manera.az
manera.az

İşığa doğru - Vaqif Osmanov yazır

İşığa doğru - Vaqif Osmanov yazır
Kənan Hacının "Qara pişik" hekayəsi haqqında düşündüklərim

Sözün qüdrətinə güvənən, dəyərini anlayan, sözdən tutiyə kimi istifadə edib ilahiləşdirən Söz Adamlarının yazdıqlarına rast gələndə külçə tapan qızılaxtaran kimi sevinirəm. Bir mətləbi, gərəkli fikri bir cümlə ilə yazmaq mümkün olduğu halda, onu yorucu söz yığını ilə təsvir etmək ədəbi dəbə çevrildiyi çağdaş zamanda gileylənirik ki, mütaliə edən azalıb. Elə deyil, əsl Söz sənətinin vurğunları bu gün də var, sabah da olacaq. Əsas məsələ necə yazmaqdadır. Təki qələm sahibləri sözsevərlərin iç dünyasına nüfuz edə, tərpədə, orada fikir fırtınası törədə, öləzimiş beyinlərə işıq göndərə bilsinlər.

Tanınmış yazıçı, publisist, şair, jurnalist, on üç kitabın müəllifi, müxtəlif nüfuzlu media mükafatlarının sahibi Kənan Hacının "Qara pişik" hekayəsini oxuyub qurtaranda hisslər burulğanına düşdüm. Hekayə cəmi-cümlətanı dörd səhifədir, amma anlayana bir roman yükü qədərdir.

Kənan Hacının lirik qəhrəmanları sadə peşə adamlarıdır. Amma daxili aləmi, əxlaqi məziyyətləri cürbəcürdür. "Qara pişik" hekayəsinin qəhrəmanı Zakir qara pişik məsələsində "başqalarına lağ eləsə də mövhumatçılıq beyninin lap uzaq bir küncündə hərəkətsiz mikrob kimi gizlənirdi və tək səbir gələndə, yolunun üstündən qara pişik keçəndə o mikrob özünün varlığını bildirirdi".

Deyə bilərsiniz, yazıçı da, mən də niyə qara pişikdən danışırıq, onu yaddan çıxarmırıq? Bu qara pişikdən nə istəyirik axı?. Bunu hekayənin kulminasiya nöqtəsində biləcəksiniz.

Tikintidə fəhlə işləyən Zakir "axşam işdən yorğun-arğın qayıdanda zibil qutularının yanından keçməli olur. Bu vaxt üfunətdən ödü ağzına gəlir". Bu Bakının əsasən kasıblar yaşayan məhəllələrində adi vəziyyətdir. Zakir də belə bir məhəllənin dar döngəsində yaşamağa məhkum edilmişlərdəndir.
Köhnə Bakının dar dalanlı ümumi həyətlərinin heç də xoş olmayan mənzərələrini, həyətin sakinlərinin xarakterik xüsusiyyətlərini, suyun tez-tez kəsilməsinə görə su gələndə çimmək növbəsinin yaranmasını Kənan Hacı elə real və çılpaqlığı ilə qələmə alıb ki, yadıma tələbəlik illərində "Sovetski"də kirayədə qaldığım dalan və həyət düşdü, məndə nostalji duyğular oyandı, rəhmətlik "xozyayka"mız Rübabə xalanı xatırladım. İmtahandan "əla" alanda bizdən çox o, sevinərdi.
İşığa doğru - Vaqif Osmanov yazır
Zakirin yaşadığı "həyətdə hər cür naqolay vəziyyətə düşmək mümkündü. Dəsmalı çiyninə atıb hamama çimməyə gedəndə hamamın qapısını kilidləməyi unudan bədəni buğlanan ağcamaya kirayənişin gəlinin vücudu, əlləri ilə ayıb yerlərini örtməsi, qarnın ağrıyıb qıvrıla-qıvrıla qalanda tualetdə oturanın tələsməməsi, evə gec gələndə həyət qapısının bağlı olması, qaranlıq döngənin darlığı, işsiz kişilərin günortaya qədər yatıb, sonra gecə yarıyadək domino, nərd çırpması çoxumuzun başına gələn və yaxud müşahidə etdiyimiz gerçəkliklərdir. Yazıçı bunları elə ustalıqla təsvir edir ki, istər-istəməz o illərə qayıdırsan, o illərin acılı-şirinli anlarını xatırlayırsan...

Fəhlə baba Zakir isə bu qonşulardan uzaq dolanır, onlara qoşulmurdu. Tənhalıqdan təngə gələn Zakirin işdən sonrakı "iş"i yaxınlıqdakı pivəxanada "davam edirdi". Zakirin yeganə təsəllisi bu idi ki, o, başqalarından fərqli olaraq pulsuzluğa görə arvad tərəfindən danlanmırdı, ac-yalavac uşaqların məzlum üzünü görmürdü. O, ərini danlayan, qınayan, öz qara bəxtini söyən bir ömür-gün yoldaşı da tapa bilməmişdi. Buna görə həm sevinir, həm də dərin kədər burulğanında çabalayırdı.

Bir dəfə "müdirin istehzayla dedikləri yeddi qatından keçdi: Evlənmək bunun harasına yaraşır? G....ə şalvar ala bilmir. Kiminsə qızını alıb bədbəxt eləyəcək də.

İstədi boynu dönməyən bu əbləhin yaxasından tutub desin ki, fəhlə adam deyil, fəhlə evlənə bilməz?!
Qızlar ondan ona görə uzaqlaşırdı ki, o, kasıb idi, kimsəsiz idi, bir sənətin yiyəsi deyildi, qızlar fəhləyə ərə gütmək istəmirdilər. Təkcə sevgi ilə qarın doymaz axı.

Daş olan günüvə! Vaxtında niyə oxumadın? Heç olmasa, bir sənətin yiyəsi olsaydın, indi onun-bunun əlinin altında nökərçilik etməzdin, ay günü qara!"

Bu həyətin sakinləri "həyatın dibi"ndə idilər. Bu "həyatın dibi" o qədər dərin idi ki, oraya işıq düşmürdü. Kənan müəllim bu uçurumdakı acı reallıqları elə canlı təsvir edir ki, Zakirin və onun kimilərinin taleyinə acıyırsan, onlara - "həyatın dibi"ndəkilərə nə qədər əlini uzatsan da əlin çatmır ki, çatmır!
Pivəxanadan evə qayıdan Zakir yol boyu "fikirləşir ki, hər ötən günün gecəsi onun ömründən qara pişik kimi keçir, getdikcə özü də qaranlığın bir parçasına çevrilib".

Kənan Hacını pessimizmə görə günahlandıranlar da olacaq. Amma həyatın gerçəkliklərini olduğu kimi qələmə almaq, obyektivlik hissini itirməmək yazıçının ən ümdə vəzifəsidir. Ürəyinə, duyğularına xəyanət etməyənlər əsl həqiqəti yazmalıdırlar, bəzəksiz-düzəksiz. Kənan Hacı da bunu etmişdir. Həqiqətləri əks etdirməyən ədəbi nümunə də tezliklə "həyatın dibi"ndə yoxa çıxaraq ömrünü başa vurar. Yazıçının "Qara pişik" hekayəsinin uzunömürlü olacağına şübhəm yoxdur.

Və nəhayət sonda qara pişik məsələsinə yenidən qayıdıram. Zakir fikirləşirdi: "Bu qaranlığın içində işıq axtarmağa dəyməzdi...
...Qəfildən ayağının altında yumşaq bir şey qaldı, qara pişik qiyyə çəkdi...
...Zavallı pişiyi maşın vurub yaralamışdı, arxa pəncəsindən qan axırdı, yaralı olduğu üçün tərpənə bilmirdi...

Ağlına gələn başqa fikirdən ürəyi toxtaqlıq tapdı, bu qaranlığn içində yeganə işıq vardısa, o da bu qara pişik idi".

"Yaralı pişiyi qucağına götürüb evdə onu səbirsizliklə gözləyən sükutu pozmağa gedən" lirik qəhrəman "həyatın dibi"ndən boylanıb qara pişiyin gözlərindəki işığı görə bilirsə, deməli, ömür hələ tam qaranlıqlara qərq olmayıb, hələ işıq görünür.
İşıq gələn tərəfə getməli!..

15.11.2018.
Vaqif Osmanov
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31