manera.az
manera.az

Hipnoz - Yeni hekayə

Hipnoz - Yeni hekayə
Karantin günlərində Gülarə işdən evə qayıdan ərini az qala tanımayacaqdı. Üz-gözündən zəhrimar yağan Həmdulla qışın sazağında çiçək açmışdı.

Nə az, nə çox, 35 il bir yastığa baş qoyub, həyatın bərkindən-boşundan çıxmışdılar, Gülarə bilirdi ki, gərək dünya baş-ayaq olsun ki, Həmdullanın alnının düyünü açılsın, özü də ilin-günün bu vaxtında.

Həmdulla evin içində bir o başa, bir bu başa süzüb:

– Xəbərin var da, xəbərdən, arvad, sabah məni nazir qoyacaqlar.

Gülarənin əli üzündə qaldı:

– Bir ömür nazirlikdə kərküzar işləyən adamı?

Həmdulla acı-acı gülümsədi.

– İnanmırsan hə?! Belə də bilirdim. Sən mənə heç vaxt inanmamısan. Ağlıma, fərasətimə, bacarığıma həmişə şübhə eləmisən. Bu dəfə papaq altında necə oğlanlar yatdığını görəcəksən.

Həmdulla qəddini bir az da dikəltdi.

– Hələ bu harasıdır, halvacı Şükürün qızı, dünən gecə İsveçdə yaşayan dostum, o balıq udan köpəkoğlu axır ki, məni yadına saldı. Dəmiri deyirəm, kor Xəlilin oğlunu. Bilidrim ki, nə vaxtsa məni yada salacaq. Hesabıma üç milyon pul köçürüb, üçcə milyon. Gör it oğlunun nə qədər pulu var ki...

Həmdulla sözünün sonrasını demədi, deyə bilmədi. Üç milyonun qarşılığında sözlərini udub, valı dəyişdi:

– Maşınımı oğurlayan adam da bayaq zəng eləyib gözünün şorunu tökə-tökə dedi ki, od qonşum Həmdulla müəllim, məni dola balalarının başına, təcili maşın lazım oldu, mən də ərk edib icazəsiz-filansız maşını qarajdan götürdüm. Bir-iki saata maşın yerində olmasa, sabaha sağ çıxmayım.

Gülarə maddım-maddım ərinə baxırdı.

Həmdulla gözlərini arvadından ayırmayıb sonuncu xəbəri də birnəfəsə dedi:

– Gözün aydın, halvaçı Şükürün qızı, koronavirus da cəhənnəm olub qurtardı da. Heç vaksin-maksinə də ehtiyac qalmadı. Qrip bəyanat verib ki, bəs başıma tac qoyub məni koronavirus elədilər, mən də əvvəl-əvvəl sevinib özümü itirdim, sonra dedim virus ac olar, kişi olar, nə edirsiz edin, bu taclı bəlanı məndən uzaq edin. Tacı götürən kimi koronavirus necə gəlmişdisə, eləcə də yox olub getdi. İndi dünya maskasız rahat nəfəs alır.

Gülarə:

– Bu lap ağ oldu – deyib əlini üzünə atdı.

Həmdulla yüksəkdən uçurdu deyə, nə arvadının kinayəsini, nə də telefon zəngini eşitdi.

Gülarə cəld dəstəyi qaldırdı. Dəstəyin o başından Həmidullanın iş yoldaşı Abuzər müəllimin ciyiltisi gəlirdi:

– Gülarə bacı, Həmdulla bu səhər koronavirsusdan o qədər danışdı ki, axırda depressiyaya düşdü. Biz də təcili yardım çağırdıq. Həkim də başqa yol tapmayıb Həmdullanı hipnoz elədi.

Dedi qoy istədiyi qədər sevinsin, şadlansın, arzularına çatsın, sonrası nə olar, olar... Kişidən mağayat olun, nə desə “hə” deyin, görək sonra nə olacaq. Dua edək ki, Həmdulla hipnozdan sağ-salamat çıxsın.

Gülarə dəstəyi asdı, dönüb qorxa-qorxa ərinə baxdı. Həmdulla uçurdu eyyy...

Təranə Vahid

P.S: Hekayə ilk dəfə Manera.az-da dərc edilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031