manera.az
manera.az

Vahid Səməd Vurğunun hansı məsləhətini yerinə yetirdi? - XATİRƏ

📅 24.05.2021 19:55

Vahid Səməd Vurğunun hansı məsləhətini yerinə yetirdi? - XATİRƏ
Səməd Vurğunla Əliağa Vahidin görüşü

(Mirzə Cavadın S.Vurğun və Ə.Vahidlə bağlı xatirəsi)

1939-cu ilin payız fəsli idi. Bir gün Vahid mənə dedi:

– Səmədi ürəyim istəyir, dur gedək onun yanına.

O vaxt Səməd Vurğun Fioletov küçəsindəki 6 nömrəli binada yaşayırdı. Qapını döydük, orta yaşlı, başında Gəncə kəlağayısı, qarayanız, göyçək bir qadın qapını açdı. Biz Səmədi soruşduqda, – Səməd iş otağındadır, buyurun, – dedi. İçəri keçdik.

Hörmətli şairimiz Abdulla Şaiqi də Səmədin yanında görüb şad olduq. Onlar biz gələnə qədər Səməd Vurğunun Nizamidən tərcümə etdiyi «Leyli və Məcnun» poemasını oxuyurmuşlar. Səməd Vurğun bizi mehribanlıqla qarşıladı. Vahidin qolundan yapışıb, divanın üstündə əyləşdirdi.

– Nə yaxşı gəlmisən, mən səni görəndə həmişə böyük Füzuli yadıma düşür. Mənə elə gəlir ki, o da sənin kimi xoşsifət, ürəyi məhəbbətlə dolu bir şair olub.

Şaiq müəllim söhbətə qarışdı:

– Ay Səməd, Vahidin Azərbaycanda Füzuli yadigarı olduğunu mən də təsdiq edirəm. Amma gərək onu bir imtahana çəkək.

Şaiq ani olaraq gözlərini yumdu və Vahidə xitabən Füzulidən bu beyti dedi:

Deyilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.


Səməd üzünü Vahidə tutub dedi:

– Hə, ay Azərbaycanın yeni Füzulisi, müəllimimiz Füzulinin bu sözlərinə nə əlavə eləyə bilərsən.

– İcazə verin, – dedi, – Füzulinin bu beytini təxmis edim, – və bədahətən başladı:

Diyari eşqə soltanəm, bəlalar çox çəkib başım,
Cəlali-şövkətim qəmdir, hücumi-dərd fərraşım.
Ömürlərdir axır kuyində yarın qanlı göz yaşım.
«Deyilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım».

Səməd Abdulla Şaiqə dedi:

– Şaiq müəllim, Füzulinin şagirdi imtahandan necə çıxdı?

Abdulla Şair gülümsündü:

– Vahid bu imtahandan Vahid kimi çıxdı.

Səməd Vurğun Vahidə dedi, gəlin hərəmiz bir qəzəl deyək. Vahid dedi.

Vahidin qəzəli Səməd Vurğunu yerindən oynatdı, qələmi Vahiddən alıb bu beytlə başlayan qəzəlini yazdı:

Ey könül, min namə yaz bir gülüzarın eşqinə,
Can evindən seyrə çıx bir nigarın eşqinə.


Qəzəl və bəzi şeirlərdən sonra Səməd Vurğun dedi:

– Sənin oxucun çoxdur. Get Azərnəşrə, tapşırmışam. Kitabının təzə nəşrini hazırlarkən bir şeyi yadında saxla: qəzəl bizim xalqımızın çox sevdiyi ədəbi janrdır. Xalqımız səni qəzəl ustadı kimi tanısa da, çalış kitabın təzə nəşrində qəzəllərlə yanaşı, başqa janrlarda da şeirlər olsun.

Vahid öz qələm dostunun – Səməd Vurğunun məsləhətini yerinə yetirdi. Kitabın təzə nəşrində müasirlərimizin həyatından alınan şeirlər və qitələr də yazıb əlavə etmişdi.

«Ədəbiyyat və incəsənət» qəzeti, 24 oktyabr 1986, № 43 (2230), s.7.

Eltac Elmanoğlunun təqdimatında


Baxış sayı - 1 412 | Yüklənmə tarixi: 24.05.2021 19:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031