Yoxluğunda çıxır canım - Yeni şeirlər
![]()
Əli Rüzgar
Və
Bir gün solar çiçəklər,
Həsrətini iylərəm.
Sən məni yad bilərsən,
Mən səni yad eylərəm.
Səmadan sətirlərə
Uşaqsansa əzizim,
Çıx gəl gedək gəzməyə.
Yerə yağış atmağa,
Göyə ulduz düzməyə.
Çiçəklərə qonarıq,
Balaca bir quş olub.
Dalğalara düşərik,
Balıqlara qoşulub.
Sən aypara olarsan,
Çevrilərəm mən günə.
Paltarımız bulaşar,
Göyqurşağı rənginə.
Uşaqsansa əzizim,
Dur gəl gedək gəzməyə.
Yerə yağış atmağa,
Göyə ulduz düzməyə.
Sevirəm
Quşları sevirəm,
Balıqları da.
Uçmağı bacarmasam,
Üzməyi bilməsəm də.
Səssizliyi sevirəm
elə uşaqları da.
Sığırçınım
Ey ömrümün tən yarısı,
Bu dağların çiçəyinə,
Çiçəklərin ləçəyinə,
Daha gəlmir bal arısı.
İtgin düşüb gecələrin,
Ən sevimli ulduzları,
Şirin-şəkər, şən qızları,
Uşaqları küçələrin.
Yoxluğunda çıxır canım.
Ovuclarım quş yuvası:
Yiyəsi yox boş yuvadı
Dön, əlləri sığırçınım.
MANERA.AZ