manera.az
manera.az

Abdulla Şaiqin uşaq poeziyası

Abdulla Şaiqin uşaq poeziyası
Azərbaycan uşaq ədəbiyyatının inkişafında, milli uşaq poeziyasının formalaşmasında Abdulla Şaiq yaradıcılığının rolu danılmazdır.

Azərbaycanlı ailəsində dünyaya göz açan hər bir uşağın sözlə, poeziyayla tanışlığı ana laylasından sonra Abdulla Şaiqin şeirlərilə başlayır. Uşaqlar çevrəsiylə, onları əhatə edən ətraf mühitlə, bir parçası olduqları dünyayla bu şeirlər vasitəsilə tanış olurlar.

"Qərənfil", "Bənövşə", "Uşaq və dovşan", "Keçi", "Bahar" kimi şeirlər vasitəsilə təkcə təbiətlə ünsiyyətə girmir, həm də əylənə-əylənə ətrafdakı varlıqları öyrənməyə başlayırlar.

Abdulla Şaiqin obrazları ilə uşaqların səmimi ünsiyyətinin bir səbəbi bu mətnlərin dilinin sadəliyi idisə, bir səbəbi də bu sadəliyin içindəki dərinlik və məna yüküdür. Eyni zamanda pedaqoq olan Abdulla Şaiq uşaqların psixologiyasını yaxşı bildiyindən, onların maraq dünyasına yaxından bələd olduğundandır ki, bir əsrdən çoxdur çox sevdiyi uşaqların sevimli şairi olaraq qala bilmişdir.

Pedaqoq, tərcüməçi, dramaturq, nasir və ədəbiyyatşünas kimi fəaliyyət göstərən Abdulla Şaiqin yaradıcılığının uşaq ədəbiyyatı ilə bağlı sahəsi daha ağır gəlir. Ələmdar Quluzadənin dəqiqliklə ifadə etdiyi bir fikri var: "Uşaqlar üçün yaxşı yaza bilməkçün onların səviyyəsinə qalxmaq lazımdır". Fikrimcə, şair burada uşaqların səviyyəsinə qalxmaq deyəndə, onların göy üzü kimi təmiz, hələ kinin, küdurətin, həsəd və hiylənin çirkləndirmədiyi büllur dünyalarını nəzərdə tutur.

Düşünürəm ki, Abdulla Şaiq poeziyasının əbədiyaşarlığını şərtləndirən, ədəbiyyatşünas Cavanşir Yusiflinin təbirincə desək, "Abdulla Şaiqi davam edən hadisə"yə çevirən amillərdən ən birincisi xislətindəki təmizlik və saflıqdır. Ədəbə, elmə verdiyi yüksək dəyər, insanlığı, dünyanı gözəlləşdirmək üçün yorulmadan, usanmadan xidmət etməsidir.

Şair "İşıq mənbəyi" şeirində vətənin hər bucağının işıqlı, abad olması cəmiyyətin tərəqqisi və inkişafı üçün xüsusilə qadınların təhsilli olmasını vacib sayır, gələcək nəsillərin hürr yaşaması üçün onları böyüdən anaların azadfikirli və dünyagörüşlü olmasının gərəkliyini vurğulayırdı. Elmə, biliyə önəm verən şairin uşaqları təhsilə, savad almağa səsləyən çox sayda şeirləri var.

Yuxarıda da qeyd etdiyimiz kimi, elmə, təhsilə önəm verən şair məktəblilər üçün bir neçə dərslik və oxu kitabları hazırlamışdır. Hər yeni açılan təhsil ocağı bu pedaqoq-yazıçının sevincinə səbəb olurdu. 1919-cu ildə indiki Bakı Dövlət Universitetinin yaranması münasibətilə "Tələbə həyatı" pyesini, 1921-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin marşını böyük fərəh hissi ilə yazmışdır.

"Doğdu günəş qırmızı, can gülüm, can-can" deyən Abdulla Şaiqin uşaqlar üçün yazdığı şeirlərində düşüncə və fikirlərindən qaynaqlanan bir günəş istisi, bir gün işığı hakim idi.

Yəqin, razılaşarsınız ki, "Hamımız bir günəşin zərrəsiyik" - təkcə Azərbaycanın deyil, bəşəriyyətin, bütün dünya uşaqlarının duyğu və düşüncəsini ifadə edən, uşaq hüquq və haqlarının müdafiəçisi olan qurum və təşkilatların loqosu olacaq qədər dərin və işıqlıdır.

Hamımız bir yuva pərvərdəsiyik!
Hamımız bir günəşin zərrəsiyik!
Ayırmaz bizləri təğyiri-lisan,
Ayırmaz bizləri təbdili-məkan.
Ayırmaz bizləri "İncil", "Quran",
Ayırmaz bizləri sərhəddi-şəhan.
Ayırmaz bizləri ümmanü mühit,
Ayırmaz bizləri səhrayi-bəsit.
Ayırmaz bizləri həşmətli cibal,
Ayırmaz: şərq, cənub, qərb, şimal.


Heç bir dinin, dilin, qütbün, formasiyanın insanlar arasında sərhəd yaratmasını istəməyən şairin arzusu bütün bəşəriyyəti azad və hürr, vəfa və dostluq içində görmək idi. Başqa bir şeirində zülmə heykəl qoyan sultanlara etiraz edir, sayələrində çürümüş və sönükləşmiş dünyaya, parçalan, - deyə ittiham oxuyurdu.

Uşaqlar üçün yazdığı hətta kiçikhəcmli şeirlərdə maraqlı dialoqlar quran şair həm də bu bədii nümunələrdə rəngarəng, dolğun və təbii lövhələr yaratmış, sanki haqqında danışdığı predmeti qələmlə deyil, fırçayla təsvir etmişdir:

Parça-parça düşərək quşbaşı, göydən yerə qar,
Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar.
Bürüyür ortalığı tül kimi bir incə duman,
Qarı birdən sovurur göylərə müdhiş burağan.
Toplayır bir yerə gah qarları bir dağ kimi,
Gah qazır, gah qaşıyır, damları dəbbağ kimi...


Qarlı-boranlı qışın canlı lövhəsini yaradan şair bu sənətkarlıq keyfiyyətinə, həmçinin "Fidan", "Payız", "Bənövşə", "Quzu" və bir çox adını çəkmədiyimiz şeirlərində də nail olmuşdur. Ancaq şairin yaradıcılığı təkcə gülü, çiçəyi, dağı, çəməni tanıdan nümunələrdən ibarət deyildir. O, eyni zamanda bir çox əsərlərində böyük ustalıqla uşaqlara dərin mənalı mesajlar da ötürə bilmişdir. Məsələn, "Layla" şeirinə nəzər salaq. Şeirin adı "Layla" olsa da, bu, ənənəvi, anaların beşik başında körpələri yatırmaq məqsədilə dedikləri layla deyil, nə qədər paradoksal görünsə də oyandırmaq, ayıq salmaq üçün söylənən layladır:

Layla mələgim, körpə balam, sevdiciyim, yat!
Bir də ələ düşməz bu uşaqlıq dəmi, heyhat!
Türk oğlusan, əcdadın ulu, şanlı, sərəfraz,
Doğma vətənindir bu başı qovqalı Qafqaz.
Yat körpə ikən öz beşiyində hələ rahət,
Almış yenə ətrafı duman, fırtına, zülmət.
Getdikcə coşub Kür özünü daşlara çarpar.
Saçdıqca köpük dalğalanar, hiddəti artar.


Şair beşikdə uyuyan çocuğu xəbərdar edir, xəbərdar edir ki, vətənin olan Qafqazın başı daim qovğalardadır, nə qədər ki, körpəsən, rahat uyu, sonra səni böyük mübarizələr və mücadilələr gözləyir. Yaxud "Şərq gözəli" şeirinin üçrəngli gözələ həsr olunduğunu bəlkə də, hər oxucu bilmir.

Bir zaman olmuşdun Şərqin əsiri,
Şimdi çeynər səni Qərbin zənciri,
Ey adaxlısına həsrətli pəri,
Qalx, gətir, nerdə al duvağın sənin!


İstiqlalı, hürriyyəti əsərlərində və əməllərində təbliğ edən ədib üçün milli azadlığın böyük dəyəri və anlamı var idi. Təsadüfi deyildir ki, Məhəmməd Əmin Rəsulzadə "milli istiqlalın sevincini ilk duyanlar"ın cərgəsində Abdulla Şaiqin də adını çəkirdi.

Vurğulamaq istəyirəm ki, folklordan, xalq müdrikliyindən, klassik Azərbaycan ədəbiyyatının dəyərlərindən, tərcümə və tədqiq etdiyi rus və Avropa ədəbiyyatının ən yaxşı keyfiyyətlərini özündə əxz edən Abdulla Şaiq poeziyası təkcə milli uşaq ədəbiyyatı fondunun deyil, özündə bəşəri ideyaları sərgilədiyi üçün həm də dünya uşaq ədəbiyyatının bənzərsiz nümunələri sırasına daxildir.

Abdulla Şaiqin uşaq poeziyasıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123456
78910111213
14151617181920
21222324252627
282930