Üzündə tanrı var deyən hürufi | Şeirlər
Nəsiminin vəsiyyəti
Can məhkum evidir, cəza ver, təki,
Günahı savabdan məhrum eyləmə!
Min dəfə soruşum, bircə yol hay ver,
Sualı cavabdan məhrum eyləmə!
Əzabdan həzz almaq nə sirdir eşqdə?!
Min yara bəslərəm, hər biri eşqdən!
Asini, aşiqi, kafiri eşqdən
Mömini kitabdan məhrum eyləmə!
Qulun küfründə də gizli iman var!
Necə ki, ilanın zəhrində can var.
Nə qədər məkan var və laməkan var,
Sufini şərabdan məhrum eyləmə!
Ruminin Şəms Təbriziyə yazdığı şeir:
səni mənə göstərib
başqasına vermək nə?
kor axı hardan bilsin
baxmaq nədir, görmək nə?
hər gün yola düşürsən
qayıtmaq nə? gəlmək nə?
sənsizlik ölüm deyil
ölümdürsə - ölmək nə?!
Hürufi
Boş səhrada qapı döyən hürufi
Yeri öpən, göyü söyən hürufi
Üzündə tanrı var deyən hürufi,
Gəlsə görər un satanda ac məni
Nəfsi zatın iradəsin qul eylər
Eşq - dağları aşiqinə yol eylər
Dərviş dərdin suya deyib gül eylər
Küfr içində tək qoyar Həllac məni.
Elə ölər, ölüm bulmaz asini
Öz içində kimsə bilməz asini
Nə gözlərsən gedərgəlməz asini?
Bizdənsənsə bat günaha, suç mənim!
Dərviş
Ah dərvişdə gül qoxusu
Duyan duyar, duyan, duymaz
Ölüm eşqdə yol qorxusu
Gedən gedər, gedən gəlməz.
Yol göstərər biri mənə
Deyər, dinmə, kiri mənə
Kimsə açmaz sirri mənə
Bilən bilər, bilən, bilməz.
Çoxuşaqlı ataydı qəm
Ondan qalıb neçə dəvəm
Karvanam, çəkib gedərəm
Hürən hürər, hürən hürməz
Zahirdə axtarma inci
Olarsan dərya girinci
Batinim meyxanə küncü
Gələn gələr, gələn gəlməz
Ah gül açdı, dərviş soldu.
Mən bilirəm nələr oldu.
Şah da öldü, qul da öldü
Gülən gülər, gülən gülməz.
Aqşin YENİSEY
MANERA.AZ