manera.az
manera.az

Həyat adlı bir cığırda yol gedirəm - Yeni Şeirlər

Həyat adlı bir cığırda yol gedirəm - Yeni Şeirlər
Heydər Ələddinoğlunun şeirləri

Sən oyun oynama fələklə, qardaş

Bu həyat bir uşaq oyunu deyil
Sən oyun oynama fələklə, qardaş.
Alma da,armud da vaxtında dəyir
Sən oyun oynama fələklə, qardaş.

Yurdunu sevəni eldən eləyər,
Ömür istəyəni ildən eləyər,
Bir az çox danışsan dildən eləyər
Sən oyun oynama fələklə, qardaş.

Günəşli bir gündə qardan danışma,
Kaman inləyəndə tardan danışma,
Gördün ki,kasıbsan vardan danışma
Sən oyun oynama fələklə, qardaş.

Şöhrəti olanı addan salıbdı-
Nəslini heç edib,zatdan salıbdı.
Neçə sərkərdəni atdan salıbdı
Sən oyun oynama fələklə, qardaş.

Qaranı boyayıb ağa döndərib,
Tikanlı qanqalı tağa döndərib,
Çox kiçik təpəni dağa döndərib
Sən oyun oynama fələklə, qardaş.

Gördün itin hürmür,yalını dəyiş,
Arın çiçəksizsə,balını dəyiş,
Qarşına çıxanda yolunu dəyiş
Sən oyun oynama fələklə, qardaş.

Bəzən bir vəziri baqqal eləyir,
Saçdan tük çıxardır saqqal eləyir,
Pələngi,aslanı çaqqal eləyir
Sən oyun oynama fələklə, qardaş.

Sanma ki, hər günü bahardır,yazdır,
Sanma ki, qazdığı quyu dayazdır,
Heydərəm,Vallah bu yazdığım azdır
Sən oyun oynama fələklə, qardaş!..

Söz mənim həkimimdir

Boşa verdiyim illər
Ötüb keçən dəmimdir.
Şeirdə xatirələr
Mənim sarı simimdir.

Sözləri bir-bir dərəm,
Varaq üstünə sərəm.
Evimdəki bu qələm
Görən mənim kimimdir?

Nəsiminin səsiyəm,
Şeirinin bəstəsiyəm.
Mən sözün xəstəsiyəm
Söz mənim həkimimdir!..

Gizlin bir eşq...

İllərdir ki,həyat adlı bir cığırda
yol gedirəm.
Bu cığırda iki ömür yaşayıram,
İki sevda daşıyıram.
Bilmirəm ki,heç yalanam,bilmirəm ki,
heç doğruyam.
Ürəyində gizlincə bir eşq daşıyan
bir oğruyam.
Bilirəm ki,bu dünyada bir halal var,
bir haram var.
İllərdir ki,ürəyimdə qaysaq tutan
bir yaram var.
Bir sevdanın içində mən doğuluram,
Bir sevdanın içində mən boğuluram,
Bu sevdaya bir xəyanət
deyən də var,
Bu sevdaya bir cinayət deyən də var.
İllərdir ki,həyat adlı bir cığırda
yol gedirəm.
Bu cığırda iki ömür yaşayıram,
İki sevda daşıyıram.
Kim deyir ki,bu günümü keçmişimə
mən satıram.
Kim deyir ki,öz-özümü aldadıram.
Bəli,hamı bilir bunu,
Heç günahsız insan olmaz.
Günahım var.Bilin bunu,
Gizlinləri bilir Allah.
Günahım var-tək bir günah.
Bu günahı gizlin-gizlin mən dadıram.
Yarım qalmış bir eşqimi xəyalımda
yaşadıram,xəyallarda yaşadıram,
Xəyallarda yaşatmaqla
bu dünyada yaşadıram...

Gözündən itdiyim dünya

Bir içim su da vermədi
Yununu diddiyim dünya.
Yetişsəm də heç dərmədi
Adamtək bitdiyim dünya.

Çoxdakı yollarım qardır,
Bəlkə də bir ümid vardır
Nə aradı,nə axtardı
Gözündən itdiyim dünya.

Ocaqda aşı istədi,
Bir nadan,naşı istədi-
Başqa bir kişi istədi
Boşayıb getdiyim dünya.

Yuxumda gördüyüm qadın

Qirx altı yaşıma gəldin,
Yayıma,qışıma gəldin,
Sən hardan başıma gəldin
Yuxumda gördüyüm qadın.

Hiyləmisən,kələkmisən,
Arzumusan,diləkmisən,
Göydən enən mələkmisən
Yuxumda gördüyüm qadın.

Səs verib ahıma gəldin,
Azıma,çoxuma gəldin,
Qəfildən yuxuma gəldin
Yuxumda gördüyüm qadın.

Keçmişimsən,sabahımsan,
Savabımsan,günahımsan.
Bəlkə çəkdiyim ahımsan
Yuxumda gördüyüm qadın.

Arzulara bələk oldun,
Çəmənimdə çiçək oldun.
Bəlkə bir gün gerçək oldun
Yuxumda gördüyüm qadın...

Ata, sənin məzarına gəlmişəm

Ümid indi heç nə ummur gümandan,
Sevinc dağı görünməyir dumandan,
Güc toplayıb,vaxt istəyib zamandan
Qəm pərdəsin ürəyimə sərmişəm
Ata, sənin məzarına gəlmişəm.

Kündəmiz küt gedir,yanmır sacımız,
Hey ovundursaq da dinmir acımız,
Agsaqqalsız qalıb həyət-bacamız
Sən əkdiyin qızılgülü dərmişəm
Ata, sənin məzarına gəlmişəm.

Günahları bircə-bircə döyərdin,
Pisliklərin sən yönünü əyərdin.
Can üstə hey “namaz qaldı” deyərdin
Namazının əvəzini vermişəm
Ata, sənin məzarına gəlmişəm.

Haqsızlıq görəndə sən “ah!” deyərdin,
Dar gündə “Rəbbimə pənah” deyərdin.
Zikrinlə,duanla “Allah” deyərdin
Yuxulararda cənnətini görmüşəm
Ata, sənin məzarına gəlmişəm.

Həyatımın dəyişmişəm təhrini,
İstəyimin daraltmışam səbrini,
Susan məzarını,tənha qəbrini
Özüm üçün qiblə yönü bilmişəm
Ata, sənin məzarına gəlmişəm...

Eyləməz

Təvəkkül eyləyib o bir Allaha
Dindən bircə kəlmə söhbət eyləməz-
Kafir inanmaz ki,Uca Xaliqə
Yüz il dil töksən də hörmət eyləməz.

Aqil meyl eləməz dövlətə,vara
Bilir son ayaqda o gəlməz kara.
Haqqı tanıyanı çəksən də dara
Bir milyon versən də qeybət eyləməz.

Qarğa duyuq düşər hər adi səsə,
Satar hər şeyini bircə həvəsə.
Qartalı salsan da Heydər,qəfəsə
Aclıqdan ölsə də minnət eyləməz!.

(Şamaxı)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031