Xalq şairi Mirvarid Dilbazinin xatirəsi yad olunub
Avqustun 19-da müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 109 illiyi münasibətilə “Azərkitab” kitab mərkəzində tədbir keçirilib.
Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə "Mirvarid Dilbazi poeziya məclisi” ictimai birliyinin sədri, şair, publisist Güllü Eldar Tomarlı açaraq Mirvarid Dilbazi yaradıcılığının Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunda xüsusi yer tutduğunu və gənc nəsillərə bir örnək olduğunu vurğulayıb.
Tədbirdə "Mirvarid Dilbazi poeziya məclisi" ictimai birliyi və "Mişov" mədəniyyət dərnəyinin birgə təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn Aqşin Ağkəmərlinin "Təbrizdən Təbrizə" hekayələr kitabı ictimaiyyətə təqdim olunub.
Kitabın "Ön söz" müəllifi Xalq şairi Nəriman Həsənzadə kitabın xüsusi incəliklə yazıldığını və oxucularının rəğbətini qazanacağını əminliklə vurğulayıb. O, sonra Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazini xatırlayaraq, onun haqqında xatirələrini bölüşüb. Mirvarid Dilbazi adına yaradılmış ictimai birliyə xeyir-dualarını verərək, bu yolda şair, publisist Güllü Eldar Tomarlıya uğurlar arzulayıb.
Şair, nasir, publisist və tərcüməçi Aqşin Ağkəmərli "Təbrizdən Təbrizə" hekayələr kitabının belə əlamətdar gündə təqdim olunmasından məmnunluğunu bildirib.
Tədbirdə çıxış edən tarix elmləri doktoru Əkrəm Rəhimli, tənqidçi- şair Əsəd Cahangir, tədqiqatçı-yazıçı Ramiz Göyüşov, şairələr Südabə İrəvanlı, İlham Qazaxlı, Zeynəb Kazımova, Zərəngiz Dəmirçi Qayalı və başqaları çıxış edərək Mirvarid Dilbazinin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, kitabın redaktoru şair, publisist Güllü Eldar Tomarlıdır.