manera.az
manera.az

Dağların dəvə yerişi - Məmməd Oruc Əhməd Oğuzdan yazır

Dağların dəvə yerişi - Məmməd Oruc Əhməd Oğuzdan yazır
...Onu bu qədər çox istədiyimi bilməzdim...

Bu, Əhməd Oğuzun vay xəbərini telefonla bölüşərkən Günel Natiqin mənə söylədiyi ilk kəlmədi.


Amma bu da danılmaz həqiqətdir ki, onu hamı çox istəyirdi. Bu hörməti, sayqını necə qazanmasının fərqində deyiləm, amma etiraf edim ki, acılı məqamlarımda arxalandığım qələm dostlarımdan biri və bəlkə də birincisi idi.Bu ünsiyyət otuz ilin sınağından çıxmışdı; son illərəcən Azərbaycan Dövlət radiosunda eyni Baş redaksiyada işləyirdik.

İlkin tanışlığımız isə çox uzaqlara gedib çıxır. O, hələ tələbə ikən “Azərbaycan” jurnalı redaksiyasına, həmkəndlisi Mövlud Süleymanlının yanına gəlib gedirdi, əsasən, nahar fasiləsində Mövludla oynadığımız şahmat partiyalarını təmkinlə izləyirdi, amma mən hiss eləyirdim ki, Mövludun aradabir məğlub olmasına dözə bilmir.Onların yaradıcılığı isə şox sonralar kəsişdi, Mövlüdun Azərbaycan radiosunda başladığı məşhur “ Bulaq” verilişini günlərin birində Əhməd Oğuz davam etdirməyə başladı, xalqın çeşməsi ilə sulanan bu “yolu” ot- alaf basmağa qoymadı. Sonralar Əhmədin şeirlərini incələyərkən sezdim ki, o, bədii yaradıcılıqda da Mövludun cazibəsinə düşüb.

Şanapipiklə bağlı şeirlərini,sanki, Mövludun “Şanapipik” povestinə cavab olaraq yazmışdı.

Şairlər də bu dünyanın
Şanapipik quşlarıdı-
Özü özünü axtaran,
Ömrü uzunu axtaran...
Ölümün, ayrılıqların
O biri üzünü axtaran...


İndi mən ayrılıqların “ o biri üzündə” qalan” Əmədin yaradıcılığına yenidən göz atıram.Göz atıram ki, bu yadigarlar mənə bir ip ucu versin, bu ağını tamamlayım.

Məndən sonrakı günlərin
Qulağıma səsi gəlir:
Oxuyur şanapipiklər...


Təəssüflənirəm: kaş onun yaradıcılığını sağlığında incələyəydim və o, biləydi ki, onun az saylı şeirlərini çox bəyənənlərdən biri də mənəm.

Yəqin ki, aşıq şeirini, Türk dünyası folklorunu Əhməd Oğuz qədər mükəmməl bilən insanları barmaqla saymaq olar, amma o, şeir ənənəsinə yeni don biçməyi bacardı. Yazdı ki...

Sevgi mənim ömrümə də
Onbeşimdə gəlmişdi,
Yaz gücündə gəlmişdi
Dünya qızıl boyanmışdı:
Gözümə günmü düşmüşdü?
İşıq, ağrı, güc...Nə işdi?!


Ot deyildim cücərəydim,
İçimi üzə çıxaraydım...
Çarəm yoxdu qurtulaydım...
Olan olmuşdu.


Azərbaycan poeziyasında tək-tək şair ola bilər ki, dağlara xitabən nə isə yazmasın.Əhməd Oğuz da bu çevrədən öz sözünü deyib, amma yeni poeziyanın ozanı kimi:

Bu dəvə yerişi ilə
Bu dəvə duruşu ilə
Hra gedirsiniz, dağlar?
Hardan gəlirsiniz , dağlar?


İndi mən bi sətirləri ipə- sapa düzə- düzə Əhməd Oğuzu o dağların ucalığında gürürəm.

Heç kimsə bilməz
Axşamüstüləri
Bizim ocağın tüstüləri
Uzaq dağlaracan gələr.
Darıxma ana
Evimizdən tüstü çıxsın,
Ocağıməz isti olsun-
Qürbət də çəkilməz dərd deyil...


Əslində, o, etiraf etdiyi kimi taleyi ilə barışmış, həm məcazi, həm müstəqim mənada qürbətə alışmışdı. Yadımdadır: 1995- ci ildə Borçalıya, sonra da Qarayazıya, Qaraçöpə etdiyimiz bir neçə günlük səfər zamanı qarşı yatan dağlara baxırdı, sinə dolusu köks ötürürdü və hərdən də deyirdi: Cücəkəndin, yaşıl obaların qoxusu gəlir...

Nə bilim, inanmıram ki, belə yazılarla Əhməd Oğuzun ruhunu ovundura bilim, hər halda yenə də nə isə yazmalıyam...
Məmməd ORUC

P.S: Bu yazını notbukumda yığarkən, daha bir istəkli qələm dostumun - rus dilli yazarımız Nadir Ağasiyevin vay xəbərini aldım. Mənə telefon açan isə “ Literaturnaya Azerbaydjana” jurnalının Baş redaktoru Solmaz xanım İbrahimova idi. Dedi ki, koronaviusdan dünyasını dəyişib.Və bir də söylədi ki, arvadı Mədinə xanımla Truskavesə müalicəyə getməyə hazırlaşırdı. Və sonra da bildirdi ki, jurnalın ən yaxın nömrəsində onun haqqında yazılar verəcəklər... Mən ürəyimdən keçən bir kəlməni dilimə gətirə bildim...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031