manera.az
manera.az

Vidalar soyuq olurmuş - Xaqani Abbasəli Öztürk

Vidalar soyuq olurmuş - Xaqani Abbasəli Öztürk
Manera.az Xaqani Abbasəli Öztürkün Adilə Nəzərin “Mən və sonrası” kitabı haqqında düşüncələri yazısını təqdim edir:

İnsan zəkasının ali dərəcəsi olan təfəkkür, fikirin duyğusal yönünə yenik düşəndə poeziya adlı mifik aləmi yaratmağa sevdalanır... Bu aləmin əzəli-əbədi müsafiri olan ruh təlvin dediyimiz yaşam tərzinə müptəla olur. (Təlvin təsəvvüfdə haldan-hala keçmə, rəngdən-rəngə keçərək, ruhi dəyişkənliyə deyərlər)

Ulu bir gerçəklikdir ki, hər kəsin zövqü qabiliyyətinin tutumu qədər olur... Olsun, məndə bu yazımda insanın iç dünyasının sevincilə, kədərilə poemasını yaradan bir şairə xanım əfəndinin şeir zövqünün zövqündən söz açmaq fikrimin dilmaclığını yapacağam.
O, şairə xanım əfəndini deyirəm ki, bir zamanlar könlündən baharı tərrənnüm etmək keçsə də, yollar onu payız və qışın yollarından keçməyə məcbur edib.

Şairə xanım əfəndi dediyim hər kəsə bənzəməyən, üç nöqtələri şeirinin əvvəlində qoyan, şeirlərində yaşayan Adilə Nəzərdi.

Adilə xanımın bir çox titulları var, alimdi, müəllimdi, “Kitab Evi” İctimai Birliyinin sədridi və s. Amma hər şeydən əqdəm şairdi və məndə onun bu ilahi yönündən söz açacağam.

... Dua-dua yüksəlib göy üzünə qalxan harayından, onun pəncərəsində ümidinin edam kürsüsünə çıxdığı axşamlardan, heç günaha batmayan kəlmə və kəlamlardan bir zikir təsbehi düzməyə çalışacağam.

Mənim düşüncə tərzimə görə şeir ilahi duaların əfsəlidi. Adilə Nəzər yazır ki;

Dua-dua yüksəlib qalxıram göy üzünə,
Amin kimi qayıdıb dönürəm yer üzünə.
Heç günaha batmamış kəlmələr axtarıram,
Tapıb.... amma yazmıram -
mürəkkəbə bulaşar...
Qorxuram boş söhbət tək
Onlar kirli ağıza, acı dilə dolaşar.


... Şeir Allahla şairin arasındakı sirrin faş olan formasının adıdı məncə, çünki alınıb-verilən nəfəsin arasında yazıldığından onun ikinci əli olmur.
“Günaha batmamış kəlmələr” şeirinin son misrasında Adilə Nəzər yazır ki;

Əgər əlim çatmasa sənə bir ömür boyu
o səhəri, baharı
günahsız kəlmələrə büküb rəsmin çəkərəm.
Sonda... dünya seyr edər.
Sənə yaraşdırmıram ikinci əl şeirlər.


Mənə görə şeir insanın içini və çölünü hərəkətə gətirən bir hərəkətdir, qüvvədir.
Bundandır ki, Adilə Nəzər yazır ki, -

Mənim şeirlərim “axşam-sabah”dır,
Gülü açılmağa axşamlar başlar.
Bir sinədolusu çəkilən ahdır,
Qərənfil baxışlar, bənövşə yaşlar.

Vidalar soyuq olurmuş - Xaqani Abbasəli Öztürk
Şeir yazmaq hər kimsələrə nəsib olmayan ilahi bir ibadətdir. Çünki bu ilahi ibadəti vaxt-bivaxt edən şairlər “Mülki-bəqadan” fani cahana gəldiklərindən hey Allaha dönməyə özləm duyurlar. Bu özləmin adı Eşqdir. Mənə görə Adilə xanımın şeirlərinin sevilməsinin əsas qayələrindən biri də onun yaradıcılığının təməlində ilahi-ədalət, ilahi-eşq olmasıdır.
Adilə xanımın bayat şeyirlərinin, bayat dərdini dindirsən həp təzə-tərdi.... Çünki, -

Sən mənim can evimin
Təməl bina daşısan,
Evim çökəcək deyə
Söküb ata bilmirəm.


Adilə Nəzərin özü demişkən, şeirlərindəki sevgi, yanğı, iztirab şeirə könül verənlərin yaşantıları ilə üst-üstə düşdüyündən, könül əkizliyi yaşayır.
Könül əkizliyi demişkən xanım əfəndinin könlümə od salan bir şeirdən, tüstüsü təpəmdən çıxan bir neçə misrasını siz möhtərəm oxuculara ünvanlamaq istərəm.

Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim,
Edam kürsüsünə çıxır hər axşam.


Və yaxud .... həmin şeirdə:

Solur üzümdəki o tər baxışlar,
Tanrı surətini verməyib demək.
Görünür payızda yağan yağışlar,
Yeddi rəng olmayır yaz yağışı tək.


Deyərlər ki, ayna ona baxanı göstərər... Mən də Adilə Nəzərin şeirlərində güzgülənməyə davam etmək istəyirəm. Öz baxış acımdan baxsam məncə Allaha yolçuluqda yol boyu oxunan ən gözəl dua elə şeirdir.
Adilə xanımın “Mən və sonrası” şerlər kitabını oxuyanda könlümə, ruhuma qohum misralar məni məcbur etdi deyim ki, şeir Adilə Nəzərin taleyidi.
Adilə Nəzərin yaradıcılığının önəmli xüsuslarından biri də odur ki, onun bir çox yaradıcılıq nümunələrində varlıqla yoxluğun bir görüş nöqtəsi var. Amma xanım əfəndi bu görüş yerinə gəlməkdən qaçınır, çünki öz təbirincə desək.

Tezdi, ver beş-on il möhlət
Qələmə borcum var hələ.
Sonra gəl ey, əlahəzrət,
Mən tələsmirəm ölməyə.


“Həsrət” onun yaradıcılığının nəqarəti kimidir.
(Bu məqamı özəlliklə vurğulamaq istəyirəm ki, Adilə xanım insan kimi mərd xanımdır. Ulu bir gerçəklik var ki, mərdlik elə əslində ruhun əks-sədasıdır.)
Qələm adamının milli hissi özünə bağlılıqdır. Bu anlamda Adilə Nəzər şansı yavər yaradıcıların sırasındadı:
Bu bir danılmaz həqiqətdir ki, müəllifsiz əsər olmur. Hər yaradılışın öz yaradıcısı var. Dünyada ən böyük yaradıcı Allahdır. Çünki Allahın yaratdığı əsər yer-göy, kainat, insandı. Fəqət insanın yaratdığı, müəllifi olduğu əsər ruhun mahiyəti olan yox olma məqamdır ki, ondan da var olan gözəl şeir, hekayə və s. yaranır.
O şeir ki... -

Daşıya bildiyindən artığını yüklədim,
Sözdən başqa dayağı olmayan kürəyimə.
İçin-için kövrəldim, xəfif-xəfif səksəndim,
Küçə lampalarının sarı öskürəyinə...


Günümüzdə barmaqla sayılacaq qədər söz adamı haqqında könül xoşluğu ilə söyləyə biləcəyim bir həqiqəti: - “Şair Allahın yer üzünə göndərdiyi sonuncu mələkdir” həqiqətini Adilə Nəzər haqqında gözümü qırpmadan dəfələrlə söyləyə bilərəm.

Ruhumdakı bu yanğı
Axı nədi? - bilmirəm.
Kipriklərim düşməndi,
Yuxu nədi bilmirəm.

Alnımı boş qoydun ki,
Öz adını yazasan?!
Tanrı, dön bir mənə bax
Özünü arzulasan...


Adilə xanımın yaradıcılığındakı insanlıq sevgisi umumi sevgi fəlsəfəsinin bir parçasıdır. Ona görə sevgi özü sirri açılmamış sirli dünyadı.
Adilə Nəzərinin şeirlərində simgələşən həqiqət ondan ibarətdir ki, - gerçək ibadət aşiqindir.
Adilə Nəzərə görə gerçək eşqin fərzi aşiqlikdir.

Yoxdu bu həsrəti gücüm çəkməyə,
Gəlmir bu kor tale daha əynimə.
Dəyməzmiş daş üstə çiçək əkməyə,
Əkirəm, daşürək almır eyninə.

Adilə xanımın şeirlərinin dili öz ana dilində olduğundan oxucuda çaşqınlıq yaratmır.
Əslində yaranan sənət əsərlərinin, fərqi yoxdu şeir olsun, hekayə olsun və yaxud başqa janrlarda olsun, əsas amacı, qayəsi, məramı yoxdan sənət duyğusu yaratmaq deyil, var olan duyğuları oyaq tutmaqdır. Təhtəlşüurda olun duyğuları şüura gətirməkdir.

Gerçək olan odur ki, könüllərə taxt quran xalqı heyranlıq zirvəsinə çıxaran və doğma dildə doğma ifadələrlə yazılan şeir hər zaman diri olur və öz müəllifini də əsrlərin ötəsinə aparır.

Torpağın hər gülü, çiçəyi sevgi,
Həyatın çirkini, göyçəyi sevgi.
Bu yalan dünyanın gerçəyi sevgi,
Tanrı məhəbbətə tövbə istəmir.


Ulularımızın deyimlərindən süzülüb gələn bir gerçək var ki, şairin könlünü almaq, onunla həmsöhbət olmaq elə ibadətdir. Düşünürəm ki, macalımın bu dar məqamında məndə Adilə xanım əfəndinin yaddaşımda qalan bir neçə şeiri ilə könüldaşlıq etdim, dərdləşdim və onun nəticəsi olan bu yazı parçası yarandı. Bəlli həqiqətdir ki, sonsuzluqdan sonsuzluğa olan yolun ortası olmaz və mən də başladığım kimi bitirirəm, fəqət sözlərdən düzdüyüm təsbehin kəsərini oxucu dənələdikcə verəcək.

Düşünürəm ki, Allah ömürdən möhlət versə Adilə Nəzərin “gözlərinin qalıcı qonağı var” dediyi qonağı başqa bir yazımda sizlərə açıq-açıq söyləyəcəm.
Gəldi vida məqamı, gəldi və mən də bu yazımı Adilə xanımın “Vidalar soyuq olurmuş” şeirinin son bəndi ilə ilə tamamlayıram.

Bu da son, qırıldı güvənim yenə,
Sən demə, sevən qəlb qırıq olurmuş.
Götür sevgimizdən qalan nə varsa,
Geyərsən, vidalar soyuq olurmuş...


Xaqani Abbasəli Öztürk
AYB-in üzvü,şair-yazar
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30