Karantin günü gəzintisi.. - Hekayə

Bir karantin gününün gözəl avqust axşamı idi. Sərin külək əsir, titrəyən yarpaqlar yüngülcə xışıldayırdılar.
Atatürk prospekti boyunca, Ayna Sultanova abidəsindən, düz Gənclik metrosuna qədər uzanan parka çıxdım. Park izdihamlı idi. İnsanlar gəzintiyə çıxmışdılar. Adamlar ara-sıra gözə dəyən polislərdən gen durmağa çalışırdılar.
İnsafən, polislər də laqeyd seyrçi olaraq dayanır, sakinlərdən sənəd, icazə filan tələb etmirdilər. Abidənin yanında bir qadın həm qucağında tutulduğu uşağı tarazlamağa çalışır, həm də kolyaskanı hündür mərmər pilləkənin üzərindən hamar səkiyə endirməyə səy göstərirdi. Yaxınlaşıb kömək etmək istədim, lakin, yan tərəfdə dayanmış yeniyetmə oğlanlar özlərini daha tez yetirib, məni qabaqladılar.
Dayanmayıb, yoluma davam etdim. Sonra, qət olunan məsafənin tam ortasındaca, cavan bir oğlanın əliylə qəribə işarələr etdiyini duydum. Əvvəlcə öz-özünə danışdığını zənn etdim. Lakin, mənə sari tuşlanmış baxışlarından sual vermək istədiyini anladım.
Sanki, əl-qolunu ölçə-ölçə,utana-utana pıçıltıyla nəyisə izah etməyə çalışırdı. Yaxınlaşıb diqqətlə üzünə baxdım. Əvvəlcə, yolu tanımadığını, hansısa ünvanı soruşduğunu sandım. Lakin, o başqa şey istəyirdi:
"Qərdəşimsən, Məştağada qalıram, evə getməyə pulum yoxdur…"
Əlimi cibimə saldım və ona bir neçə qəpik uzatdım. Əvvəlcə götürmədi. Kağız pulu nəzərdə tutduğunu bildirdi. Lakın əlimin uzanılı qaldığını görüb, gülümsündü, "məllim day sənsən də" deyib pulu aldı və xiyabanla addımlayan başqa birisinə yanaşdı. Yenə eyni əl işarəsi, yenə utancaq baxışlar, yenə həmin pıçıltılı danışıq tərzi.
Parkın digər başında, adamlar yerə çəkilmiş lövhə üzərində, iri fiqurlarla şahmat oynayan iki nəfərin başına toplaşmışdılar. Oyuna tamaşa etmək üçün ayaq saxladım. Həmişə qırxdığı üzünü, bir neçə gündür təraşsız buraxdığı hiss olunan hündür oğlan gediş edirdi.
O hıqqınaraq, ağır topu qucağına alıb, lövhənin sonuncu xanasına qoydu. Onun rəqibi, nisbətən yaşlı, alçaq boylu, enli sifətli kişi isə qaşlarını düyünləyərək, dərin düşüncələrə qərq olmuşdu.
Oyunun son akkordları vurulurdu. Endşpil idi. Yaşlının bir at və üç piyadasına nisbətdə, hündür boylu cavan bir top, beş piyada ilə açıq-aşkar üstünlük əldə etmişdi.
Mən oyunun aqibətinin artıq bəlli olduğunu düşünüb, yoluma davam etdim. Lakin beş dəqiqədən sonra geriyə qayıtdıqda, dama-dama lövhə üzərində tam başqa mənzərənin şahidi oldum. Qısa müddət ərzində, nə baş vermişdisə, hündür boylu gənc bütün üstünlüyünü əldən vermişdi və yaşlı adamın piyadası artıq vəzir xanasını fəth edirdi.
Günəş arxayın şəkildə qüruba enirdi, hava yüngül mehli və ilıq idi. Uşaqlar əyləncə məkanlarında oynayır, qaçır, tullanır, qışqırırdılar. Samyalara səpələnmiş böyüklər söhbət edir, telefonla danışır, gəzişirdilər.
Yoluma davam etdim və gəzintimin son mərhələsində daha bir hadisə diqqətimi cəlb etdi. Qadın və kişinin başı bərk qarışmışdı. Kişi telefonda qadına nəsə göstərirdi. Onların təzə yeriməyə başlayan uşağı isə diqqətdən kənarda qalmasından istifadə edərək, skmayaya dırmaşırdi.
O, bir neçə uğursuz cəhd etdi və nəhayət oturacağa dırmaşmağa müvəffəq oldu. Sonra, ayağını skamyanın söykənəcəyinə aşırıb, onu at kimi mindi.
Mən "vay, uşaq indi yıxılacaq" qışqırmağa macal tapmamış, istənilməyən baş verdi. Uşaq yumalanıb aşdı və yenicə suvarılmış otların arasına düşdü.
Ana cəld çevrildi, üzündə dəhşət dolu ifadə ilə hadisə yerinə tələsdi. Xoşbəxtlikdən ciddi bir şey baş verməmişdi.
Uşaq yumşaq yerə düşdüyündən heç ağlamadı da. Amma, üzündəki ifadədən hiss olunurdu ki, bərk qorxmuşdur. Evə qayıdarkən, hava artıq qaralırdı.
Buna baxmayaraq, gələnlərin sayı azalmırdı, əksinə parka insan axını davam edirdi. Mənimçün gəzinti keyfi sona yetmişdi, onlar üçün isə, yenicə başlayırdı.
Vüsal Bağırlı