manera.az
manera.az

Bir ölüb, min dirilən xalqıq biz - Vətən Müharibəsi qazisindən şeirlər

Bir ölüb, min dirilən xalqıq biz - Vətən Müharibəsi qazisindən şeirlər
MANERA.az Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Səbuhi Qurbanovun şeirlərini təqdim edir. Səbuhi Qurbanov Ali Baş Komandanımız tərəfindən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.

***
Bir albom dərd saxlayıram,
Gəl hesabla, böl yerimə.
Neçə ildir ağlayıram;
Gülüm, barı, gül yerimə.

Bu sözüm yadına gəlir? -
"Kişi üzməz bir qadını".
Dodaqlarım yaxşı bilir
Göz yaşlarımın dadını.

Gah açıldın, gah da soldun.
Mən necə bitirim səni?
Nə zaman yanımda oldun?
İndi də itirim səni...

Say ömrün hər bir saatın,
Nələr azdır, nələr çoxdur?
Gəz dünya ədəbiyyatın,
Sevgim kimi əsər yoxdur.

Eşq bəladır, keçər qana,
Kim dözərsə, o, igiddir.
Bəzən ölmək bir insana
Bu dünyada tək ümiddir.


***
Sən günəşli sabahdasan,
Biz tərəfdə qaranlıqdır.
Unutmaq illəri alar,
Xatırlamaq bir anlıqdır.

Özüm də bilmədim niyə
Sənə birdən maraq etdim.
Dərd sənə gəlməsin deyə,
Hər gün onu qonaq etdim.

Rəngsiz həyat xalçasının,
Üstündəki naxış oldun.
Mən damlana möhtac idim,
Sən kimlərə yağış oldun?

Dedilər zamana burax,
Düzəlirmiş, bir də baxdım.
Mən səninlə ayrılmadım,
Səni zamana buraxdım.

Gedirsənsə, xudahafiz,
Gözüm ölüncə səndədir.
Şam qədər işığın yoxdur,
Günəş bildim, səhv məndədir.

Heç olmasa, sağollaşaq,
Ayrılmayaq düşmən kimi.
Qorxmursan ki, rastlaşırıq
Nə zamansa peşman kimi?


***
Dəliyə də döndük,
Geriyə dönmədik...
Bizi elə yandırdı bu eşq alovu, sönmədik.
Günahkardı o,
Gözü dolan qadın.
Bir kişinin içməyinə səbəb olan insan.

O gün elə getdi,
Xoşuma gəlirdi...
Gəlməyinin xəstəsiyəm, sanki bilirdi.
O yanıma gəlsin,
Xoşuma gəlməsin,
Yanımda olsun yetər ki, ümidim ölməsin.

Sən özümün özümə
Xəyanətimsən.
Nə eyləsən də, Allaha əmanətimsən.
Saxta eşq ölər,
Heç yası olmaz.
Eybi yoxdur. Nifrətimin saxtası olmaz.

Güzgü

Qarşıma dikilib dayandın yenə,
Nədir bu səssizlik, niyə bilmirsən?
Alnın da qırışıb, gülüşün solub,
Bəlkə yorulmusan, deyə bilmirsən.

Nə qədər olsan da ağıl sahibi,
Həyatın oyunun bilən deyilsən.
Bir dəfə qonağı olmusan deyə,
Dünyaya bir daha gələn deyilsən.

Mən sənə nə deyim, günahın böyük,
Vaxtını vermisən küləyə, yelə.
Erkəndən oyanıb işə gedərdin,
İndi gün günorta, yatırsan hələ.

Nə qədər üzümə baxırsan mənim,
Mən də istəmirəm danlayım səni.
Bir yaxşı əməlin gəlmir ağlıma,
Bəhanə eyləyim, anlayım səni.

Nəfəsin soyuyub, kəsərsən məni
Qışın şaxtasının qılıncı kimi.
Saçına ağ düşüb, ömrün saralıb,
Tənha bir qocanın balıncı kimi.


***
Böyük Allah kəlamından biridir:
Vətən uğrunda ölənlər diridir.
Torpağın köksünə canlar qarışır,
Bu, Vətən sevgisinin təsviridir.

Budur haqq davası, haqqın əsası.
Əsgərim düşmənə tutdurdu yası.
Biz türk oğluyuq, ay başına dönüm,
Axan hər damla qanın var qisası.

Torpağımda iti azmışdı yadın.
İndi sorsan, unudub, bəlkə, adın.
Bir ölüb, min dirilən xalqıq biz,
İşini yarım qoymarıq Poladın.

Gülnar Səmanın təqdimatında
/"Ədəbiyyat qəzeti"/
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031