manera.az
manera.az

Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər

📅 01.10.2020 06:47

Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər
Mədəniyyət Nazirliyi müzəffər Ordumuza dəstək məqsədilə yeni layihələrə başlayır.

Manera.az xəbər verir ki, elan olunan müsabiqələrin adı “Mənim qəhrəman əsgərim” və “Ordumuz üçün yarat”dır.

Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müzəffər Ordumuza dəstək olaraq, cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, əsgər və zabitlərimizin döyüş meydanında yazdığı tarixin bədii yaddaşda, sənət əsərlərində yaşadılması, həmçinin illərdir işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizi bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb.

Mədəniyyət və incəsənətimizin, ədəbiyyatımızın, təsviri sənətimizin, el sənətkarlığının Ordumuzla bir olduğunu nümayiş etdirəcək silsilə layihələr müsabiqə, təqdimat və təbliğat aksiyaları, digər tədbirləri ehtiva edir.

Bu layihələr çərçivəsində elan olunacaq “Mənim qəhrəman əsgərim” adlı ədəbiyyat müsabiqəsi Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətini, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi məqsədi daşıyır. Müsabiqədə ədəbi əsərlər üçün janr məhdudiyyəti yoxdur.

Həyata keçiriləcək daha bir layihə “Ordumuz üçün yarat” aksiyasıdır. Layihəyə qoşulacaq hər bir iştirakçı özünün əl işi, təsviri və dekorativ tətbiqi sənət əsərləri, digər nümunələrlə müzəffər Ordumuza sənət dəstəyini, eyni zamanda qabiliyyət və təxəyyülünü ifadə edə bilər. Layihə çərçivəsində ərsəyə gələcək əl işləri torpaqlarımızın bütövlüyünü qoruyan hərbçilərimizə ərməğan ediləcəkdir.

Qeyd edək ki, bu və digər layihələrin hər biri haqqında ictimaiyyətə ayrılıqda və ətraflı məlumat təqdim olunacaq.

İlkin mərhələdə layihələr barədə ətraflı məlumat almaq üçün (012) 498 20 62 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Baxış sayı - 746 | Yüklənmə tarixi: 01.10.2020 06:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031