manera.az
manera.az

Sən ey uca millət, uca dövlət, uca insan - Yeni şeirlər

Sən ey uca millət, uca dövlət, uca insan - Yeni şeirlər
MANERA.AZ Qi Or Elin (Əyyub Qiyas) yeni şeirlərini təqdim edir:

Qazilər

Bir qolu dirsəyindən qopub düşüb savaşda,
Bir ayağı yol alıb
ondan qabaqda gedir.
Gözlərində qəlpənin istisi qalıb hələ,
Don vurmuş barmaqları hələ can üstündədir.

Yanağında iz qoyub neçə mərmi parçası,
Alov onun üzünü tamam yandırıb-yaxıb.
Döyüşlərin birində qəfil düşmən gülləsi
Sinəsinə möhür tək bir cüt qərənfil taxıb!

Keçmiş şəkillərinə
arabir baxıb durur...
Bu necə yaraşıqdır, nə gözəl gülüşü var.
Aynadakı əksini görəndə köks ötürür:
"Yəqin bu sir-sifətdə bəyənməz məni qızlar..."

Əlil arabasına çöküb -
tutub başını...
Neçə gündür dinləyir ürəyinin səsini:
"Niyə şəhid olmadım?
Bu necə yaşamaqdır?!
Gərək bir yolla tapım başmın çarəsini!"

Elə bilir ki daha
sevgidən uzaq düşüb.
Elə bilir ki, daha
dost-tanışa yük olub!
Hələ fərqində deyil hansı ucalıqdadır,
Qazandığı zəfərlə bu millət böyük olub!

Nə bilsin üzündəki
çapıq yaraşır ona,
Ayağını çəkəndə ana torpaq sevinir.
Köynəyinin bir qolu
çiynindən sallansa da
Əllərilə sancdığı neçə bayraq sevinir!

Hələ bilmir savaşı dastan olub dolaşır,
Hələ bilmir qızların ürəyinə od qoyub.
Döyüşdə ayağını itirməklə bu oğlan
Tarix kitablarında bir əbədi ad qoyub!

Hələ xəbəri yoxdur milyonlarla yurddaşı
Onu köksünə sıxıb,
alqışlamaq istəyir.
Onun kimi döyüşə qatıla bilməyənlər
Ona öz ürəyini bağışlamaq istəyir.

Neçə şəhid qardaşın əvəzinə yaşamaq,
Əvəzinə qocalmaq düşüb onun bəxtinə!
Qoltuğuna sıxdığı bir cüt qol ağacıyla
Bayraq kimi ucalmaq düşüb onun bəxtinə!

Hələ fərqində deyil O ucalıq rəmzidir,
Bu millətin qəlbində uca olacaq yeri!
Başını dik tutacaq, qəddini əyməyəcək!
Çünki canıyla alıb bu möhtəşəm zəfəri!
Çünki baş tacımızdır Qarabağ qaziləri!
07 dekabr 2020

Şəhidim

Qaldırıb bayrağını, haydı, oğul, get irəli!
Onu bil ki, tökülən qan qarışır torpağına!
Sən zəfərçün doğulub nər igid oldun, onu bil,
Onu bil ki, hər şəhid can qarışır torpağına!

Sənə süd verdi döşündən anamız – Qurd Anamız!
At belində doğulub dünyaya gəldin, ay oğul.
Bu şanlı torpağı verdi sənə Boz Qurd anamız!
Tez ol, hay ver səsinə, gözləmə hay ver, hay, oğul!

Şəhidim, can şəhidim, can şəhidim – qoç igidim!
Nə gözəl gündür bu gün – sən onu verdin Vətənə!
Qanın ilə boyanan şanlıca Türk bayrağını,
Qaldırıb göy üzünə, sonra da sərdin Vətənə!

Düşmənin kəs nəfəsin, al canını, tök qanını!
Bura Türk torpağıdır, göstər ona son hünəri!
Göydə Allah da bilir yerdə Türkün ünvanını,
Sən qanınla yaza bildin o yerə, sən, zəfəri!

Mənim tanıdığım xalq

Yalın əllə çıxmışdı tankın, topun önünə,
Ürəyində azadlıq atəşi vardı onun.
Ruhunu xəncər etdi köləliyin köksünə,
Öz qanı ilə pozdu tarixin min oyunun –
Mənim tanıdığım xalq!

Yetmiş il yol gəlmişdi bugünə qovuşmağa,
Səadəti beşikdə boğulmuşdu bu xalqın.
Küçələrə çıxmışdı zülmlə vuruşmağa,
İçində yeni ümid doğulmuşdu bu xalqın...

Bu xalq əsarət bilməz, hürr olubdur əzəldən.
Tarixin hər daşında silinməz imzası var!
On səkkizdə diriliş ruhu oyandı birdən,
Sevinci çox sürmədi – cəmi ikicə bahar!

Düşmənə kölə olan neçə başçı böyütdü,
Çörəyini yeyənlər özünə asi oldu.
Hər evdə, hər ocaqda bir savaşçı böyütdü,
Gün gəldi o cocuqlar hər biri qazi oldu...

Bakı – qəhrəman Bakı, başı bəlalı şəhər!
O gecə divarları, daşları güllələndi.
Üzünə qan çiləndi, qanla açıldı səhər.
Anaların başına o gecə kül ələndi...

Amma qan qorxutmadı, döndərmədi yolundan,
Bu millət əsarətin libasını soyundu.
Büdrəyib yıxılanda tutan yoxdu qolundan...
Özündə təpər tapdı, ayaq üstə dayandı.

O gün oyanış günü, qürur günüydü o gün,
"Başın sağ olsun, Vətən!", "Anacan, getdim, sağ ol!"
Şəhid tabutlarıyla süslənmişdi büsbütün
Min illik bir tarxidən azadlığa gedən yol...

Mərə kafir, sanma ki, bu xalq həmin xalq deyil,
Həmin ruhdur, həmin qan, bir də həmin o MİLLƏT!
Bu xalqın dirlişi sarsılmazdır onu bil,
Bu xalqın bir adı da hürriyyətdir, hürriyyət!
Mənim tanıdığım xalq!

Diriliş marşı

Sən ey uca millət, uca dövlət, uca insan,
Min yol önünü kəssə də zillət, yenə varsan!
Ram eyləyə bilməz səni sellər, gur ocaqsan,
Sönməz bir ocaqsan! Olacaqsan! Yanacaqsan!

Türk milləti vulkan kimidir - yağmura sönməz!
Türk əsgəri haqq bildiyi yoldan geri dönməz!
Bir tamdır bu torpaq, mərə kafir, və... bölünməz!
Ölməzdir bu millət! Onu bil, hər zaman, ölməz!

Hər bir şəhidin ruhu gəzir göydə, dayan, bax!
Minlərlə şəhid qanına batmış ulu torpaq!
Azadlıq üçün təşnə qalıbdır daha ancaq,
Vaxtdır, daha vaxtdır, sinənə sancıla sancaq!

Çatmış da qisas vaxtıdır, məşəlləri yandır!
Bir an dediyim an yetişib, an həmin andır!
Sən ey mərə kafir, görəcəksən, qana qandır!
Bir seldir gəlir, qarşısına çıx da dayandır!
Bir seldir gəlir, qarşısına çıx da dayandır!

Sən ey uca millət, uca dövlət, uca insan - Yeni şeirlərБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930