Beşikdə oruc - Ramazan hekayələri

Ramazanın əvvəli rəhmət, ortası mağfirət (bağışlanma), sonu isə Cəhənnəmdən qurtuluşdur
Beşikdə oruc
Əbdulqadir Geylani (1077-1166 miladi təqvimi, İslam dünyasının böyük alimi, məşhur sufi şeyxlərindən biri) həzrətlərinin anası oğlunun iki-üç aylığında gördüklərini belə nəql edir.
“Oğlum hələ bir neçə aylıq idi. Mübarək Ramazan ayı gəldi. Birinci gün günəş batana qədər heç süd əmmədi. İkinci gün də eyni durumu müşahidə etdikdə uşağın oruc tutduğunu başa düşdük. İkinci il şaban ayının sonuna doğru hava buludlu olduğu üçün camaat ayı görə bilmədi. Bu səbəbdən də Ramazanın başlama gününü dəqiqləşdirə bilmədilər. Əbdulqadirin belə bir özəlliyini bilənlər anasının yanına gedib onun süd əmib-əmmədiyini soruşurlar. Həmin gün Əbdulqadir doğrudan da gün batana qədər süd əmməmişdi. Vəziyyəti belə gördükdə həmin günün Ramazanın birinci günü olduğunu başa düşdülər.
Cəhənnəm qorxusu
Haccac adamları ilə birlikdə Məkkə ilə Mədinə arasında səfər edərkən bir az istirahət etmək qərarına gəlirlər. Süfrə salındıqda Həccac adamlarına deyir: “Ətrafa baxın, görün, ac varsa, dəvət edin, gəlsinlər, birlikdə nahar edək”.
Xidmətçilər ətrafda köhnə xirqə geyinmiş bir adam görüb Həccacın yanına gətirirlər. Həccac onu görüncə süfrəsinə dəvət edir. Yoxsul yemək istəmir. Həccac təəccüblənərək ondan bunun səbəbini soruşur. O adam cavab verir:
- Məni sənin süfrəndən daha gözəl süfrəyə dəvət ediblər.
- O kimin süfrəsidir elə?
- Məni dəvət edən Allahdır. Onun süfrəsi də hər kəsin süfrəsindən gözəldir. Bu gün mən orucam.
- Belə qızmar havada orucmu tutursan?
- Bəli, bu gün oruc tuturam ki, sabah qiyamət gününün istisindən Amanda qala bilim.
İsmayıl Əhməd
islamşünas