manera.az
manera.az

Amin Namazlı - Cin dərəsinin nağılları

Amin Namazlı - Cin dərəsinin nağılları
(Hekayə)

Mən cin dərəsinə çatanda elə bil havadan asılmış su damcılarını görk olsun deyə yerə əndərdilər.

Bozarıb gedən, ayağın altında xışıldayan torpağın üstünə düşəndə yağış damcılarının elə bil cızdağı çıxırdı. Bir belə rəngdən-rəngə dönəsən gəlib boz-bulanıq torpağa qarışasan, muradın gözündə qala. Yaxşı ki, harda başlayıb harada yoxa çıxdığı bilinməyən beyni qanlı külək topalanmış buludları başımın üstündən qovub özü kimi sərgərdan eləməyə apardı. Başım təbiətin kiçik tamaşasından açılanda nəzərim qabağımda çiyin-çiyinə verib dayanan bir kökdən olan yeddi qardaş ağaca yönəldi...

Bu ağacın olduğu dərə elə bir yerdədir ki, sanki bura təbiətin özünün də yadından çıxıb. Burdan saatlarla piyada yol getməlisən ki, hansısa bir it küçüyünə rast gələsən. Daşı-torpağı susuzluqdan mər-mər mələyən dərənin yaşı dünyanınkıyla birdir.. Onun gözləri önündə əsrlər dəyişib, amma o, həmişə olduğu kimi qalıb. Kökü torpaqdakı elə yerlərə bağlıdır ki, heç bir qüvvə onu yerindən tərpədə bilməz. Bu ağac bizim həm ən böyük qorxumuz, həm də ən böyük marağımızdı. Biz onun nağıllarıyla böyümüşük, qorxusuyla yuxuya getmişik, həniriylə ürəyimizə ülvi hisslər yayılıb. Elə bil, o, köklərini adamların ürəyinə doğru uzadır.

Dünyadakı əksər ağacların meyvəsi, yarpağı olur, amma bu ağacın nə yarpağı var, nə də meyvəsi. Onun sonuncu dəfə yarpaqladığını görənlər min illərdir ki, ağacın mayasına qarışıblar. Adamlar ölüb, amma ağacın əhvalatı lisandan-lisana, insandan-insana keçib və öz sirrini qoruyub.

Belə nağıl eləyirlər:

Dağların hələ balaca qum dənəsi, fırtınaların körpəcə rüzgar olan vaxtlarıymış. Pir olan dərədəki tək ağacın budaqları külək əsdikcə ləngər verir, küləyin dağların başından qovub gətirdiyi duman dərənin üstündə oynayırdı. Meyvələri... İnsanlar ağacın meyvələrinin rəngini, şəklini hətta varlığını belə unudublar. Belə ki, karvanlar dərənin həndəvərindən keçəndə yolçular həm öz gözlərini, həm də heyvanlarının gözlərini bağlayardı. Özgə zaman olsa dartınıb irəli-geri var-gəl edəsi heyvanlar səs çıxarmaz, ağaca sayğıdanmı, ya sahiblərinin ürəyindəki əndişəni hiss etdiklərindənmi qımıldamazdı. Yolçular bir əlləri ilə miniklərini yedəkləyər o biri əllərinə əsa alıb cığırla yolu yoxlaya-yoxlaya gedərdi. Dərənin qurtaracağındakı çayın qıjıltısını eşidənə kimi qaranafəs irəliləyər, gözlərini açmazdılar. Övliya-ənbiyalar dönə-dönə tapşırar, qütbün ağac olan cəhətini unutdurmağa çalışardılar.

Camaat elə bilirdi ki, şimşəklər bu dərənin üstündə çaxır, buludlar səmaya buradan səpələnir, ölülərin ət-qanı ağacın kökləri ilə sovrulub buraya yığılır. Ona görə bu ağac bu qədər uzun yaşayır, insanlar öldükcə dirilirdi.

Arvadlar əllərinin xamırını, urvasını silkələyə-silkələyə pıçı-pıçı edib, ağacın kəramətini söylərdilər. Hamı uydurar, hamı inanardı.

Bir gün ətraf obalara səs yayıldı ki, bir nəfər (adı unudulub) pir olan dərənin yanından keçəndə göz bağı necə olubsa sürüşüb yerə düşüb. Maraq və qorxu onu sardıqca əllərini gözlərinə sipər edib gözlərini yavaşca aralayıb və eşidib. Gözlərini açanda elə bil bir sehrli aləmə düşüb. Sonralar belə yozdular ki, həmin kişi cinlərin yığıncağına düşüb. Orda nə görüb, eşidibsə gözlərinin qarası çəkilib, damarları ağac budağı kimi yoğunlaşıb, dırnaqları budaq-budaq uzanıb. Sonra da necəsə meyitini gətirib evinin qabağına mitil kimi tullayıb gediblər. Həmin gün adamlar qorxularından elə titrəyirmiş, dişləri necə bir-birinə dəyib şaqqıldayırmışsa, sanki dağlar yerlə göyün arasında qalıb xışxınım olur...

O gündən o dərəyə cin dərəsi deyiblər. Nağıllarına da cin dərəsinin nağılları. Yaşı dünyayla, cin dərəsiylə yaşıd nağıllar.



***

Maraq insan qəlbindəki bütün digər hissləri künclərə qısnayıb, ən dərin, toz tutmuş yerlərə qovubmuş. Qorxu hissi get-gedə yoxa çıxır, övliya-ənbiyaların sözləri unudulur. Obalardan, uzaq-uzaq ellərdən adamlar dalğa kimi gəlib dərənin yaxınlığında ləpələnib yoxa çıxır, ağacın gücündən ehtiyat edirdilər. Yaşlarını unutmuş, damaqları dillərini kəsən qocalar, dünya görmüşlər dərəyə ən yaxın kənddə məşvərətə yığılırlar. Qurbanlar kəsilir, qazanlar asılır. Hamının ürəyi bir vamda, bir havada vurur. Günün səhər işıqları gecə gözdən itənə kimi yığıncaq davam edir.

Qərara gəlirlər ki, kəndin dəlisini ağacdan meyvə dərməyə göndərsinlər. Rəvayətə görə bu meyvəni ölü yesə dirilər, cənnətlik yesə cəhənnəmə gedər, dəli yesə ağıllanardı.

Uşaqların dalına çalı bağlayıb boğazına kəndir keçirdib qapı-bacada oynatdıqları, təpəsinə daş dəyməkdən saçı çınqı-çınqı ağaran, tüpürülməkdən sifətini çopur basan dəli indi bir dəbə minmişdi ki... Hamı onu qapısına çağırır, ən gözəl yeməkləri yedirtmək, ən gözəl paltarları geyindirmək bəhsinə düşmüşdü. Dəli isə heç kimə məhəl qoymur, gözlərini qıyıb, buludlara tamaşa edir, qaçıb qoyun sürüsünün içinə girir, onlarla bərabər otlayır, qoçlarla buynuzlaşırdı.

Səhər tülkü durmazdan dəlini gətirib dərəyə gedən cığırın başında qoyub gözləyirlər. Dəli hər şeydən bixəbər gözlərini səhər olmasına baxmayaraq səmada ağaran Aya dikərək əl çalır, ayağının birini qoyub, o birini götürür. Elə bilirdi ki, buludların üzərində tullanıb-düşür, qoça bənzəyən buludla buynuzlaşır. Ağlı göylərdə, məchul boşluqda olsa da ayaqları ağaca doğru yol alır...

Ağacın meyvələri dəlinin ağlını başından alır. Əl atır meyvələrdən birini yarpaqlı-budaqlı qoparır və ağzının bərabərində tutub dişdək alır. Meyvə o qədər şirin olur ki, meyvənin şirnisi bütün bədəninə yayılır, damarlarına dolur. Dəli isə meyvəni elə hey yeyir, dodağının, damağının qanı kirəcləşir. Meyvə qurtara-qurtarda əlinə, barmaqlarına yayılmış şirəni də yalayır. O qədər özündən çıxır ki, barmaqlarını ağzında dişiylə qoparır. Qan əvəzinə şəkər axır bədənindən. Qışqırdıqca, çapaladıqca daha çox qana, qanla bərabər şəkərə qəltan olur. Özünü yeyə-yeyə, qum kimi xırdalır, yerlə bir olur. Küləklər onun şəkər külünü düzə-dünyaya yayır. O il elə bil bütün dünyanı dəlinin qarğışı tutur. Hansı ağacın torpağına bu dənələrdən düşürsə, o ağacların meyvəsi o qədər şirin olur ki, yemək mümkün olmur. Yeyənlər şirinliyindən, yeməyənlər acından ölür. Həmin il ağac da meyvələrini tökür və bir də heç vaxt bar gətirmir...



***

Bu əhvalat o qədər qədim zamanlarda baş verib ki...

Cin dərəsindəki yeddi qardaş ağacın gövdəsi bir qarışdan yoğun olmazdı. Deyilənə görə, yeddi qardaş ağacın bir bacısı da varmış ki, il boyu yarpaqlarının arasından güllər boylanarmış. Hələ heç kimin cin dərəsinin kəramətindən xəbəri yoxmuş. Heç ağac da adamlara o qədər qəzəbli deyilmiş.

Ayın günündə, günün birində bir odunçu baltası çiynində gəzə-gəzə gedib çıxır cin dərəsinə. Yaxınlaşıb ağacı danatlayır, əlini gövdəsində, budaqlarında gəzdirir. Nəhayət, ağaclardan birini nişan alır.

Balta körpəcə ağacların bacısının başında oynayır. Baltanın iti tiyəsi zərblə dəyib ağacın gövdəsini, körpəcə yarpaqlarını doğrayır. Bu zaman adamın əlinə isti qor dəyən təki yer dərəni, insanları atıb-tutur. Hər yer elə güclü təkanla silkələnirmiş ki, bulaqlardakı su qayıdıb gözlərə dolurmuş.

Bütün bitkilər dərddən yarpaqlarını yerə tullayır. O vaxtdan elə güllər oldu ki, bir də yarpaqlarını yerdən qaldırıb sinəsinə taxmadı. Bəzisinin yarpaqları dua edən, imdad diləyən əllər kimi göylərə ucaldı, mədəd dilədi.

O gündən ağac bir də yarpaqlamadı. Belə yozdular ki, ağac axır zamanda yenidən çiçəkləyəcək, meyvələyəcək. Bütün insanlığı onları bu yerlərə gətirən almalara qonaq edəcək. Göylərdəki ulduzların işıqları öləziyəndə yerdə yalnızca ağacın budaqları arasından işıq süzüləcək. Ağac necə yaranmışdısa eləcə də qəfildən kül olacaq. Yanacaq, adam oğlunun günahlarını tüstüsüz odda yandıracaq. Alov dillərinin istisi göydə buludları əridib yerə tökəcək.

Xəbər aldılar:

- Ağac nə vaxt kül olacaq?

Dedilər:

- Gözübağlı gəzən adamlar gözlərini açıb önlərini görməyəndə.

Aprel, 2021
Sumqayıt


/"Ədəbiyyat qəzeti"/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930