Sən mənim nitqimin nida yerisən - Şeirlər

***
Qadın demə adına,
Uğruna yanası de!
Adın demə qadına,
Peyğəmbər Anası de!
Qız demə, gəlin demə,
Qul demə, kölən demə.
“Az” demə, ”qalın” demə,
Könlümün sonası de!
Demə dərdə salandı,
Demə canım alandı,
Bil ki, sənə qalandı,
Adımı anası de!
03.09.2018
***
Mən bir yağış damlası,
Sənsə susuz bir ağac.
Qoy süzülüm pöhrənə,
Budaq-budaq çiçək aç.
Damcı-damcı sızım mən,
Duman tozun tökəsən.
Təpədən dırnağadək,
Məni özün çəkəsən.
Çiçəklərin sehrinə,
Düşüm qoxlayım səni.
Bahar olum tacında,
Özüm saxlayım səni.
Elə yağım yarpağa
Çəni üstünə salsın.
Göyqurşağı ləçəklər,
Məni köksünə alsın.
***
Sevirəm deməyə elə qorxuram,
Deyirəm könlümün hədə yerisən.
Sən mənim dilimin sual, vergülü,
Sən mənim nitqimin nida yerisən.
Elə cümləsən ki,nöqtəsin qoyub,
Ömrümün sonuna çata bilmirəm.
Könlümün ahəngin elə pozmusan,
Bir qayda- qanuna qata bilmirəm.
Səni elə yazım,elə düzül ki,
Mürəkkəb üstünü qaralamasın.
Bütün sətirlərdən elə keçirim,
Hecalar köksünü yaralamasın.
Baxım sən adlanan sənli mətnimə,
Yeni söz toxuyum doya biləsən.
Dilim ürəyinə özgə deyil ki,
Qoy səni oxuyum duya biləsən.
Sevirəm deməyə elə qorxuram,
Deyirəm könlümün hədə yerisən.
Sən mənim dilimin sual,vergülü,
Sən mənim nitqimin nida yerisən...
02.08.2018
***
Səni sevməyə nə var,
Çətindir məni sevmək!
Çətindir ürəyimdə,
Dumanı, çəni sevmək!
Çətindir gözlərimdən,
Səni oxuya bilmək.
Baxışın izlərindən,
Qəmi toxuya bilmək!
Ruhumun əllərini,
İsitmək də çətindir!
Zamanın dillərini,
Kiçiltmək də çətindir!
Hələ çətindən çətin,
Gecəmi gündüz etmək!
Günün enindən çətin,
Boyunu dümdüz etmək!
Bil ki, elə çətindir,
İçində gülümsəmək.
Sənə belə çətindir,
Mənə də mənimsəmək!
23.06.2018
***
Elə qəfil çıxasan, sevgi yolum üstünə,
Əllərim tez boşala, düşə qolum üstünə.
Ürək sağa fırlaya, eşq də solum üstünə,
Ürəyimlə yanaşam, əlim yanaşmaz ola.
Elə lal-dinməz olum, sözdən ötə bilməyim,
Baxışından sıyrılıb, gözdən itə bilməyim.
Həyacanın sehrini üzdən ata bilməyim,
Gözlərimlə danışam, dilim danışmaz ola!
Kirpklərim süzülə, bir-birinə qarışa,
Baxışlarım üzülə, gözlərinə soruşa.
Sarı tellər düzülə, tellərinə yaraşa,
Tellərinə qovuşam, telim sovuşmaz ola!
09.06.2018
Məryəm ƏLİYEVA