Gəl, gedək arzular çin olan yerə - Yeni İmza

MANERA.AZ "Yeni İmza" layihəsində Zərintac Həsənovanın şeirlərini təqdim edir:
Ümid hardadır?
“Ümid hardadır?” demə,
Arasan hər yerdədir;
Bir körpənin üzündə,
saf, təmiz gülüşündə,
məsum-məsum seyr edən
inci gözlərindədir.
O, deyil gələcəkdə,-
ümid keçmişindədir,
çəkdiyin hər acının
gizlənən üzündədir.
Ümid yollarda deyil,
Ümid işıqda deyil,
diqqət yetir, görərsən;
elə ən parlaq ümid
qaranlığın özündə.
Bir dostunun sözündə,
Bəzən uğursuzluqda,
bəzən də sevincdədir,
Arasan, hər yerdədir.
İlk öncə, öz'ünə dön:
Ümid öz içindədir.
***
Yağmur yağır, könlüm yenə üşüdü.
Quru ağac oldun mən;
yarpaqlarım töküldü.
Baxırdım qəmgin-qəmgin
bu sulu pəncərədən.
Bilməm, yağmur damlası,
yoxsa mənim göz yaşım
süzülürdü şüşədən?
Göylər qan ağlayırdı,
Biri yağış altında
keyiflə rəqs edirdi.
axı insanların da bəzisi ağlar ikən
bəzisi də gülərüz,
acıdan xəbərsizdi.
Ola bilər, əziz dost,
sənin yağmur sandığın
mənim göz yaşlarımdır.
Düşün, bəlkə, baxdığın
göyqurşağı deyil də,
kədərimin rəngidir,
kinli baxışlarımdır.
Bizim dünyamız
Gəl, gedək səni ilk yazdığım yerə,
Gəl, gedək səndən ilk qaçdığım yerə,
Sənə qəlbimi ilk açdığım yerə,
O yerlər ki bizi ayırmış indi.
Gedək xəyallardan doğan dünyaya,
Ayları, illəri, hey saya-saya,
Bu xain, vicdansız, zalim zamana
Hamıdan incikəm, qırğınam indi.
Gəl, gedək arzular çin olan yerə,
Gedək kədərin olmadığı yerə,
Çiçəklər heç vaxt solmadığı yerə,
Axı küskün gültək quruyam indi.
***
Demədiyim sözləri mən,
Qələmimlə yaza bildim.
Sevilməyi, sevgini mən,
Şeirlərdə tapa bildim.
Nifrətim yox insanlara,
İnamım da yox onlara,
Bu dünyada kitablara,
Dəftərlərə sığa bildim.
***
Söylərmisən, nədir axı məhəbbət?
Sənin məni sınadığın şeydirmi?
Gözüm yaşlı, qəlbim sınıq yollarda
Hər gün-hər gün aradığım şeydirmi?
Söylərmisən, buldunmu heç sən onu?
Doya-doya yaşadın incinmədən?
Söylərmisən, heç verdinmi məhəbbət
Bir ürəyi qırmadan, incitmədən?
Necə çətin şeydir, ah, bu məhəbbət
Yara yara, yaralıya dərd olur.
Heyif, adı kimi gözəl deyildir,
Həm yaşamaq, yaşamamaq dərd olur.