manera.az
manera.az

Cibimi çırpdım şəhərə - Şeirlər

Cibimi çırpdım şəhərə - Şeirlər
Manera.az AYB-üzvü Şahnaz Şahinin yeni şeirlərini təqdim edir:

ƏLEYKÜM SALAM

(Xatirə Rəhimbəylinin “Salam” şeirinə cavab)

Dağın dağ yeri var,aranın aran,
Kimsə dağlayandı,kimsə dağ olan.
A bir salam ilə könlümü alan,
Salam...Əleykum Salam!

Çat verir dan üzü,ah düşür yerə,
Ölü saydıqlarım sağ düşür yerə,
Salam göndərmisən gül dərə-dərə...
Salam...Əleykum Salam!

Saysız fəzilət var bircə salamda,
Verən məsuddursa,şaddı alan da.
Allahın kilidsiz qapılarından...
Salam...Əleyküm Salam!

Ay da həminkidi,Gün də həminki,
Sən olan dünyada kədər nədir ki?!
Belə Salam verən ola çətinki...
Salam...Əleyküm Salam!

SEV DEDİN

Sən sevgidən yazdın...
mən ayrılıqdan.
Sən "sev!" dedin,
mən "ayrılaq!"
Çəkdi gözlərimiz nəm ayrılıqdan
Uçurdun əlindən
eşqi şar kimi,
Həm məndən eylədin,həm ayrılıqdan.
Sev dedin, sevmədinki!

QƏRİBƏ AXŞAMDI… QƏRİBƏ GECƏ…

Yenə başlayacaq köhnə vərdişim,
Tapıb bir bəhanə,çıxıb gedəcəm.
Özüm öz evimi özəllərimlə,
Bilən olmayacaq – yıxıb gedəcəm.

Tutacaq yenə bir ruh ikimizi...
Atacaq ağzına pələngin, şirin.
Bir lağım qazacaq baş ucumuzda,
Var isə hünərin indi qalx yeri.

Başımız üstündə titrəyəcək Göy,
Yerdə çəkməyəcək ta sancımızı.
Bəlkə olmayacaq heç yada salan,
Vaxt varkən bəzəyək otağımızı...

Al bu güldanı da içinə gül qoy,
Su da tök solmasın biz qayıdınca.
Pəncərə pərdəsiz,ev səliqəsiz,
Kim dönər mənim tək qızın dalınca?!

Yenə başlayacaq köhnə söhbətlər,
Yenə bir bəhanə tapıb gedəcəm...
Bir tikə çörək qoy başının altda,
Birdə eh... qəribə axşamdı,qəribə gecə!

CİBİMİ ÇIRPDIM ŞƏHƏRƏ

Cibimi çırpıb çıxdım şəhərdən
şəhər kasıbları sevmir.
Sevmir yalın ayaqları,
soyuq dolabları sevmir...

Başından xəyalın qopur,
diyirlənir dənizə.
Səhər şehi islatmır
hər cığırı, hər izi...

Tündməcaz, kəmşirindi
burda adamlar çoxu...
Boğazını yandırmaz
qoxladığın yad qoxu.

Böyük-böyük danışar,
səninlə böyük şəhər!
Dilində dodağında
çiliklənər kəlmələr.

Gedib halsız düşərsən,
soyuq, yalqız yatağa.
Gecə mələklər enməz,
sükut yatan otağa.

İndi qaytar geriyə,
gəldiyim o qatarı.
Şəhər kasıbları sevmir,
sevmir, qadanı alım!

ƏHVAL

Neçə əzablar doğur,
Ölür içimdə.
Hər arzuya baş daşı
Qalır içimdə.

Tutub çiyinlərimdən
Çırpır divara.
Qap-qara qan sıçrayır
Bəyaz sulara.

Kimsə xəlvətə salıb
Gülür halıma.
Kimsə salavat çəkir
bu cəlalıma.

Gəlibyerimi tutur
Qansızın biri.
Yazdığım məktublar da
Yollarda itir.

Suçumu yığır kimsə
Öz torbasına.
Sonra sədəqə verir
quş balasına.

Yenə yollar doğrayır
ayaqlarımı...
Sonda göz yaşım yuyur
yanaqlarımı.

UNUDAR SƏNİ

İncə-incə sevənlər var,
Kobud unudar səni…
Əllərinin istisini,
gözlərinin tüstüsünü
Bir İkonaya satıb.
unudar səni...

Bir gülüşə,bir sevincə çiçəkləyər
quru budaqlar da.
"Sıfır"dan aşağı başlayar
bütün sevdalar.
Amma "sıfır"həddinə dözüm olmaz
ayrılıqlarda...

Bir bulud ağırlığıdı
kipriklərin rəqsi…
Yuxusu qaçmış gözlərimə
Tanrı duasıdı
qansızma...
Off!Yenə zoqquldayır ürəyim.

DƏYİŞ

Daha heç nə qalmadı,
İndi nədən danışaq?!
Küsülü də deyilik,
Külək əsə,barışaq.

Yenə bir şey fikirləş,
Nəsə bir hoqqa çıxar.
Lap bir xəlvət şəkil çək,
Yanında da arzular…

Dilin topuq vurmasın,
Sakit ol,aram danış.
"Belə qalmaz bu dünya"
Sən də bir azca dəyiş...

Dəyiş oyun havanı,
Dilində tamı dəyiş.
İnanıb boy verdiyin.
O suyu,camı dəyiş...

Sil üstündən günahı,
O son gümanı dəyiş.
Sol yanında yer tutan,
Yersiz adamı dəyiş!

Yerə endir günəşi,
Kürəyini oda ver.
Qorxma bütün ömrünü,
Bax bu uzaq,yada ver.

Tütünsüz çətin olar,
Götür bir siqaret çək...
Qoy son dəfə soruşum,
Bu dava çox çəkəcək?!
…Daha heç nə qalmadı!

UNUTMUSAN DEMƏLİ

Daha həyəcanın yox,
Gördün əsmir əllərin.
Qarsmır yanaqlarını,
Payızın sərt yelləri -
Deməli unutmusan!

Deməli, dəyişmisən
Dur güzgüyə bax hələ!
Gör can necə ağrıyır,
Canın uçub gedincə?!

Sürtülür, pası çıxır,
Qara-qura qəlblərin.
Daha kömək eləmir,
Mənə ürək həbləri...

Sınaq yeridi Dünya,
Sınayan sən deyilsən...
Qan uyuşmazlığım var,
Qan verənki,deyilsən.

…Görüş üçün titrəmir
Ürəyin yarpaq kimi,
Dodağın susuzluqdan.
Qurumu ştorpaq kimi-
Deyilsə, unutmusan!
Unutmusan deməli.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031