manera.az
manera.az

Hər gün ümidimdən durnalar köçür - Firuzə Məmmədlinin şeirləri

Hər gün ümidimdən durnalar köçür - Firuzə Məmmədlinin şeirləri
Firuzə MƏMMƏDLİ - 80

İllərin

Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin?!
Saydın, seçdin, seçmələdin nə yaxşı,
Əllisini, yetmişini illərin?!

Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin?!

Nəyi vardı, xəlbirlədin, ələdin,
Acısını şirininə caladın.
Çağaydımı, - laylaladın, bələdin,
Daha vaxtı ötmüşünü illərin?

Sözgəlişi dedim bunu, incimə,
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə
Gəlmişini, getmişini illərin.

Nə qədər ki, yerişinlə dirisən,
Canım-gözüm, beş adamdan birisən.
Çəkmə, çəkmə... Çəkəməzsən geri sən,
Ömrü talan etmişini illərin.

Eh, il vardı, vaxt əlində saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gərək onda arayaydın, gəzəydin,
Düzü əyri bitmişini illərin.

Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda.
Qaytar geri, gözü qalıb yollarda,
Qəfil yada düşmüşünü illərin.

Görüş

Rastlaşdıq – diksindik,
baxdıq – dolaşdıq,
Hər gözdə yüz ilin savaşı vardı...
Mənim baxışımda bir udum acıq,
Sənin baxışının təlaşı vardı.

Duymazsan, soruşma sən əbəs yerə, –
Nədir gözlərimdə bu düşmənçilik.
Məndə – o günlərdən acı xatirə,
Səndəsə – bir dərin peşimançılıq.

Mən – itən ömrümün intiqamında,
Sən – ötən səhvinin yalvarışında.
Mənim məsumluğum – sənin yanında,
Mənim ilk baharım – sənin qışında.

Yox, nə acıqlanar, nə saxlaram kin;
Vermərəm qəlbimdə sənə yer daha.
Sən də yoxluğunu qoru mənimçün,
İnanma – görəsən məni bir daha.

Yoxsan, yoxa çıxdın öz varlığında,
Bir duyum yoxluq var məhəbbətimdə.
Varsan duyğuların bezarlığında,
Varsan buza dönmüş hərarətimdə.


***
Telefon dilləndi könül simi tək,
Adını demədi telefondaşım.
Həsrətdən yun kimi didildi ürək,
Səsləndim –
səsimdə – gözümün yaşı.

Axı, bilirəm ki, bu sənin səsin,
Axı, bilirəm ki, bu sən özünsən.
Sən necə dözərdin, – kimsə gözləsin?!
Sən necə qaçardın özün-özündən?!

Danış, ay küsənim, nədir günahım?
Səsin yenə doğma, yenə istidir?
Telefon dəstəyi qəlbə nə yaxın!
Telefon dəstəyi qəlbi isidir.

O gün baxışların sərt idi yaman,
Varlığın hiddətdən tökülmüşdümü?
Ogün ürəyimdə dərd idi yaman,
Getdin, əlin əldən üzülmüş kimi.

Daha nə danışım, nə deyim daha?!
Barışan da – özün, küsən də - özün.
Qəlbimiz bənzəyir körpə budağa,
Yaşadan da – özün,
üzən də - özün.

Axı, bilirəm ki, bu – sənin səsin,
Axı, bilirəm ki, bu sən özünsən.
Sən necə dözərdin,– kimsə gözləsin?!
Sən necə qaçardın özün-özündən?!

Yolayrıcı

Yox, bu yolayrıcı bizimlə deyil,
Bu yolqovuşanda ayrılırıq biz.
Niyə bu ayrılıq gözümdə deyil?
Niyə qəlbimizdən qarıyırıq biz?

Acı görüşlərin sevinci – saxta,
Şirin ayrılıqlar uludur bəlkə.
Həsrətdən, xiffətdən gətirib baxtım,
Unudum bu baxtı, unudum bəlkə.

Yadımda uyusun bir isti duyğu,
«Onu» uyğularda sevib oxşayım.
Gəzim, baxışımda bir küslü duyğu,
Soruşsun – necəsən?
Deyim – yaxşıyam.

Küsülü baxışım danlasın məni, –
«Görmürmü necəyəm? Niyə soruşur?»
İsti duyğuların anası – məni
Yandırsın yolüstü soyuq görüşü.

Sıxılsın ovcumda ümidsizliyim,
İstək yarımçıqsa, ümid ovunmur.
Mən bu yolayrıcda durub gözləyim,
Mən bu yolayrıcda qurum evimi.

Hər gün ümidimdən
durnalar köçür


Sənin dərgahına açılıb əlim,
İlahi, sınağa çəkmə əlimi.
Yazmaqdan savayı günahı yoxdur
Bu çörək əlimin, əkmək əlimin.

Bir kəsin yolunda tələ olmayıb
Rüşvətdən, qurğudan salamat əlim.
Ağa tanımayıb, kölə olmayıb
Pirə, peyğəmbərə salavat əlim.

Tale yoxuşudu heyimi kəsən,
Elə dırmanıram, vaxt qapısı yox.
Baxıram, hər yerdə qapılar - açıq,
Sənin dərgahının haqq qapısı yox.

Nə qədər dırmanım, dözüm nə qədər,
Tövşüyür ümidim yol qanadında.
Xeyirxah mələyim çırpına qalıb
Sənin göylərinin qol-qanadında.

Gedir boşluqların səma yarışı,
Mənim o yarışa gümanım yetmir.
Hər gün ümidimdən durnalar köçür,
Hər gün ümidlərim ünvana yetmir.

Nə vardı

Bu dünyanın yalanı da düz idi,
Düzüb-qoşan, özümüzdük, biz idik.
Aralıqda hər nə idi, söz idi,
Sözdən-sözə calanmağa nə vardı?!

Bir məhəbbət nəğməsiydi hər bulaq,
Ömür - nağıl, igidimiz - Nərbala.
Yolumuzun dərd satanı - dərd alan,
O vaxt dərdə qalanmağa nə vardı?!

Ürək dolu arzulara yar idik,
Abır idik, həya idik, ar idik.
Ağıl-kamal bağçasında bar idik,
Baxışlarda talamağa nə vardı?!

Ümidlərə yol kəsəydi yüz kərə,
Can-ciyərdi əyri gedən, düz gələn.
Qəlbimizdə xəzinəydi söz-kəlam,
Bircə sözlə can almağa nə vardı?!


***
Sudur, elə şır-şır axır,
Quma, gilə qarışır, axır.
Ömrü mənə qarşı axır,
Mən hara axıb gedirəm?

Başımda-pirlik havası,
Yox ta "əl-ətək" həvəsi.
Gözümə eynək əvəzi,
Canımı taxıb gedirəm.

Səbrimdən dözümü sıxıb,
Şeirdən sözümü sıxıb,
Buluddan gözümü sıxıb,
Şimşəkdən çaxıb gedirəm.


***
Gün asılıb yaxasından,
Göylər gündüzə çəkilib.
Batıb gül-çiçək içində -
Dərələr düzə çəkilib.

Gənclik - anın gözəlliyi,
Ömür, hanı gözəlliyin?
Düz dünyanın gözəlliyi
Bircə bu qıza çəkilib.

Sevmə ağılsız sevgini,
Ağla ağrısız sevgini.
Dilsiz-ağızsız sevginin
Ağrısı gözə çəkilir.


***
Başım yamanca qarışdı,
Öz-özümdən qaçdım elə.
Bir fikrin sirrin açınca
Min birinə daşdım elə.

Dərd mənlə şahmat oynadı,
Fil diz çökdü, at oynadı.
Canımda bir çat oynadı,
Sağa-sola çaşdım elə.

Mən adda hədəfə döndüm,
İnciyə, sədəfə döndüm.
Düyünə, kələfə döndüm,
Özümə dolaşdım elə.


***
Allah, Allah, gör nələri
Mən uda-uda gəlmişəm.
Ümidimi yollarıma
Şam tuta-tuta gəlmişəm.

Gah enmişəm, gah qalxmışam,
Düz gözümdən düz baxmışam.
Dünyaya sözlə çaxmışam
Dönüb bir oda gəlmişəm.

Adam boyu canım vardı,
Ünvansız ünvanım vardı.
Nə dadım, nə tamım vardı,
Söz ilə dada gəlmişəm.

Görüb Yerdə qərib mənəm,
Qələmin göndərib mənə.
Söz macalı verib mənə
Tanrıdan səda gəlmişəm.


***
Sevdalıyam mən əzəldən,
Seçilmişəm ən əzəldən.
Allah verən can əzəldən,
Mənlə yola getmir, getmir.

Səbr quyu, daşmaq olmur,
Qismət busa, qaçmaq olmur.
Durub bazar açmaq olmur,
Ağıl pula getmir, getmir.

Ömür verib yazı əldən,
Ümid salıb bizi əldən.
Könül qalıb - sazı əldə,
Mizrab telə getmir, getmir.

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031