manera.az
manera.az

Lirikanın ustadı - Vahid haqqında xatirələr

📅 13.05.2021 03:00

Lirikanın ustadı - Vahid haqqında xatirələr
(Mirmehdi Seyidzadənin Əliağa Vahidlə bağlı xatirələri)

* * *
Əliağa Vahidlə məni qohumum, dostum, görkəmli tərcüməçi İsgəndər Nəfisi tanış etmişdi. Vahidlə İsgəndər Azərnəşrdə korrektor vəzifəsində çalışırdılar, həm də yaxın dost idilər.

Ədəbiyyat tarixində elə yazıçılar var ki, müakəmməl təhsil almayıb, ancaq fitri istedadı və çox mütaliə ilə məşğul olduğu üçün gözəl əsərlər yazıb-yaratmışlar. Qəzəlləri dillər əzbəri olan Əliağa Vahid də belə şəxsiyyətlərdən idi. O, inqilabdan əvvəl iki ya üç il ibtidai məktəbdə təhsil görüb, yazıb-oxumağı öyrənmişdir. Hələ o zaman satirik şeirləri ilə mətbuatda çıxış etmişdi. İnqilabdan sonra qızğın ədəbi fəaliyyətə başlayan Vahid lirik qəzəllər yazmaqla bərabər mətbuat səhifələrində satirik əsərlərini də çap etdirmişdi. Vahidin təbi çox rəvan idi. O çox zaman şeirlərini bədahətən söyləyərdi. Dəfələrlə onun bədahətən şeir söyləməsinin şahidi olmuşam.

* * *

Vahid korrektor işlədiyi zaman nahar fasilələrində zarafat üçün yumorist şeirlər söyləyirdi. Mən Vahidlə tanış olandan sonra arabir bizə söhbətə gələrdi. Hər dəfə deyərdi:
– Sizə qovurma-xəngəl yeməyə gəlmişəm.

* * *

Əliağa bəzən tərcümə ilə də məşğul olurdu. Tərcümə etməkdə çətinlik çəkəndə bizə gəlir, ona kömək etməyimi xahiş edirdi.

* * *

Vahid bədahətən dediyi iki misra şeirə başqa rəng verib bədxahları onu ləkələməyə çalışmışdılar. Vahid əhvalatı belə nağıl edirdi:

– Bir toy məclisində müxtəlif səviyyəli adamlar yeyib-içib məclisə səs-küy salmışdılar.

Dostlarımdan biri şeir oxumağımı xahiş etdi. Məclisdəki əhvali-ruhiyyəni görüb bədahətən aşağıdakı beyti dedim:

Tutalım əsrimizin həzrəti Musası mənəm,
Bu vurhavurda necə möcüzə icad eləyim.


Buna görə də adım mətbuat səhifələrinə düşdü. Yoxsul ailədən çıxdığım halda mənim şeirimə başqa məna verilmişdi. Nə yaxşı ki, Ruhulla Axundov mənim köməyimə çatdı.

* * *

Vahidin ilk qəzəllər kitabı 1939-cu ildə çapdan çıxmışdı. Bir gün Vahid çox sevinclə bizə gəldi. Kitabını mənə təqdim etmək üçün gəlmişdi.

Dedim:

– Hə yaxşı vaxtda gəlmisən, bu gün mənə müjdə verdilər ki, dünyaya bir oğlum gəlib!

Vahid qələmini çıxarıb qəzəllər kitabının titulunda bədahətən yazdı:

Dedim, tarix yazım əllə qələmim,
Xəyalım böylə bir mənaya gəldi.
Bir oğlu olubdur Seyidzadənin,
İkinci Füzuli dünyaya gəldi.


Vahidə dedim ki, Əliağa Füzuli ad deyil, ləqəbdir. Mən oğlumun adını Araz qoymaq qərarına gəlmişəm.

Vahid dedi:

– Araz da vətənin simvoludur, gözəl addır.

* * *

Azərnəşrdə işlədiyim zaman bir gün Vahid nəşriyyata gəlib dedi:

– İnqilabdan əvvəlki həyatdan uşaqlar üçün satirik bir mənzumə yazmışam, mollaxana həyatını, qoçuların çirkin işlərini tənqidə tutmuşam.

İnqilabdan əvvəlki həyat səhifələrini göstərdiyi üçün bu əsəri mən o zaman kitab şəklində çap olunmaq üçün hazırlamışdım.

* * *

Əliağa Vahid bədiyə deyən şairlərlə şeirləşməyi sevirdi. Bir dəfə yazıçılarla May bayramı nümayişinə çıxmışdıq. Cavan ikən aramızdan getmiş şair Bəbir Məmmədzadə də bizimlə idi.

Vahidə dedim:

– Bəbir Məmmədzadə ilə şeirləş görək kim-kimi bağlayar?

Bəbirlə Vahid deyişməyə başladılar. Əvvəlcə Bəbir qalib gəldi. Vahid bir az pərt olmuşdu. Biz gülüşməyə başladıq. Azacıq fikirləşəndən sonra Vahid misraları yağış kimi yağdırmağa başladı. Bəbir Məmmədzadə təslim oldu.

* * *

Böyük Vətən müharibəsi illəri idi. Estrada artistlərindən Ağayev qardaşları mənə müraciət edib repertuarları üçün müxtəlif mövzularda satirik əsərlər yazmağı xahiş etdilər. Mən dostum Əliağa Vahidi də bu işə cəlb etdim. Biz birlikdə bir neçə satirik şeirlər yazdıq.

* * *

Bir gün mən rəssam dostum Qəzənfər Xalıqovun evində idim, qapı döyüldü, Əliağa Vahid içəri girdi. Qəzənfər Vahidi çox səmimi qarşıladı. O, Vahidin qəzəllər kitabının bədii tərtibatını hazırlayırdı. Vahid kitabın cildini görməyə gəlmişdi.

Qəzənfər cildin tərtibatını ona göstərdi. Vahidin çox xoşuna gəldi. Burada qəzəllərin məzmunu lirik planda əks olunmuşdu. Vahid təşəkkürünü bildirib getməyə hazılaşırdı. Ümumiyyətlə, bir yerdə əyləşməyə nədənsə Vahidin qərarı gəlməzdi. Bizim evə də gələndə həmişə tez gedərdi. Qəzənfər Vahidə əyləşib çay içməyi təklif etdi:

Vahid dedi:

– Dünən yox srağagün çay içmişəm, tez-tez çay içmək olmaz.

Mən zarafatyana dedim:

– Vahid şirin şərabı qoyub acı çayı içməz.

Vahid gülümsəyib otaqdan çıxdı.

* * *

Bunu da qeyd edim ki, Hüseyn Cavid də Vahidin əruz vəznini çox yaxşı bildiyini və fitrətən şair yarandığını söyləyirdi. Ancaq istedadlı şairin bayağı deyilmiş misralarını tənqid etməkdən də çəkinməzdi. Bir dəfə Vahidin «Yerə sərilləm, xəliyəm mən» misrasından xoşlanmadığını bildirdi.

Növbəti görüşlərimizin birində ədəbiyyatdan danışanda Vahid dedi:

– Mən bisavadam, təhsil görməmişəm.

Cavabında Vahidə dedim ki, mükəmməl təhsil görməsən də özünə böhtan atıb bisavad demə, çünki sən ədəbiyyatı yaxşı bilirsən. Bizim böyük şairlərimizin Füzulinin, Seyid Əzimin, Baharın, Azərin və başqalarının qəzəllərini əzbər deyirsən.

Doğurdan da Vahid məclislərdə həmişə Füzulinin, Seyid Əzimin ən gözəl qəzəllərini əzbər söyləyib təhlil edirdi. Çox yaxşı hafizəsi vardı.

Bəzən dərin mənalı misralar söyləyirdi. Onun:

Fələk büküb belimi intiqam alır məndən,
Əduya bax ki, bu halətdə kam alır məndən –


misraları şah beytdir. Belə misralardan Vahidin qəzələrində çoxdur.

* * *

Vahidi nikbinlikdə Şərqin böyük şairi Xəyyamla müqayisə etmək olar. Mən bu fikirdə olduğum üçün Ömər Xəyyamdan tərcümə etdiyim rübailər kitabını yadigar olaraq Vahidə təqdim edəndə üstünə aşağıdakı misraları yazdım:

İlhamı alırsan ana yurdun gözəlindən,
Bir tazə bahar ətri gəlir hər qəzəlindən.
Ruhən o böyük dahiyə var səndə yaxınlıq,
Vahid, oxu Xəyyamı, buraxma öz əlindən.


Eltac Elmanoğlunun təqdimatında


Baxış sayı - 1 198 | Yüklənmə tarixi: 13.05.2021 03:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031