manera.az
manera.az

Spirt qoxulu bir virus - Karantin şeirləri / Manera.Az

📅 13.12.2020 10:25

Spirt qoxulu bir virus - Karantin şeirləri / Manera.Az
MANERA.AZ Aysel Xanlarqızı Səfərlinin karantin şeirlərini təqdim edir:

KARANTİN BOŞLUĞU...

Gecənin həzin təsəllisində uyumasına rəğmən
bu sabah da insanlardan çılpaq idi şəhər,
ağlamaq istəkliydi...
Qanadlarını çırpıb dünya boyda qəfəsində
var-gəl edirdi depressiya...
Polis geyimində dolaşırdı
tənhalıq,
Cəza yazılmışdı küçələrdə
məvacibsiz dolaşan ümidsizliyə
bu səhər...
Bağlı qapılar arxasında
susmuş piştaxtaların toz basmış səssizliyinə lənət oxuyurdu,
kəsilmiş tıxacları özləyirdi
aqressiya...
Spirt qoxulu bir virus
sərxoş addımlarıyla lərzəyə gətirdikcə küçələri
qorxunc maskaların altında
atəşlənirdi gerçəklik...
Məsafə-məsafə uzaqlaşırdı
gündüzlərdən
bu ölkənin insanlari kimi
gecələri...
İşıq dirəklərində yanağı saralan lampalar da
şahidimdir,
küçələr boyu sevişirdi
təklik...
Mənsə
xəyalını qoynuma alıb,
gözlərimi qapayıb
nəm saçlarını yastığa dağıtmışdım arzularımın,
Həsrətimin titrək nəfəsini
qurtum-qurtum içirdim...
İllər sonra
ruhumun karantin boşluğundan çıxıb,
cənnətindən keçirdim...

KARANTİN SABAHI ...

Yenə yoluxma sayı artmışdı vücudumda
sənsizliyin,
Darıxmağın nağılını danışırdı gözlərim...
Şəhərin insandan yoxsul küçələri kimi kimsəsiz idi ruhum.
Süni nəfəs aparatında havası çatmırdı dodağımda sıxılan,
sənə deyəmmədiyim sözlərin.
Yoxluğun ayrılıq köynəyində ən böyük virus kimi
üşüyürdü canımda.
Təkliyimin ən ədalətsiz bölgüsü kimi gecələrə çiliklənirdi ahım.
Mən yuxularım boyu
filmin gedən gözlərimdə
səni yaşadıqca
sən bütün ruhumu saran pandemiya kimi
mutasiyaya uğrayırdın qanımda...
Yoluxucu baxışlarımın
boşluğa çırpılan uçurum ağrıları
və bir də
tənhalıqda sən ağrıyan
varlığımın atəşindən sayıqlayırdı
yenə bir karantin sabahı;
həsrətindən mesaj almışdım...

KARANTİN GECƏSİ...

Həsrətindən bir çırpı od götürüb
yandırdım zülmətin bağrını,
gecədən qalma yorğun baxışlarımı
otağın tavanından zorla yığıb
yuxuya vermək istədim...
Gözlərimdən tökülən
ümidsiz çırpınışlar
yoxluğunun 40 dərəcəlik hərarətində
xumarlanırdı...
Dünya pandemiya yuxusunda sayıqlarkən
yuxuya verməyə çalışdığım bir gecə
depressiyanın qucağında tumarlanırdı...
Beləcə əriyirdi ömür,
şam kimi yaşayaraq...
Bu karantin gecəsini də bitirməyə çalışırdım
epidemik arzuların yoluxucu təkliyində,
sənin görəmmədiyin ağrılarımı
saat əqrəbiylə başqa bir sabaha daşıyaraq.
Dünyanın karantininə bənzəmirdi mənimki...

KARANİN QAPANMASI...

Bir damcı qəhər
ilişmişdi gecənin boğazında,
Uda bilmirdi
həsrət çığırtılarını.
Dünyanın səssizliyinə
boş -boşuna göz vururdu işıqforlar...
İnsanlar izdihamını
yığmışdı
yolların sinəsindən...
Küçələr ən çox sevdiyi
köynəyi kimi soyunmuşdu
səs-küyünü,
kimsə duymurdu
şəhərin pandemiya qorxulu
bağırtılarını...
Bütün düşüncələr
ambulans səsində şütüyürdü.
Həyata
pəncərələrdən baxan
gözlər
vahimələnirdi
anbaan
artan rəqəmlərin
böyüməsindən....
Maska altında donmuş gülüşlər
qayıtmasından qorxurdu
əvvəlki istiliyinin,
hərarətsiz qalmaq üçün dua edirdi...
Sinirlər
karantin qapanmasıyla
səbirsizləşir,
dünya
qısa qapanma adı altında
alovlanıb gedirdi...
Mənsə
bütün bunların yükünü
təkbaşına daşımağa çalışaraq
kədərin mutasiyaya uğramış
yeni formasında
yoxluğunun rəsmini çəkirdim
otağımın soyuq divarına,
sənsiz keçən vaxtı
yazırdım
saat əqrəbinin sürət qatarına.
Bilirsən,
hər həsrət öldürücü,
ağrılı bir andır.
Karantinin bitməsinə az qalırmış,
bəs
bizim karantinimizin sonu nə zamandır?..

Spirt qoxulu bir virus - Karantin şeirləri / Manera.Az


Baxış sayı - 607 | Yüklənmə tarixi: 13.12.2020 10:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031