yazarıdır. Tomi Kontionun «Səmanın- rəqs zalının altında» adlı ilk şeir toplusu 1993-cü ildə öz ölkəsinin Y.Erkko adına «ən yaxşı ilk şeir kitabı» mükafatına , «Helsinki sanomat» qəzetinin «ən uğurlu poetik debüt» ödülünə layiq görülüb. Müəllifin uşaqlar üçün yazdığı «Atam yazda qanadlandı» kitabı (2000) «Finlandiya-yunior» mükafatına layiq görülüb. 2014-cü ildə Kontionun «Ulduz təsvirləri, yer çəkmələri» şeir kitabı (bu kitaba müəllifin 20 illik ədəbi fəaliyyəti boyunca nəşr olunmuş bütün şeirləri daxil edilib) çap olunub. Onun şeirləri ingilis, ispan, italyan, polyak, fransız, çex və ispan dillərində nəşr olunub. Tomi Kontio beş uşaq atasıdır.
2015-ci ildə Səlim Babullaoğlunun dəvəti ilə Bakıda səfərdə olan Tominin bir şeirini diqqətinizə çatdırırıq.Əbədi birgəlikÖlümqabağı atam vəsiyyət elədi-
Külünü dənizə səpməliydik.
O da belə adam idi,
Qranitdə adının həkk olunmasını istəmədi.
Bəzən olurdu ki, kəmərini köhnə nehrənin üstünə ilişdirirdi,
Sözündən çıxsaq
Bizi rəhm eləmdən şiləyirdi.
Bir dəfə-möhkəm içmişdi-
Çilik-çilik elədi nehrəni, qırıqlarını tapdadı.
Kəməri sürüşdü, döşəməyə düşüb qaldı,
Asudə, qıvrılı ilan kimi,
Ağzından sallanırdı haçalanmış bürünc dili.
Bütün uşaqlar və anam
Güclə apardıq atamı çarpayıya.
Şalvarı belindən düşmüşdü,
Kandarda qalmışdı,
Köhnə bir yığın dəri kimi.
O da belə adam idi,
Qranitdə adının həkk olunmasını istəmədi -
Onu bürünc dilli şallaqla kürəyimizdə yazdı.
Meyitxanadan külünü götürüb
Qaba qoyduq, qabı «Marimekko»dan olan qara çantaya,
Və açıq dənizə çıxdıq.
Qardaşım avar çəkirdi, bacım yol göstərirdi.
Avarların bənd yerləri cırıldayırdır, dua oxuyurdu,
Küləyin həmlələri günəş şüalarını oğurlayırdı.
Dənizin geniş süfrəsində yer tapan kimi
Qardaşım qabın ağzını burub açdı.
Danışmışdıq ki, hərə küldən bir azca səpəcək.
Sözsüz demişdik bunu, səssizcə razılaşmışdıq.
Mən öz kül payımı səpələdim
Və suyun yırğalanan səthində
Bozumtul bir varlıq sürünməyə başladı.
Bir anlıq bizə elə gəldi ki, atamız dənizin üstündə
Yeni bədən qazandı və bir anlıq
O dünya çox yaxın göründü bizə. Və çox uzaq.
Bacım öz kül payını səpmək istəyəndə, qayıq çevrildi,
Qardaşımla mən düz küləyin həmləsinə tuş gəldik,
O külü başımıza ələdi.
Qardaşım qayığı düzəltməyə çox çalışdı, amma nə faydası.
Gözümüzə dolmuşdu kül, ağzımıza, paltarımıza,
Küləyin qarışdırıb dolaşdırdığı saçımıza.
Qardaşım cinlənmişdi. Vəssalam.
Biz də kədəri təbbəssümlə qarışdırdıq.
Sahildə, kül dişimizdə xırçıldayarkən,
Qəfil anladım ki, bu atamızın bizə
Son şilləsiydi.
Belə adam idi,
Qranitdə adının həkk olunmasını istəmədi -
Onu bizdə qoyub getdi-əbədi.
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.