manera.az
manera.az

Şükür Allaha, şairdən boluq... - Furqan yazır

Şükür Allaha, şairdən boluq... - Furqan yazır
Keçən yazıda qısa şeirlərdən yazmışdım.

Sonra düşündüm ki, niyə ancaq türk şairlərinin şeirlərini misal vermişəm?

Bəyəm özümüzdə misralara ağır yüklər yükləyən insafsız şairlər azdımı?!

Şükür Allaha, şairdən boluq...

Mən əvvəllər heca şeirlərini sevirdim: Nəriman Həsənzadəni, Nüsrət Kəsəmənlini, Musa Yaqubu, Zəlimxan Yaqubu çox oxuyurdum. Sonra heca şeirindən bezdimmi, ya nə oldusa sərbəst şeiri daha çox sevməyə başladım: Vaqif Səmədoğlunu, Vaqif Bayatlını, Ələkbər Salahzadəni, İsa İsmayılzadəni oxudum.

Zaman keçdikcə istəklər də dəyişdi və indi qısa şeirləri daha çox sevirəm. Düşünürəm ki, şair demək istədiyi sözü bir neçə misrada da deyə bilər, sözü uzatmağa ehtiyac yoxdu...

Bəzən oxuyursan, oxuyursan, oxuyursan, uzun bir şeiri oxuyub bitirdikdən sonra görürsən ki, hamısı deyilmiş, çeynənmiş, köhnəlmiş sözlərdi, bəlkə də, elə ona görə üç-dörd misralıq şeirlər mənə daha doğma gəlir, daha şirin gəlir...

Əgər deyəcəyin təzə sözün yoxdursa, uzun-uzadı yazmağın mənası yoxdu, məncə...

Əgər şeirdə yeni fikir varsa qafiyəyə, hecaya ehtiyac da görmürəm...

Çünki əsas olan fikirdi, qafiyə tapmağa nə var ki?!

Həm yeni fikir, həm qafiyə varsa, heca da uyğun gəlirsə, nə gözəl...

Mən gedər-gəlməzdən qayıda bilsəm,
dur çıx yol üstünə, gedən gələr də...
Mən gedər-gəlməzdən dönməyib ölsəm,
üzülmə, bir dənəm, adam ölər də...


Əjdər Olun şeiridi və əlavə şərhə heç bir ehtiyac yoxdur...

Təkrar edirəm: şeirdə əsas olan yeni fikirdi!

Düşmən ayağa baxar, dost başa,
odur ki, fikir ver üst-başa...


Fikrət Sadıq bu şeiri xeyli dartıb uzada da bilərdi, yəqin ki... Amma nə ehtiyac var?!

Şeirdi də... Şeirin buynuzu olmur ki?!

Yeni fikir var? - Var!

Oxuyanda düşündürürmü? - Düşündürür! Vəssalam...

Ad günü -
şir bürcü, at ili, it günü...
(Salam Sarvan)

Bu iki misrada iki qardaş var: sevinc və kədər.

Ad gününün sevinci (sevinci?!) və it gününün kədəri!

Bəzən iki misralıq bir şeir də həyatı belə gözəl təsvir edə bilir. Həyat - sevinci kədərə batırıb yeməkdi də elə, bəs nə bilmişdiz ki?!../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930