Dərd tikan bitirir, gül bitirməyir - Şeirlər
Manera.az gənc şair Zaur Sahilin şeirlərini təqdim edir:
Bilirəm
Dərdi tikan kimi əkdiyim üçün,
İndi çiçək kimi dərə bilirəm.
Səni bu dünyada seçdiyim üçün,
Tanrım,o dünyada görə bilirəm.
Əlinin istisi gözümə nurdu,
Dilimin istisi sözümə nurdu,
Qoyub gedəmmirəm torpağı,yurdu,
Mən də dağ bilirəm,dərə bilirəm.
Könlümün içində dürrsən,İlahi,
Mənimçün tək-tənha,birsən,İlahi,
Bəs niyə Zaura sirsən,İlahi,
Mən adam bilirəm, hərə bilirəm.
***
Yer üzündə nə görürüksə,
Hamısı torpaqdan ibarətdi.
Bir cüt gözümüzdən başqa.
Dərdi ürəyimə əkdin,
Gülün dərməyə.
Ancaq bilmədin ki,
Dərd tikan bitirir.
Gül bitirməyir.
***
Əslində yollar uzun deyil,
Addımlar uzun.
Əslində addımlar uzun deyil,
Adamlar uzun.
Boyumun çatdığı qədər görüb,
yaşayıram həyatı.
***
Ürək Tanrı tərəfindən,
İnsanın içərisinə yerləşdirilmiş,
Bir bombadır.
Onun partlaması üçün,
Qurulan vaxt ərzində
yaşayır insan.
***
Kim dedi kimin oğlusan,
Kimdi ki, adamın sənin.
Dedim vətənin oğluyam,
Vətəndi adamım mənim.
***
Həyatımı
Kim-Kiməm?
Nə-nə edirəm?
Hara-Haradayam?
Sualıyla yaşayıram.
Cavabı öləcəyəm deməkdi.
***
Tanrının əkdiyi,
Torpağın bitirdiyi,
ən bol məhsuldu,insan!
Tanrının ən dadlı
qidasıdı,
Tanrı acanda ölür,insan!
***
Bir cüt ayaqqabım gəmi kimidi,
Üzür ayaqlarım ölümə sarı...
Anamın sevgisi
Anam deyərdi-
Yalnız,səni yaşamağa gətirdim.
Beşik-tabuta,
Layla-oxşamaya,
Yatmaq-ölümə
bənzədiyi üçün.
Bunları, sənə qıya bilmədim.
***
Dişlərimin sayı qədərdir
Ömrümün günləri.
Bir gün ölüb gedəcəyəm,
Ürəyimi atacağam üstünə.
Vaxtın olsa çiçək kimi,
Gətirərsən büstümə.
***
Mən, bəzən
bənzərsizliklə üzləşirəm.
Sənsizləşirəm
***
Yağış gözlərimin içi boydadı,
Tökülür üstümə göz yaşı kimi.