manera.az
manera.az

Bayrağım Şuşada ucalır bu gün! - Şeirlər

Bayrağım Şuşada ucalır bu gün! - Şeirlər
Qələbə müjdəsi

Gül, ey Azərbaycan, gözlərin aydın,
Əzildi zəhərli ilanın başı!
Analar, bacılar, ağı deməyin,
İndi qismətimiz sevinc göz yaşı!

Ey Şuşam, bir daha gözlərin aydın,
Sənə sahib çıxdı mərd oğulların.
Adını tarixə yazdı hünərlə,
Dosta dost, düşmənə sərt oğulların!

Gözəl Qarabağım, eynin açılsın,
Sən artıq deyilsən düşmən tapdağı.
İndi al qoynuna zirvələrində,
Ulduzlu, hilallı üçrəng bayrağı!

Haçandır qoynundan uzaq düşmüşdük,
Səninlə həsrətin otuzdur yaşı.
Hüsnünü görməyən fidan oğullar
Uğrunda qan tökür, şirtək savaşır!

Sən də dön - yurdundan perik düşənim,
Məhəbbət çiçəyim, xarıbülbülüm!
Hələ yaraları təzə olsa da,
Bir ağız oxusun barı bülbülüm!

Ali Baş Komandan, sən də var ol ki,
Qələbə sevinci yaşatdın bizə!
Hünər tariximə yazdın adını,
Sanki işıq verdin gözlərimizə!

Ruhunuz şad olsun, şəhid oğullar,
Dəniztək çağladı Vətən sevginiz!
Ölümün gözünə dik baxa-baxa
Şəhidlik zirvəsi fəth etdiniz siz!

Ey müzəffər ordum, eşq olsun sənə,
Sən öz savaşınla tarix yaratdın!
Verib türk oğluyla çiyin-çiyinə,
Qələbə eşqiylə murada çatdın!
10.11.2020

Bu gün

Ey Şəhid anası, daha tutma yas,
Şükür, qiyamətə qalmadı qisas!
Zəfər müjdəsinə özün qulaq as,
Ordum yağılardan öc alır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!

Düşmən qapı-qapı düşüb sülənir,
Boynunda torbası yardım dilənir.
Başına göylərdən odlar ələnir,
Qısıb quyruğunu alçalır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!

Dünyaya səs salan bir ordu qurdum,
Xilasa səslədi Qarabağ yurdum.
Zirvələr fəth edir müsəlləh ordum,
Xalqın vəhdətindən güc alır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!

Bəsdir çəkdiyimiz qəm-qüssə, yetər,
Yeni tariximi yazmaqda əsgər.
Bu haqq savaşımız dillərdə əzbər,
Dostlar zəfərimə əl çalır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!

Yırtıcı, qaniçən vəhşiylə tənin,
Sonu şər toxumu əkib-biçənin!
Növrağımı görən mənfur düşmənin
Gənci də həsəddən qocalır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!

Səkkiz noyabrın bu şanlı günü,
Ali Baş Komandan verdi müjdəni:
“İti qovan kimi qovduq düşməni!”
Türk oğlu düşməndən bac alır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
08.11.2020


Türk oğlu türkəm!...

Aslanlar gücü var dizimdə mənim,
Şimşəklər toqquşar gözümdə mənim.
Axtar həqiqəti sözümdə mənim,
Tuncam, qranitəm, poladdan bərkəm,
Yurdum Azərbaycan, türk oğlu türkəm!

Palıdtək söykənsək çiyin-çiyinə,
Həddi nə, dil açıb düşmən öyünə!
Qurdlar çaqqalları almaz eyinə,
Qalalar içində alınmaz Ərkəm,
Yurdum Azərbaycan, türk oğlu türkəm!

Mənə diktə etmə, ay adam indi,
Azadlıq yolunda inadam indi!
Poladam, Fəridəm, Muradam ... indi,
Mübariz qeyrətli özünüdərkəm,
Yurdum Azərbaycan, türk oğlu türkəm!

Bacarsan, kişitək danış mənimlə,
Vətən sevgisində yarış mənimlə.
Həm ləzgi, həm avar, talış... mənimlə,
Gör neçə millətə Vətəndir ölkəm,
Yurdum Azərbaycan, türk oğlu türkəm!

Çətin ki, ram edə tiranlar məni,
Göytürkəm, tanısın soranlar məni.
Sarsıtmaz tufanlar, boranlar məni,
Vətən varlığımdır, çiynində kürkəm,
Yurdum Azərbaycan, türk oğlu türkəm!

Əbədiyaşardır qurduğum dövlət,
Üçrəngli bayrağım yurduma zinət.
Sadəyəm, içimdə olmaz xəyanət,
Dosta sədaqətli, yağıya görkəm,
Yurdum Azərbaycan, türk oğlu türkəm!

Rahil Məmməd
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair
2017-ci il prezident təqaüdçüsü
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031