Sinif yoldaşların sənə "Şəhid qızı" deyəcək.. - II Qarabağ müharibəsi qazisindən şeirlər
Elvin İntiqam oğlu Məmmədli 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olub. 2014-cü ildə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbi; 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bədii yaradıcılıqla ardıcıl məşğul olur.
II Qarabağ müharibəsi iştirakçısıdır.
Prezidentin müvafiq sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalına layiq görülüb.
"İKİNCİ QARABAĞ" ŞEİRLƏR SİLSİLƏSİ
Yağış suyu
"Müharibə xatirələri"ndən
İlahi,
Bizləri sən qorudun,
Yenə qoru -
Qoyma, suya uduzaq,
Əlinlə sıx
suyun çıxart buludun...
Axır düşmənin qanı
Vətənin can yerinə -
Yerdən narahat olma,
Sən su tök göydən yerə
qan yerinə...
Həsrətində olduğumuz torpağı
daddırdı bizə
Palçıqlı gölməçələr...
Qoyma, yağış dayansın,
Qarabağ suyunu içənə qədər...
Qaya 11
Tağım komandirim, şəhid
baş leytenant Emil Əsədova ithafən
Vətən eşqin şəhid etdi,
Amma səni öldürmədi...
Səndən qabaq şəhid oldu dostun,
cənab leytenant...
O oldu öldürən səni -
O xəbəri eşitdiyin zamandan etibarən
Susdun, cənab leytenant!
Biz Füzulidə üç saat mərmi altda qalanda,
Anan deyirdi: Allahım,
Sağ-salamat gəlsin Emil;
Atan qurban boyun aldı,
Torpaq səni qurban boyun alanda!
Çıxartdın mühasirədən polkovniki,
Üzün güldü
üzün əsgərlərə sarı dönəndə:
Oldun cənab baş leytenant -
Ulduzunun biri artdı,
Bəxt ulduzun sönəndə!
Noyabrın yeddisi,
Xocavənd ərazisi:
Bir tərəfdə əsgərlərin döyüşdən çıxardığı
baş leytenant Əsədov...
Bir tərəfdə yerə düşmüş rabitə:
- Qaya on bir... Qaya on bir...
Qaya on bir eşitmir!
Pəncərə
Bəlkə uzaq dəhlizlərdən yaxşı görünmür
Laçın pəncərələri -
Havası çatmır Vətənin, boğulur,
Açın pəncərələri...
Otuz ildən sonra bağlaya bildik
Açıq pəncərələri -
Bitişdirdi torpağın şəhid qanı
Qırıq pəncərələri...
Qapıdan qovulan bir də gəlməsin,
Tutun pəncərələri -
Keçmişimiz təkrarlanmasın,
Örtün bütün pəncərələri...
Şəhid anası
"Laylay dedim yatasan,
Qızılgülə batasan..."
Qərənfil deməmişdi ki,
Qızılgül demişdi ana...
Yazan çox qısa yazdı -
İyirmi il çox azdı:
Oğlunun son ad günündə
Yüz yaş istəmişdi ana...
Ayın üçündə gəldi,
Bayraq içində gəldi -
Əli bayraqlı əsgərin
Yolun gözləmişdi ana.
Çətindi övlad qəmi,
Solğunlaşıb görkəmi -
Nəyin qarşılığıydı bu,
Göyə neyləmişdi ana?
Şəhid qızı
Anan yalan danışır:
Atan evə qayıdanda
oyuncaq almayacaq -
Anan gündə oyuncaq gətirəcək,
Deyəcək atan alıb:
Atan ancaq almayacaq...
Anan yalan danışır:
Atan işdən gəlməyəcək -
Gözün qalmasın
qapıda səhərəcən,
Atan yatıb, sən də yat -
İşdən gəlsin yuxuna,
Evə gəlməyənədək...
Anan yalan danışır:
Sənin elçilərini
Qarşılaya bilməyəcək atan, -
Toyunda qız atası
Ürəyindən keçənləri
Arzulaya bilməyəcək...
Anan yalan danışır:
Yalanlar da
atan kimi bir gün yoxa çıxacaq -
Sinif yoldaşların sənə
"Şəhid qızı" deyəcək...
Bilirsənmi nədi ən qəribəsi?
Tarix dərsində ağlaya-ağlaya
Yazacaqsan lövhəyə:
"İkinci Qarabağ müharibəsi..."
İtkin əsgər anası
- Çörək keçmir sualların boğazından:
İtən bəxtim, hardasan,
Nə yeyirsən, nə içirsən?
Şəhidlər də sağ-salamat gəldilər -
Sən nə vaxta çatarsan,
Hansı kəndi keçirsən?
- Mən də dözümlüyəm, bala,
Sən acsansa, mən də acam -
Sənə qurban olsun anan,
Sənə qurban olsun bütün çörək qırıntıları...
- Şəkillərin sildiyim əllərimi
açıram sənə, Allah:
Mən oğlumu bayrağa,
Oğlum məni torpağa
verməmiş öldürmə məni -
Ölüsünü, dirisini
Görməmiş öldürmə məni...
- Bircə əsir düşməsin -
Razıyam, qara olsun
Gözlərimin ümidli göy yaşları,
Əllərimin qırmızı duaları,
Ürəyimin yaşıl sıxıntıları...
İndiki Ermənistan
İndiki Ermənistan -
Doxsan ikinci ildi...
...
İndiki Ermənistan -
Erməni budaq cümləsidi:
Yanvarın vergülüdü,
Fevralın nöqtəsidi...
...
İndiki Ermənistan -
Laçının ayaq izidi,
Kəlbəcərin tozudu,
Şuşanın dumanıdı...
İndiki Ermənistan -
Birinci kitabın ikinci cildidi.
"Ədəbiyyat qəzeti"