Əhməd Triniçin elmi təqdimatı - Professor Cəlal Qasımov yazır
Tanınmış tədqiqatçı alim, filologiya üzrə elmləri doktoru Lütviyyə Əsgərzadənin böyük zəhmət bahasına ərsəyə gətirdiyi Əhməd Triniçlə bağlı monoqrafiyası Azərbaycan ədəbiyyatı tarixində mövcud boşluğu doldurmaq baxımından olduqca əhəmiyyətlidir.
Bunu şərtləndirən əsas amil alimin yeni axtarışlar sorağında olması, unudulmuşların ədəbi-mədəni həyatdakı yerini və mövqeyini aydınlaşdırmaq, onun halal haqqını elmi-ədəbi ictimaiyətə tanıtmaq istəyi ilə bağlıdır. Alimin göstərdiyi bu qədirşünaslıq işi bu gün olduğu kimi, gələcəkdə də rəğbətlə yad ediləcəkdir.
Lütviyyə Əsgərzadə XX əsrin əvvəllərində Azərbaycandakı ictimai-siyasi mühiti, bu mühitin yaratdığı mənəvi-pisixoloji sarsıntıları, tragik-dramatik situasiyaları özündə ehtiva edən sovet mətbuatının və ədəbiyyatının bu rejimin prinsiplərinə necə uyğunlaşdırılmasını faktlı, predmetli və elmi əsaslandırmalarla tədqiqata cəlb edir. Müəllifin əsəri ictimai-siyasi mühitdən, mətbuat və ədəbiyyatdan başlaması dövrün reallıqlarını, daha doğrusu, realizm prinsiplərindəki qeyri-reallıqları, sovet humanizmindəki antihumanizmi görmək və göstərmək üçün olduqca maraqlıdır. Alimin məsələlərə bu reallıqdan yanaşması tamamilə təbiidir. Çünki hər hansı bir ideya əvvəl ədəbi düşüncədə doğulur və sonda təsdiqini ictimai həyatda tapır.
Lütviyyə xanım haqlı olaraq qeyd edir ki, “bolşevik elitası” Azərbaycanda yeni sovet mədəniyyəti formalaşdırmaq məqsədilə “mədəni inqilab” həyata keçirməyə başladı ki, bu ad altında keçirilən tədbirlərin başında əsasən, “İslam dininin sıxışdırılması”, “milli-mənəvi dəyərlərin özəlləşdirilməsi”, “məzmunca milli, formaca sosialist mədəniyyəti yaratmaq”, “yeni sovet təhsili yaradılması”, “yeni istiqamətli elm, ədəbiyyat və mətbuatın” formalaşdırılması dayanırdı.
Əslində, haqqında bəhs edilən dövrdə yeni ədəbiyyat və mədəniyyətdən öncə, idarə və iş üsulu repressiyalar olan yeni tipli totalitar bir sistem – hər kəsə və hər şeyə nəzarət etmək gücünə malik olan sovet idarə aparatı formalaşdırılırdı. Bu aparat təkcə ədəbi şəxsiyyətləri deyil, ədəbi düşüncəni, milli şüuru və milli kimliyi də özündə əridərək yeni sovet mədəniyyəti və sovet adamı yaratmağa çalışdı.
1920-1950-ci illərin ən böyük özünəməxsusluğu həm dövri mətbuatda, həm də NKVD məhbəsində üz-üzə gətirmə, nüfuzdan salma idi. Bu sistem elə qurulmuşdur ki, təəssüf ki çağdaş zamanda da bəzi araşdırıcılar həmin metoddan istifadə edir. Yəni bu gün də sovet dəyirmanının üyütdüyü və üyütmədiyi (repressiyalardan sağ çıxan və sağ çıxmayan) ziyalıların üz-üzə gətirilməsi, qarşılaşdırılması prosesi gedir. Bunlar adama keçən əsrin 30-cu illərinin istintaq qovluqlarındakı hissdən və duyğudan uzaq olan dindirmə protokollarını, üzləşdirmələri xatırladır.
Biz repressiya illərində güllələnənləri, bu gün isə həmin repressiyalardan sağ çıxanları ittiham etdikcə ədəbi prosesi düzgün qiymətləndirə bilməyəcəyimizi və obyektiv elmi nəticələr əldə edə bilməyəcəyimizi ortaya qoyacağıq. Hesab edirəm ki, güllələnmiş kommunusti (və ya antikommunisti) yenidən güllələmək və ya ittiham etmək məqsədə çevrilməməlidir. Məqsəd repressiyaya məruz qalanları (hətta qalmayanları) dərdləri ilə birlikdə dərk etmək olmalıdır, əks təqdirdə məsələləri bolşevik sayağı həll etmiş olarıq. Lütviyyə xanımın “Əhməd Triniç” monoqrafiyası bu baxımdan olduqca əhəmiyyətlidir.
Müəllif, Əhməd Triniçin ömür yolunu Makedoniyadan – Türkiyə – Suriya – Gürcüstan – Rusiya – Azərbaycana qədər izləyir. Onun bioqrafiyası ilə bağlı mübahisəli və ziddiyyətli məqamları müxtəlif arxiv materialları, mətbu mənbələr və müxtəlif şəxslər tərəfindən yazılmış xatirələr və məktublar əsasında dəqiqləşdirir. Mövcud faktları ümumiləşdirərək düzgün elmi nəticələr çıxarmağa çalışır. Məsələn, müəllifin mübahisə predmetinə çevirdiyi Triniçin “Müsavat”, “İttihad” və “Kommunist” partiyalarının üzvü olması, Əli Zizinski ilə əlaqələri, ölümü ilə bağlı müəmmalar barədə irəli sürdüyü fikir və mülahizələr olduqca dəqiq müşahidədən, ciddi araşdırmadan və problemə məntiqi yanaşmadan soraq verir ki, bu da Lütviyyə Əsgərzadənin alim obyektivliyindən xəbər verir.
Tədqiqatda geniş əksini tapmış məsələlərdən biri də Əhməd Triniçin NKVD əməkdaşları tərəfindən həbs edilməsidir. Ə.Triniçin ermənilərə və erməni daşnaklarına, onların ən yaxın havadarı olan bolşeviklərə və bolşevikləşməyə olan münasibəti, şübhəsisz ki, onun “Müsavat” partiyasının üzvü olması, Nuru Paşaya rəğbət bəsləməsi, şəxsi yavəri olması və nəhayət, M.Ə.Rəsulzadənin ona verdiyi dəstək belə bir şəxsiyyətin bolşevik zindanına aparılması üçün münbit zəmin yaradır və lazimi əsas verirdi. NKVD-nin məsul şəxslərindən olan Avanesyan hazırladığı arayışda göstərirdi ki, 1893-cü ildə Makedoniyanın Skopje-Üsküp şəhərində anadan olan Ə.Triniç 1919-cu ildən ÜİK(b) Partiyasının üzvüdür və o, 1918-1919-cu illərdə əksinqilabi fəaliyyətdə iştirak edib, Qubanın məşhur bəylərindən Həsən bəy Şıxlarski və Əli bəy Zizikski ilə əlaqə yaradıb, Azərbaycan ərazisində cəza tədbirləri həyata keçirib.
Belə ki, onun rəhbərliyi altında Bakı işçiləri, kənd zəhmətkeşləri, inqlabçı bolşeviklər güllələnib. Təbii ki, bu deyilənləri sübut etmək, daha doğrusu istintaqı elə aparmaq lazım idi ki, Ə.Triniç etiraf etsin ki, bu deyilənlər doğrudur. Lütviyyə xanım haqlı olaraq Əhməd Triniçin özünü intihar etməsi (kamerada özünü asması) faktı ilə razılaşmır və yazır ki, kiçik yaşlarında müharibələrdə (Balkan və I.Dünya müharibəsi) və (Quba üsyanı), mübarizədə bərkiyən Əhməd Triniçin intihar etməsi inandırıcı görünmür. Ancaq Triniçin həbsxanada azadlığa çıxmaq, həqiqəti ortaya çıxarmaq üçün etdiyi mübarizə düşmənlərinə xoş gəlmədiyindən ermənilərin işi məhkəməyə saxlamayıb onu kamerada asaraq buna intihar şəkli verməsi fikri həqiqətə daha uyğundur.
Fikrimizcə, tədqiqatçının Ə.Triniclə bağlı mübahisəli və ziddiyyətli məsələlərə diqqəti yönəltməsi, eləcə də araşdırıcıların fikirlərini önə çəkərkən alim etikası ilə elmi polemikaya qoşulması onun tədqiqatçılıq metodundan irəli gəlir. O, bundan əvvəlki tədqiqatlarında da Hüseyn Cavidlə, Əhməd Cavadla, Məhəmməd Hadilə, Mikayıl Müşfiqlə və Hacı Kərim Sanılı ilə bağlı problemlərə öz alim ampulasından çıxış edərək münasibət bildirirdi.
Sovet totalitarizmi Əhməd Bədi Triniçi (eləcə də digər repressiya qurbanlarını) yalnız bir fərd və ya şəxsiyyət kimi məhv etmədi, eyni zamanda onun bir yaradıcı insan kimi ədəbi-mədəni irsinin də öyrənilməsinə qadağalar qoydu. Doğrudur, müstəqillik əldə edildikdən sonra Ə.Triniçin öyrənilməsi istiqamətində müəyyən irəlləyişlər oldu, lakin bu kifayət etmir.
Azərbaycanda Əhməd Triniçə həsr olunmuş bu ilk monoqrafiyada indiyə kimi həyatı və şəxsiyyəti kifayət qədər öyrənilməyən belə bir insanın bədii-publisistik fəaliyyətinin, teatr və ədəbiyyata, eləcə də mətbuata dair yazılarının, xatirələrdəki kimliyinin, ədəbi mənbələrdəki yerinin tədqiqi onun geniş və əhatəli elmi portretinin yaradılmasında və gələcək nəsillərə çatdırılmasında olduqca əhəmiyyətli rol oynayır. Müəllifə bu müqəddəs amal və əməllərində yeni-yeni uğurlar arzulayıram.
Cəlal Qasımov
filologiya elmləri doktoru, professor