manera.az
manera.az

Ey Şəhid! Haqqını halal et bizə - Şeirlər | Manera.az

Ey Şəhid! Haqqını halal et bizə - Şeirlər | Manera.az
MANERA.AZ Qalib Nuri Arifin şeirlərini təqdim edir:

EY ŞƏHİD

Ey Şəhid! Vətəni qorumaq üçün,
Düşmən gülləsinə sipər oldun sən.
Qanınla xəritə cızaraq bu gün,
Bizlərə eylədin əmanət - Vətən.

Ey Şəhid! Qarşında biz ağlayırıq,
Almadın həyatdan sən öz kamını.
Düşmənə vermədin aman bir anlıq,
Aldın məzlumların intiqamını.

Ey Şəhid! İgidlik dastanı yazdın,
Tarixə şəhidlik möhürü vurdun.
Düşmən yazdığını qanınla pozdun,
Torpağın adını sən Vətən qoydun.

Ey Şəhid! Qarşında baş əyirik biz,
Sönmüş ocaqlara ruh verdin yenə.
Sahibsiz, yiyəsiz qəbirlərimiz,
Əsarətdən çıxıb döndü Vətənə.

Ey Şəhid! Gözlərin bulağı oldun,
Ruhundan qəlblərin çeşməsi daşır.
Hər qəlbdə, könüldə doğma iz qoydun,
Hər evdə-ocaqda adın dolaşır.

Ey Şəhid! Qürurla anamız Vətən,
Şanlı bayrağıyla bələdi səni.
Çünki, o bayrağı öz qanınla sən,
Boyayıb qorudun Ana Vətəni.

Ey Şəhid! Ruhunu alan mələklər,
Şəhadət verdilər şəhidliyinə.
Allah məqamına verərək dəyər,
Cənnətdə imarət qurdurub sənə.

Ey Şəhid! Ulduzlar kimi məkanın,
Əlçatmaz səmada olacaq artıq.
Səni görmək üçün hər gün səmanın,
Sən olan nuruna boyanacağıq.

Ey Şəhid! Vətənə qurban olaraq,
Qanınla adını yazdın üstünə.
İndi dalğalanıb üstündə bayraq,
Odlu salamını çatdırır sənə.

Ey Şəhid! Ölümə qalib gələrək,
Döndün ölməzliklə əbədiyyətə.
Qəhrəman ruhuna salam verərək,
Hər gün doğulursan sən bu millətə.

Ey Şəhid! Getdiyin Cənnətdə səni,
Nur üzlü şahzadə qarşılayacaq.
Peyğəmbər nəvəsi İmam Hüseyni,
Görəndə sevincin aşıb-daşacaq.

Ey Şəhid! Haqqını halal et bizə,
Qalan ömrümüzü borcluyuq sənə.
Qoymadın xal düşə qeyrətimizə,
Canını verməklə qurban Vətənə.

ƏSGƏRİM

Əsgərim, dikilib nəzərlər sənə,
Zəfər marşlarını gözləyir hamı.
Dayaqsan, dirəksən ana vətənə.
Hər kəs addımından alır ilhamı.

Əsgərim, düşmənə mərhəmət etmə,
Düşmənin erməni şərəfsizdir, bil.
Təsliməm desə də, yaxına getmə,
Nadandan alçaqlıq kənarda deyil.

Əsgərim, mərhəmət edib bir zaman,
Düşməni ocağa yaxın buraxdıq.
Sonda etdi bizə iftira, böhtan,
Doğma yurdumuzda ocaqsız qaldıq.

Əsgəri, coş, dünya silib gözünü,
İgidlik tarixi yazanı görsün.
Meydanda yarımçıq qoyma sözünü,
Vətən səndən zəfər gözləyir bu gün.

Əsgərim, inanma barış deyənə,
İnamın arxandan zərbə vuracaq.
Məgər dərs deyilmi, dünənlər sənə,
Türkmənçay, Gülüstan təkrar olacaq...

Əsgərim, Xocalı qan yaddaşındır,
Orda fəryad edir şəhid ruhları.
Düşməni kor eylə, qarşında sındır,
Bir daha baxmasın türklərə sarı.

Əsgərim, sərhəddən sərhəddə qədər,
Hər yerdə ləpirin imzandır sənin.
Şəhid ruhlarına andından keçər,
Hər qarış torpağı ana Vətənin.

Əsgərim, qeyrəti sənsən bu yurdun,
Uşaq da, böyük də sənə güvənir.
Halaldır düşmənə sən diz çökdürdün,
Diz çökmüş düşmənin aman dilənir.

Əsgərim, bu dəfə gəl amansız ol,
Peşman olacaqsan sağ qoysan əgər.
Düşmənə mərhəmət eylədik min yol,
Qoyma, təkrarlana yenə tarixlər.

Əsgərim, həddini bildirməlisən,
Yurduna göz dikən düşmənə bu gün.
Haqq da səninlədir, görürsən ki sən,
Açılıb şərəfli meydan səninçün.

Əsgərim, qılıncı açma belindən,
Qılınc Atilladan mirasdır sənə.
Miras sahibinin ruhunu duy sən,
O ruhdan güc-qüvvət dolar qəlbinə.

SEVGİLİ DÜNƏNİMİZ

Sevgi dolu dünənimiz qoy olmasın nağıl deyə,
Mən qarşında dayanmışam, cəsarətlə söz deməyə.
Pozulmasın ilqarımız, mən razıyam baş əyməyə,
Ehtiyacım bircə sənsən, burax kini gəl köməyə.

Çoxlarını yandırardı bir görəndə mənlə səni,
Yaddaşında saxla bunu, unutma sən mən deyəni.
Bir Allahdır inamımız, bağışlayır səhv edəni,
Biz Allahın bəndəsiyik, odur böyük, eşit məni.

Yandırsalar od-alovla, uf demədən diri-diri,
Kəssə məni şaxta, boran, çəkilmərəm bir an geri.
Əgər varsa zərrə qədər bir qığılcım ümid yeri,
Birdəfəlik gəl unudaq dünya boyda dərdi, səri.

Qəlbindəki daşı çıxart, öz əlinlə tulla yerə,
Keçmişimi yada salıb ağlayıram indi belə.
Mən qarşında diz çökərək yalvarıram dönə-dönə,
Bu oyuncaq deyil gülüm, bu bir damğa sənə, mənə.

Bu fəlakət, bu təlatüm, bu fırtına olacaqdır,
Ömrü boyu gözlərimiz qəm-qüssəylə dolacaqdır.
Bağımızda bitməyəcək yeni çiçək, açanlar da solacaqdır,
Kiminçünsə həyat şirin, bizə fəryad qalacaqdır.

Qalacaqdır bizə fəryad, bu sən istəməsən də var,
Nə məndə əvvəlki güc var, nə də sənin qüvvə çatar.
Sevgi dolu dünənimiz onda artıq nağıl olar,
Biri vardı, biri yoxdu, boş xatirələr baş qatar.

YAZIQ SEVGİ

Uşaq kimi biz oynadıq sevgimizlə,
Ən ucuz bir oyuncağa döndü sevgi.
Bilmədik ki yox edəndə əlimizlə
Əl çatmayan zirvələrdən endi sevgi.

Düşünmədik ağlımızla zərrə qədər,
Düşünmədik incidərək ağladacaq.
Bilmədik ki, içimizdən doğub qəhər,
Leysan olub göz yaşları yağdıracaq.

Biz sevgiyə dost olmadıq, düşmən olduq,
Düşmən olduq gülə-gülə özümüzə.
İndi isə alovlanıb yanan oduq,
Yazıq deyib, su tökən yox üstümüzə.

Qazancımız yanmaq oldu sanki birdən,
Uşaq vaxtı uşaq kimi hamı çaşır.
Biz sevgiyə bir dağ çəkdik, osa bizdən
Ömrü boyu yandırmaqla uzaqlaşır.

SÖZ

Nə qədər böyükdür sözün dəyəri,
Düşündüm bir şeir yazım sözümə.
Qələmi götürüb açdım dəftəri,
Ağ vərəq heyrətlə baxdı üzümə.

Qələm yeridikcə varağın üstə,
Hərflər birləşib söz yaradırdı.
Hər söz bir həyəcan yaradıb üzdə,
Hər hərf bir fikrə imza atırdı.

Ağzımdan bakirə çıxan kəlmələr,
Qələmin dilindən həyat alırlar.
Ağıl qəlbdən dəstək alırmış məgər,
Sözlər vərəq üstə naxış salırlar.

Qəlbin bulağından ağlın süzgəci,
Sözləri süzərsə bal kimi olar.
Tək ağlın sözünün yetişməz gücü,
Yoxsa başqa qəlbə çətin yol tapar.

Ayıq ol, ay Qalib, söz deyəndə sən,
Qəlbindən əqlinlə vəhdət yaransın.
Ya xeyir, ya da şər, hamısı sözdən,
Məna donu geyir, xəbərin olsun.

Əvvəlcə sözünlə özünü sına,
Sözün zərbəsini qəlb duyur ancaq.
Dəva yox, dərman yox söz yarasına,
Odur ki, sözlərlə diqqətli olaq.

DİL

Çəkisi az olsa da, bədəndə cəsusdur dil,
Çünki hər hadisənin səbəbi dilə daxil.
Otuz iki əsgərin qoruduğu zindanda,
Dil hiyləgər məhbusdur, fürsət arar hər anda.

İstəsə sahibini dağ başına qaldırar,
Ya yüz arşın quyunun göydən dibinə atar.
Zikr eləsə Allahı, uzaq olar bəladan,
Himayəsində saxlar onu uca Yaradan.

Hikmət şəkəri dadsa, ətrafa məna səpər,
Ondan şəfa taparlar saf duyğulu könüllər.
Dilinə sahib çıxan dərdini dərman bilər,
Dilə azadlıq verən dilindən əzab yeyər.

Ey dilim, sən də məni xəcil etmə cahanda,
Demə yerim dardır çox, bu qaranlıq zindanda.
Qismətinə şükr elə, qaranlıq vətənindir,
Şükr etməklə qoruyar səni əzabdan səbir.

Şəbi-arus günündə onsuz məhbuslar o gün,
Əfv alacaq, zindanlar boşalacaq büsbütün.
Odur ki, ey dilim sən, diqqətli ol sözünə,
Azadlıqda cənnətin yolu açılsın sənə.

Boşboğazlıq eyləsən, hər iki dünyada, bil,
Cəhənnəmdə alışıb kül olacaqsan ey dil.

GöyçayБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930