manera.az
manera.az

Niyə Manera.az? – Baş redaktordan…

Niyə Manera.az? – Baş redaktordan…

18 Aprel 2015-ci il Manera.az-ın fəaliyyətə başladığı gündür…

MANERA.AZ o zaman yarandı ki, Azərbaycanda onlayn ədəbiyyat sahəsində ciddi boşluq vardı; bir çox ədəbi saytlar bağlanmış, ədəbiyyata dair nümunələr yalnız hansısa saytların bir bölməsində dərc olunurdu. Biz o zaman ədəbiyyatı yaşatmaq missiyasını üzərimizə götürüb, kökündə fədakarlıq dayanan bir eşqlə Manera.azı yaratdıq. Sonralar yalnız ədəbiyyatla kifayətlənməyib, saytımıza bir çox bölümlər də əlavə edərək, fəaliyyət sahəmizi genişləndirdik. Yarandığı ilk gündən fasiləsiz fəaliyyət göstərən bu sayt oxucularda özünə inam yarada bildi; Biz bunu 5 illik fəaliyyətimizə oxucu münasibətində görürük.

Yeri gəlmişkən, Manera.azı təbrik edən bir yazıçı dostumuzun fikri diqqətimi cəlb etdi. Oxucu deyir: "Manera.az ona görə uğurlu alındı ki, insanların, qurumların bir-birinə münasibətindən şou düzəltmədi, gənclərə daha çox meydan verdi, dezinformasiyalar yayımlamadı və s." Düşünürəm ki, yalnız bu fikirə görə belə bütün çətinlikləri gözə almağa dəyər. Ayrıca, bu kimi fikirlər eyni zamanda, amalımız uğurda fəaliyyətimizi davam etdirmək üçün üzərimizə böyük məsuliyyət qoyur...

Əziz oxucu!

Manera.az- mənfəət saytı deyil; Biz bu saytdan heç bir maddi gəlir əldə etmirik.

Manera.az- hansısa məmurun və ya qurumun arzu və istəkləri çərçivəsində fəaliyyət göstərmir (elə saytlara da sayğı duyuruq).

Manera.azda dərc olunan mətnlər Həsənağanın qohumları vasitəsilə geri götürülmür.

Manera.azda sən Baş redaktorsan, sən daha çox məsuliyyət daşıyırsan, mən redaktoram və ya müxbirəm, moderatoram az məsuliyyət daşıyıram kimi prinsiplər yoxdur. Dərk etdiyimiz məsuliyyət yükü eynidir.

Manera.azda ədəbiyyat, mədəniyyət, təhsil sahələrində cəmiyyət üçün maraqlı və gərəkli olan bütün mətnlər müəllifin kimliyindən asılı olmayaraq dərc olunur.

Manera.azda hər gün yeni materiallar (bazar günü və texniki problem olduğu günlər xaric) dərc olunur.

Manera.az - İP üçün çalışmır; Saytın hesabat verəcəyi bir ünvan var, o da siz oxucularsız! Bizdən bu saytı yaşatmağı tələb etməkdə haqlısınız, çünki bu ixtiyarı sizə ilk gündən biz verdik.

Manera.az dərc olunmağa ehtiyacı olan gənclərindi, mədəniyyəti, ədəbiyyatı sevən hər kəsindi. Sayt cəmiyyətə dəqiq xəbər çatırmağın tərəfdarı olan hər bir vətəndaşındı.

Manera.az hamımızındı, amma bərabər şəkildə; Bir müəllifi və ya qurumu daha çox təbliğ edib, digərini diqqətdən kənarda saxlamaq fəaliyyətimizin amacına uyğun deyil.

Manera.az – oxucu sevgisindən qidalana bir saytdır.

Və ən ƏSASI


Manera.az - mənəvi marağın maddi marağa qalib gəldiyi məsələsinə gözəl nümunə ola bilər!..

Manera.az oxucularını o qədər "ərköyün" (siz bunu ərk edən kimi qəbul edin) etmişik ki, gecənin bir aləmi bir müəllifi zəng edib: "Votcapa mətn göndərmişəm, sən Allah, ona bir əl gəzdir, şəklimi profilimdən götür, təcili dərc elə, linki Feysbukda paylaş, adımı da tağ elə" deyə bilir.

Manera.az tarixində müəlliflərdən maraqlı yanaşmalara çox rast gəlirik. Məs.: Saytda hekayə müsabiqəsi elan etdiyimiz ərəfədə bir müəllif saytın feysbuk profilinə kitabın PDF variantını göndərdi ki, buradan bəyəndiyin bir hekayə seç, adımı “gugli”də yaz, şəklim də çıxacaq, sonra adıma bir e-mail adresi aç, oradan göndər Manera.az-ın e-mailinə. Məni də qalib edin” deyir. Və daha nələr...

Bu gün saytımızın 5 yaşı tamam olur. Maddi büdcəsi olmayan bir saytı 5 il ayaqda saxlamağın çətinliklərini bu sahədə fəaliyyət göstərən kolleqalarımız yaxşı bilər (şəxsi imkan(sızlığ)ınla bir saytı aktiv saxlamaq asan deyil).

Son olaraq, əziz oxucu, "Fərdin Fərddən Fərqi Fərdilikdi" deyib çıxdığımız bu yolda yalnız sənə ehtiyacımız var! Çünki sənin diqqətindən ruhlanıb fəaliyyətimizi davam etdirməkdə qərarlıyıq!..

Şəhla Aslan,
Manera.az saytının Baş redaktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930