manera.az
manera.az

Hayana gedib Anam - Fərqanə Mehdiyeva

Hayana gedib Anam - Fərqanə Mehdiyeva
Manera.az tanınmış şair Fərqanə Mehdiyevanın "Hayana gedib Anam" silsiləsindən şeirlərini təqdim edir:

Hayana gedib anam

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Adam qalmır soruşum–
Hayana gedim anam.

Uşaqları yanında
Canını qoyub gedib;
Atam təzə aldığı
Donunu qoyub gedib.

Qaranlıqda itənim
İşığa oxşayırdı;
Elə qocalmışdı ki,
Uşağa oxşayırdı.

Yeddi uşaq yellədən
Beşiyi qalıb belə.
Kəndi-kəsəyi, evi,
Eşiyi qalıb belə.

Dindirəndə can deyən
Adımı qoyub gedib.
Möcüzəyə bax, Allah,
Dəli kimi sevdiyi
Atamı qoyub gedib.

Dözəmmir yoxluğuna,
Həyət-baca ağlayır.
Hər səhər dən səpdiyi,
Toyuq-cücə ağlayır.

İçində dolu su da,
Sənəyi küsüb, Allah.
Neçə gündür süd vermir
İnəyi küsüb, Allah.

Doyunca geymədiyi
Toyluğu qalıb orda.
Anasından yadigar
Yaylığı qalıb orda.

Bəlkə uçub göylərə,
Günəşlə, Ayla gedib?
Üz-gözündə bayatı,
Dilində layla gedib.

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Siz deyin ay adamlar,
Hayana gedib anam?..

Anamın

Layla çaldı, dillər alıb, apardı,
Çiyni üstə illər alıb, apardı.
Sona idi göllər alıb, apardı
Baxışına baxammıram Anamın.

Azı min yol gündə aldı qadamı,
Kəlmələri ovundurur adamı.
Leyli çağı Məcnun edən Atamı –
Gülüşünə baxammıram Anamın.

Əllərini gəzdirəndə saçında,
Günəş batır təbəssümü saçanda,
Uşaq kimi qabağıma qaçanda,
Görüşünə baxammıram Anamın.

Təndir üstə, ocaq üstə ləngiyən,
Əzəl gündən sevgisini gen geyən,
Günü-gündən addımları səngiyən,
Yerişinə baxammıram Anamın.

Bu dünyanın acığına söykənir,
Obasına, ocağına söykənir,
Atam yonan ağacına söykənir,
Duruşuna baxammıram Anamın.

Qırmızı geyinə bilməyir anam

Mən özüm bilirəm nədi dərd-səri,
Bir sümük qalıbdı, bir də ki, dəri.
Nə az, nə də ki, çox 41-dən bəri,
Qırmızı geyinə bilməyir Anam.

Gözüylə gördüyü qan-qada qalıb,
Qardaş pencəkləri mıxçada qalıb.
Nişan üzükləri boxçada qalıb,
Qırmızı geyinə bilməyir Anam.

Bir saçın ağ hörüb, bir qara qara qızlar,
Anamın yaşıdı o qarı qızlar,
Görür ki, saralıb qara kağızlar
Qırmızı geyinə bilməyir Anam.

Bağrının başında yara dağ kimi,
Dolanır boynuna qara bağ kimi,
Neyləsin dərdi var Qarabağ kimi,
Qırmızı geyinə bilməyir Anam.
Məni də geyməyə qoymayır Anam…

Anama məktub

Göz aça bilmirəm iş-güc əlindən,
Əllərim qoynuna bükülüb qalıb.
Dağı aşırıram… eh.. işə nə var,
Ana, şeirlərim tökülüb qalıb.

Kimi bazar tikir, kimi ev-eşik,
Hamıdı… fırlanır bir yerin üstə.
Yarandığım gündən evim tikilib,
Mən sətir qoyuram sətirin üstə.

Yenə də dostlarım sağ olsun yenə,
Başımın üstünü kəsib dururlar.
Qızının kimi var bu dar şəhərdə
Könlünü şeirlə ovundururlar.

Dönüb gələcəyəm Kür tərəflərə,
Nə isə… bir həsrət köksümü sıxır.
Guya məktub idi yazırdım sənə,
Nəyə əl atıram şeirlə çıxır…

Yanvarın 1-nin şeiri

Ana zirvə imiş, ana dağ imiş,
Anasız ömür də gözə görünmür.
Səni təzə ildə itirdim, Ana,
Heç nə gözlərimə təzə görünmür.
Səni təzə ildə itirdim, Ana…

Gözümün ucuyla baxa bilmədim,
Mənə yolladığın sovqata, paya.
Görüb görkəmimi əridi Qar qız,
Söz deyə bilmədim Şaxta babaya.
Səni təzə ildə itirdim, Ana…

Yaxşı dada bildim fəslin qışından,
Xatirən könlümün sızlayan yeri.
Sarılıb daşına mən indən belə,
Necə qarşılayım təzə illəri?
Səni təzə ildə itirdim, Ana…

Mən geniş dünyada, sənsə yerin dar,
Bu bayram nə idi, düşdüm tilsimə.
Məzarın üstünə qar ələndi, qar…
Yoxsa bu da belə təbrikmiş demə?
Səni təzə ildə itirdim, Ana…

Gözləri yol çəkən payız kimiyəm,
Üzünə gülmədi bu gələn bahar.
Şəklini oxşayan yaralı neyəm,
Yığdım düyünçəyə köhnə nəyin var,
Səni təzə ildə itirdim, Ana…

Ana zirvə imiş, ana dağ imiş,
Anasız ömür də gözə görünmür.
Səni təzə ildə itirdim, Ana,
Heç nə gözlərimə təzə görünmür.
Səni təzə ildə itirdim Ana…

Anamdan yananı varsa

Tutub həsrətin əlindən,
Düşürəm üzü aşağı.
Bu halıma Kərəm yanar,
Çağırın gəlsin aşığı.

Məni elə özü sanan,
Durub qaçırsın yuxusun.
Anamdan yananı varsa,
Deyin bir ağız oxusun.

O qədər dərdinə yandım,
Hələ sümüyüm yanacaq.
Gedin, üzü dönüklərim,
Üzüm torpaq baxacaq.

Anam şəhərə gedir

Çıxardıb başından kəndin tacını,
Ocaqda yan üstə qoyub sacını,
Amanat tapşırıb həyət-bacanı,
Anam şəhərə gedir.

Nəvələr yapışıb, savaşa baxın,
Sovqat yığımından yarışa baxın,
sümsüyün sallayıb Alabaş, baxın,
Anam şəhərə gedir.

Atam köks ötürür baxır dalınca,
Sevgidi… gözündən axır dalınca,
Sarıqız tövlədən çıxır dalınca,
Anam şəhərə gedir.

Qulbündən çıxanı gətirir hərə,
Baxıb dua edir neçə min kərə,
Dırmaşıb çəpərə kəkilli fərə
Anam şəhərə gedir.

Bükür, bükələyir bu çörək, kökə,
Amma boğazından keçmir bir tikə
Baxın zənbilinə, özündən yekə
Anam şəhərə gedir.

Atamdan həftəlik alıb «hə»sini,
Öpüb, əzizləyir nəticəsini,
Qoynunda gizləyir pul kisəsni–
Anam şəhərə gedir.

Paxıllıq qonşunun qarısın tutub
Gəlinlər ətrafın, yörəsin tutub
Qırmızı xoruzlar sarısın udub
Anam şəhərə gedir.

Maşınlar şütüyür, hay-küyünə bax,
Nəvələr sevinir, bir öyünür ax.
Bu gün oğulgildə toy-düyünə bax,
Bu gün qızıgildə toy-düyünə bax,
Anam şəhərə gedir.
Anam şəhərə gedir.

Anamın tayları köçür dünyadan

Payız ömürləri qış alıb gedir,
Köçə bax, yenə də baş alıb gedir.
Dünyanın bir yanı boşalıb gedir,
Anamın tayları köçür dünyadan.

Baxdıqca bu işə vərdiş eyləyir,
Bu dərdi özünə bir iş eyləyir.
Yığıb dərdiyini pay-puş eyləyir,
Anamın tayları köçür dünyadan.

Hələ alqış edir ömürə yetik,
Baxın ha əlləri qoynuna bitik.
Deyir ta dünyanın axrına yetdik,
Anamın tayları köçür dünyadan.

Çevirir başını balınca gəlmir,
Sevgili çağları halınca gəlmir,
Gedən ayaqları dalınca gəlmir,
Anamın tayları köçür dünyadan.

Yuxusu tərsinə yozulur bir-bir,
Elə bil növbəyə yazılır bir-bir.
Uşaqlıq dostları azalır bir-bir,
Anamın tayları köçür dünyadan.

Az qalıb haqlasın yaşı səksəni,
Arabir dünyaya baxıb səksənir.
Yol çəkir gözləri hər ikisinin,
Anamın tayları köçür dünyadan…
Anamın tayları köçür dünyadan…

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930