manera.az
manera.az

"O darıxır, hardasan?" - Elvin Paşanın şeirləri

📅 22.07.2018 22:12

"O darıxır, hardasan?" - Elvin Paşanın şeirləri

Manera.az Elvin Paşanın şeirlərini təqdim edir:

Almafobiya

Bəlkə də dünya
Həvvanın Adəmə
verdiyi almadı...
Bəlkə, aldanmaq
elə sevilməkdi,
qovulmaqdı bir adı...

Bu nə arzu tutmaqdı? -
Sənə qədər məsafəni
addım-addım sayıram.
Yorulanda əlimi
ürəyimin üstə yox,
Sənin yarandığın
qabırğama qoyuram!

Vallah, indi almafobiya bürüyüb canımı.
Kaş əl uzatmazdım almaya
Gəl qayıdaq...
Yerimiz bura deyil
Biz Allahın gözündən düşdük dünyaya.

İtirdim

Yavaş-yavaş itiririk
bir ucdan.
Bir gün ayaq çıxıb gedir,
qayıtmır,
Bir gün əllər tərk eliyir qolları...
Nigaranam ayağımdan, görəsən
Tapacaqmı getmədiyim yolları?

Yavaş-yavaş itiririk bir ucdan
Necə yığım calaq-calaq illəri?
Əlim məndən öndə gedir İlahi
Qaytar mənə...
Yapışmağa ümid gəzən əlləri

Ayağımdan itirməyə başladım
Ürəymi də itirməyə hazıram.
Min ömürlük məsafədə qoyduğun
Bir nəfəslik o həqiqi sevgini..
İcazə ver
Götürməyə hazıram...

“O darıxır, hardasan?”

Daha adicə sözdü, daha adi xəbərdi
"O darıxır, hardasan?"
Bircə mən deyiləm ki, gör indi nə qədərdi
özünü səndən asan.

Gör nə qədər ümidlər, nə qədər ip asılır
yenə daş ürəyindən.
Gör nə qədər yatanı azan səsi oyatmır,
Gör nə qədər çarəsiz ümid yığıb qayıtmır
Allahın ətəyindən.
Hərə bircə ev tikir xatirə kərpicindən,
Və bir gün ölü çıxır, o daxmanın içindən.

Lap istəsən and içim, bir az sənin canınçün,
bir az mənim canımçün.
"Darıxıram, əzizim" bunu ki, gizlətmirəm.
Bir də deyim biləsən, mən sənin olmadığın
yuxuya da getmirəm.

Səni də istəyirəm, sən yaşayan evi də,
O balaca qızı da, içimdəki divi də.
Gəzdiyin dəhlizi də sevirəm addım-addım
Bağışla çox danışdım, bağışla çox uzatdım
Ağrılarım səngiyib
bircə darıxmağım var.

Qırmızı işıqda

Mən ömür sürürdüm həyat yolunda
Əl edib saxladın gəldiyim yerdən.
Qəzanın günahı məndədi, kaş ki,
Dönəydim həmişə döndüyüm yerdən.

Nə yolun sonudu, nə də ortası,
Yolun girişində qalmışam demə.
Adamdan-adama keçib gedibsən,
Piyada keçidi olmuşam demə.

Zaman ayrılığa dərman olmadı,
Çarəmiz dünyanın harasındadı?
Dərdlərə bir damcı məlhəm istədik,
Dedilər dünyanın yarasındadı!

Hərədə bir yerə, hərədə bir cür
Açılır bu ömrün bağlı yolları.
Deyəsən hamıya yaşıl göstərir,
Bir mənəm gözləyən işıqforları.



***
Saçlarına qurban olum
Saçlarını ağartma
Əllərinə qurban olum
Duaları unutma

Gözlərinə qurban olum
Ha tərəfə baxırsan?
Dillərinə qurban olum
Bilirsən ki gələrəm
Hansı yoldan çağırsan…

Ürəyinə qurban olum
Dərmanını içirsən?
Baxışına qurban olum
Nəyin dərdin çəkirsən?

Gülüşünə qurban olum
Necə gözəl gülüşdü
Ayağına qurban olum
Həyatımı dəyişdi…

Kirpiyinə qurban olum
Yanağında arzu var
Niyə belə titrəyir
Dodağında arzular

Həyatına qurban olum
Çox oynama ocaqla
Qollarına qurban olum
Məni görsən qucaqla

Allahına qurban olum
Aramızı qatırlar
Hərdən sən də qurban ol
Hərdən məni xatırla…



***
Qayıdıb gedənlər gəlsə,
Belə olmaz gələn səfər.
Qulağıma gələn səsə
Qaçıramki sən deyilsən!

Qürurun kimə xoş olur?
Allah, bu adam daş olur.
Harda yaralı quş ölür,
Uçuram ki sən deyilsən!

Həsrət əl-ayağımı qapır.
Harda itdin, hardan tapım?
Hərdənbir döyülür qapım,
Açıram ki sən deyilsən!


Baxış sayı - 4 705 | Yüklənmə tarixi: 22.07.2018 22:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031