Əllərimdən başlayır bu ölkənin sərhədi..- ŞEİR
Ulucay Akif
Vətən
Qızcığaz,
Mənimçün
Sevdiklərimin qucağıdır Vətən,
Bir şəhərlik yerin varsa əgər,
Bərk-bərk qucaqla məni,
Qucaqla ki, vətəndaşlıq dilənim səndən.
Amma bil ki,
Bu bədən özü bir ölkədir elə,
Başdan ayağa, ayaqdan başa.
Bədənimin paytaxtı olan qəlbimdə
Özünə bir saray qur, sonsuzadək yaşa.
Əllərimdən başlayır bu ölkənin sərhədi,
ayaqlarımda bitir,
Sən də ayaqyalın gəz üstümdə,
Sinəmdə min bir gül bitir.
İstəsən içəri keç,
Bu dünyanı mənim gözlərimdən izləyək,
Ruhumuz sevişsin hər gün,
Bədənimizi hamıdan gizlədək.
Qızcığaz,
Mənimçün
Sevdiklərimin qucağıdır Vətən,
Bir şəhərlik yerin varsa əgər,
Bərk-bərk qucaqla məni,
Qucaqla ki, vətəndaşlıq dilənim səndən.