manera.az
manera.az

İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ

📅 08.03.2019 12:43

İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Manera.az 8 Mart "Beynəlxalq Qadınlar Günü" münasibətilə çağdaş qadın şairlərimizin şeirlərini təqdim edir:


Qadın da Vətən kimidir - Çağdaş qadın şairlərimizin şeirləri - 1

İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Nürəngiz GÜN

YOL GEDİRƏM

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Ofelya BABAYEVA

AY ÜRƏK

Bir dəli həsrətə tuş etdin məni,
Qəfəsdə çırpınan quş etdin məni,
Çıçəkli yaz idim, qış etdin məni,
Alışdım, odlandım, yandım, ay ürək.

Kövrəldin, qəribtək düşdün qürbətə,
Lənətlər yağdırdın taleyə, bəxtə,
Nə mehrə inandın, nə də ülfətə,
Bəzən öz eşqini dandın, ay ürək.

Min ömür yaşadım bircə anda mən,
Yollarım olmadı zümrüd, göy çəmən.
Sıxıldım tay-tuşlar içində bəzən,
Özünü kimsəsiz sandın, ay ürək.

Sən mənim ömrümə çıraqsan, çıraq,
Kim deyir dünyada qonağıq, qonaq.
Ulu dünyamızda hamıdan qabaq
Sən məni anlayıb, qandın, ay ürək.



İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Kəmalə ABIYEVA

***
Təsəlli tapardım xatirələrdə
Səni bircə anlıq unuda bilsəm.
İndi ovunmayır xatirələr də
Gəl ovut onları ovuda bilsən.

Nələri,nələri aparıb getdin,
Gülüş həsrət qaldı dodaqlarıma.
Könlümün odunu qoparıb getdin,
baxışın iz saldı yanaqlarıma.

Nələri,nələri qıydın ömrümə
Əlinin yanğısı əlimdə qaldı.
Gözünün qarası hopdu günümə
Adının həsrəti dilimdə qaldı.

Belə səxavətli bilmirdim səni,
Bir ömürlük sevgi qoyub getdin sən.
Demirəm xatırla,xatırla məni,
Unut bircə anlıq,unuda bilsən.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Aləmzər ƏLİZADƏ

BOYUM UZANIB

Bir səhər gəzə-gəzə,
Çıxdıq çiçəkli düzə.
Sarı boyçiçəyini
Nənəm göstərdi bizə.

Söylədi: Bu çiçəyin,
Yaman gözəl ətri var.
Hər kim dərib qoxlasa,
Onun boyu uzanar.

Mən də dəstə bağladım,
Evimizdə saxladım.
Boyum uzansın deyə,
Axşam-səhər qoxladım.

Biləsiz, belə yaxşı,
Ətirli çiçək olmaz.
Axı, deyəsən mənim.
Boyum uzanıb bir az...


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Sona VƏLİYEVA

BU NƏ EŞQ SEVDASI, NECƏ MÖCÜZƏ

Bu nə eşq sevdası, necə möcüzə,
Fəslinmi yubanıb, ağlınmı çaşıb?
Şirin sözə möhtac qadın kimisən
İçin çiçəkləyib çölünə çıxıb.

Üzün bəxtəvərlik saçır beləcə
Duanmı, tövbənmi çatıb göylərə?
Ya dərviş payısan, ya haqq qisməti,
Ya da çiçək dolu şeytansan elə.

Payız xəzanından qorxmayıb belə,
Bu çiçək ömrünə hayandan gəldi?
(Ey bulud bacılar, şimşək qardaşlar,)
İçimə bir ulduz sevda göndərin.

Görüm ağac kimi çiçəklərəmmi?
Mən ağac dilində çiçəkləməsəm
Bunun günahını soruşaq kimdən?
İçimdə çağlayan dərddir, ilahi,
Hər gecə ruhumu məhşərə çəkən.

Ömrün nə məqamı, ilin nə vaxtı,
Bu alma qisməti necə gözləyək?
Saçından asılan gözəlsə ömür,
(Ağacın verdiyi qalsın o yana)
Alma göydən düşsə nəyimə gərək?

Hər şeyin yeri var vaxt axarında,
Gəlmişəm ömrünə dumanın, çənin.
Bəlkə də nənəmin nağıllarında
Sən göydən düşməyən payımsan mənim


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Firuzə MƏMMƏDLİ

İLLƏRİN

Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin?!
Saydın, seçdin, seçmələdin nə yaxşı
Əllisini, yetmişini illərin?!

Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin?!

Nəyi vardı, xəlbirlədin, ələdin,
Acısını şirininə caladın.
Çağaydımı, – laylaladın, bələdin,
Daha vaxtı ötmüşünü illərin?

Söz gəlişi dedim bunu, incimə,
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə
Gəlmişini, getmişini illərin.

Nə qədər ki, yerişinlə dirisən,
Canım-gözüm, beş adamdan birisən.
Çəkmə, çəkmə... Çəkəməzsən geri sən
Ömrü talan etmişini illərin.

Eh, il vardı, vaxt əlində saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gərək onda arayaydın, gəzəydin
Düzü əyri bitmişini illərin.

Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda.
Qaytar geri, gözü qalıb yollarda,
Qəfil yada düşmüşünü illərin.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Şahnaz ŞAHİN

FİKİR ELƏMƏ...

...Nə qədər səmada durnalar uçur,
Nə qədər havada hava var hələ,
Nə qədər sevgi var,sevən var belə,
Məhəbbət oxuyan ürək var belə..
Sən fikir eləmə. ..

Fikirdən damımız çökər,eləmə..
Güllər ləçəyini tökər,eləmə.
Allah da yapışıb ətəyimizdən,
Məhşər ayağına çəkər,eləmə..

Vay ona, bir gün də açmaya sabah....
Oyanıb görəsən ümid qalmayıb,
Bu günə verməyə bir ad qalmayıb,..
Ocaq qalamağa bir od qalmayıb...

Solub dodaqların sevgi nəğməsi,
Soyuyub buz kimi olub otaqlar..
Dünyanın havası,suyu azalıb,
Quruyub gördüyün barlı budağlar..

Baxıb,kədərlənmə,batma da yasa..
Torpağın üstü tək düşün altını,
Axtar hər qayanın,daşın altını,
"Onda da torpağam ayağın altda...
Yenə də dayağam.fikir eləmə..


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Hicran HÜSEYNOVA

ZİKR ET

Bütün səslərin, sözlərin,
Var olan, olmayan rənglərin
İtdiyi yaz dumanında
Bir təsbeh yellənir havada.
Ətirli, çəhrayı dənələr
Çəhrayı günlər kimi
Dağılır boşluğa.
Dilmdə dua, əlimdə təsbeh,
Dənələr pıçıldayır:
Zikr et, zikr et!
Uzanır hava boyu
Çəhrayı təsbeh,
Nədir bu çəkisizlik,
Ya bütün çəkilərin
İtdiyi o an?
Sözlər çırpınır ki,
Uçsun dodaqdan:
Zikr et! Zikr et!
Səhər. Br qadın dayanıb uzaqda
əlində söz dolu dəftər,
sözlərin ən böyüyü səslənir qulağında:
Zikr et! Zikr et!
Tutqun hava, tutqun ovqat.
Görən, yağacaqmı yağış,
Görən, çıxacaqmı günəş?


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Məlahət YUSİFQIZI

ÇÖLÜMDƏN QAÇDIĞIM YERDƏ

Baş fırlandı bircə sirdə.
Haqdan qaçdı ocaq, pir də.
Çölümdən qaçdığım yerdə,
İçimdən qaça bilmədim.

Görən məni dərdə dərdi.
Dərib, əlacına sərdi.
Hər kəsə açılan dərdi
Özümə aça bilmədim.

Dad əlindən ev yıxanın,
Tüstüsü əyri çıxanın!
Yatıbdı, qaraçuxamın
İçində uça bilmədim.

Ağatım var, Ağoğlanam.
Çətin bu yoldan usanam.
Dağılıb naxışım, xanam,-
Möhtacam taca, - bilmədim.

Baş fırlandı bircə sirdə,
Haqdan qaçdı ocaq, pir də.
Çölümdən qaçdığım yerdə,
İçimdən qaça bilmədim.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
NİSƏ BƏYİM

* * *
İkimiz bir çıxdıq baxtın ovuna,
Sənə gülümsəyib xoş yola saldı.
Mənə yar olmadı uğur mələyi,
Qırdı ürəyimi, boş yola saldı.

Bir ömrü sonadək xərac daşıdım,
Çarxı bəlam oldu, dərdi - yaşıdım.
Mən könül evimdən uzaq yaşadım,
İl ilə calanıb yaş yola saldı.

Hökmünə yetirə bilmədi məni,
Kök verib bitirə bilmədi məni.
Bu dünya götürə bilmədi məni,
Üstündən ağır bir daş yola saldı.

Haradan haraya köç etdi zaman,
Nə yaxşı tanıdı, nə də ki, yaman.
Heç kimə, heç nəyə vermədi aman,
Bahar qarşılayıb qış yola saldı.

Uzaq xəyallarda qaldı ürəyim,
Özünə qapanıb daldı ürəyim.
Ömrə baxa-baxa doldu ürəyim,
Gözüm bulud-bulud yaş yola saldı.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Xatirə RƏHİMBƏYLİ

SALAM

Üzü o tərəfə, könlü bu yana
Ay iki arada qalan ey, salam.
Yığval tərsə düşüb yol düz gəlməyib
Ürəyi həsrətdə solan ey,salam

Gəzir aralıqda qatı duman çən,
Eh, nə bu mən mənəm, nə də o sən sən
Ürəyim eşitdi ürəyin verən
Allah salamını...Salam ey,Salam!

Hər dua Allaha agah olmur ki,
Quruca bir salam günah olmur ki...
Hər qəlbin salamı , Segah olmur ki,
Ürəyim inlədi:" Balam ey..." Salam.

Eh gəlirsiz gəldi bu gidi gərdiş,
Ürək dərd çəkməyi eylədi vərdiş,
Salamın qurusun, salamsız dərviş,
Eylədin ruhumu talan ey... Salam


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Fərqanə YUSİFQIZI

SƏNSİZLƏMİŞƏM

Geri qayıtmağın mənası yoxdur,
Artıq görüşlər də olub maraqsız.
Sözlərin hədəfə dəyməyən oxdur,
Nə fərqi haqlısan,yoxsa ki haqsız.

Düşüb gedəcəyəm yolun ağına,
Bir daha mən sənə dönməyəcəyəm.
Qulağım kar olar səs-sorağına,
Dərdini-sərini bölməyəcəyəm.

Xəyalən qayıdıb ana bətninə,
Həyata qayğısız,dərdsiz gələcəm.
Sonra da yollanıb şimal qütbünə,
Bəyaz ayılarla dostluq edəcəm.

Uzaqdan-uzağa darıxıb sənsiz,
Adına nəğmələr söyləyəcəyəm.
Bəlkə də dönəcəm xəbər-ətərsiz,
Bəlkə də yolunu gözləyəcəyəm....

Bu dəli fikirlər lap məni yordu,
Sevgini qəlbimdə mən gizləmişəm.
Tənhalıq dərd kimi könlümə doldu,
Qayıt gəl,hardasan,sənsizləmişəm?!


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Qiymət MƏHƏRRƏMLİ

SEVGİ BİTMƏSİN

Mənim ünvanımı ürəyinə yaz,
Şehli çəmənlərin çiçəyinə yaz.
Yaz, könül mülkündə puçurlasın yaz,
Yaz, ömür bitsə də, sevgi bitməsin...

Hara üz çevirsən, orda gör məni,
İmılıq yağışda, qarda gör məni.
Götür bütünlüklə şeirə hör məni,
Yaz, ömür bitsə də, sevgi bitməsin...

Qəlbində gizlicə saxlayıb, yaşat,
Hərdən hönkür-hönkür ağlayıb, yaşat.
Ümidi vüsala bağlayıb, yaşat,
Yaz, ömür bitsə də, sevgi bitməsin...

Eheyyy! Burda kim var, bu ürək boşmu?
O səs hardan gəldi, söyləsəm xoşmu?
Bu könül nahaqdan nəğmələr qoşmur -
Yaz, ömür bitsə də, sevgi bitməsin...

Ünvansız ürəklər qərib quş olur,
Ən incə mehdən də soluxmuş olur.
Sevincə boylanır, qəmə tuş olur... -
Yaz, ömür bitsə də, sevgi bitməsin...

Bir ünvan söyləyim, axtar, gəz onu,
Sevən varlığında tapsın göz onu.
Bu şirin nağılın olmasın sonu...
Yaz! Ömür bitsə də, sevgi bitməsin!


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Reyhan KƏNAN

TANIMADIĞIM ADAM

Sənə veriləsi sevgim yox mənim
Səni tora salan sehrim yox mənim.
Qorxma, sənə qarşı mehrim yox mənim,
Yaxında olsam da yenə də yadam
Tanımadığım adam

Mən ki tanımıram əzəldən, indi,
Baxışın gözümdə ilişdi, sındı,
Sanma ki, ürəyim sevgiylə dindi,
Yandıran deyiləm, buz edən odam
Tanımadığım adam.

Bu görüş bir anlıq, ötəri idi,
Səni tanımaqçün yetərli idi,
Demə, görüşlərin betəri idi.
Hər necə olsa da yenə də şadam
Tanımadığım adam

Düşməz ki, bir daha yolumuz qoşa
Bir anlıq yol idi vurduq biz başa,
Sən ki bənzəmirsən bir parça daşa,
Götürüb yolumdan kənara atam,
Tanımadığım adam.

Dünyada yolumuz tən düşə bilər,
Hamı tanımadan görüşə bilər
Bəlkə də bir ömrü bölüşə bilər
Uzatsan əlini inanma tutam
Tanımadığım adam
Tanımadığım adam


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Elnaz EYVAZ

***
Bir az həyatdan küsmüşəm ,
bir az da dostdan-tanışdan.
Öp alnımdan, uzaq getmə,
mənə sevgindən danış da.

De ki, nə yaxşı mən varam,
yaxşı ki, sevmisən məni.
Həyat dəyişib gözündə
məni tanıyandan yəni.

De ki, gözlərim güləndə
yaddan çıxır dərdin-sərin.
Təzədən dirilib gəlir
ölüb gedən ümidlərin.

Var-dövlətim yox ki, səni
tutam gümüşə, qızıla.
Bir telinə dəyişmərəm,
yüz gözəl-göyçək qız ola.

De ki, daha nə dilərsən,
ay dilbilməz, ay ərköyün?
Səndən başqa kimim var ki,
ay sənin tikilsin öyün?!


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Sevinc ELSEVƏR

sən uzaq saraylardan gələn şahzadəsən...
mən sənə baxan minlərlə qaragözlüdən biri
yaxşı ki, kişi deyiləm
yaxşı ki, qadın deyilsən
üzümü çevirməyi əmr edərdilər
güzgülərə qalardı gümanım
ay üzünü görməyə...

sən uzaq saraylardan gələn şahzadəsən
sən atlısan
mən piyada
qışqırsam
səni çağıran
minlərlə səsdən ayırmazsan səsimi
sənə uzanan heç bir qadının əlindən
seçilmir əlim
bircə ürəyim
təkcə ürəyim
ama döyüntülərini eşitdirəcək qədər
yaxınlaşa bilmədim sənə

sən uzaq saraylardan gələn şahzadəsən
fərraşlarına əmr elə
qaldırsınlar məni yolundan
qovub çıxartsınlar burdan
eşq başıma vurmadan
bir dəlilik yapmadan...


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Aysel ƏLİZADƏ

BİR QIZ

Bir qız vardı
üzünü dünyanın boşluğuna tutub
atalı-analı yetimliyə yaslanıb,
ən yaxın dostlara qısılıb ağlardı.
Bir qız vardı…
Məni niyə doğdun soruşardı anasından,
anasının qatili olacağından qorxardım.
Nəyin dərdini çəkdiyini bilməzdim,
yerbəyer etməyə uşağı yox idi,
qulluq etməyə əri.
Ocaq başında ömrü çürümürdü,
ancaq nə sirr idisə
azadlığının qədrini bilmirdi.
Tanrıya hücum çəkirdi:
Məni niyə yaratdın?
Bir qız vardı…
Dualarını anlamazdın,
bilməzdin istəyini.
siyasətdən danışsan susar,
xoşbəxtlikdən danışsan qorxar,
dindən danışsan coşar,
insandan danışsan deyinərdi.
Dadını çıxar özgürlüyün deyərdin,
razılaşar, etməzdi.
Bir qız vardı,
yaşamağı bilməzdi.
Tez-tez necə yaşayırlar soruşardı.
eyni cavabı verərdin:
Olmayançün üzülüncə,
olanı yaşa öncə.
Uzaqlara yol gedincə çatır insan,
ilk cığırdan keçməsən
yenisinə çıxa bilərsənmi?
Susar, bəlkə eşitməzdi.
Bir qız vardı,
xəyallarda uçdu, uçdu,
yerə enib yerimədi.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Şəhla VAHİD

BİR OVUC XATİRƏYƏM


Bir ovuc xatirəyəm,iki damla göz yaşı,
Səp torpağa qarışım,ağla gözündən düşüm.
Yox yazığın gəlməsin,yox,yox heç bağışlama,
O qədər qına məni,özüm-özümdən düşüm.

İndi nə mənası var,bəlkənin də,kaşın da,
Ha yüyür nə var axı,gümanın o başında.
Başqa bir ad əzbərlə yadlaşım yaddaşında,
Nə yaxşım,nə pisim var,unut sözündən düşüm.

Hardan qəlbinə düşdüm,mən sənə arzu oldum?
Bir udumluq sevincə hər gün tamarzı oldum.
Bu qədər boyun əydim,bu qədər razı oldum,
Kəs səbrimi Ilahi,kəs ki,dözümdən düşüm.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Südabə SƏRVİ

MƏN ELƏ BİLİRDİM

Mən elə bilirdim qayıdacaqsan,
“Unut”-deyəcəksən olub keçəni.
Həsrətin gözünü dağlayacaqsan
Qovub ömrümdəki dumanı, çəni.

Mən elə bilirdim sən yol gəlirsən,
Niskilli günləri unudacaqsan
Alıb tənhalığın əlindən məni
Hönkürən dərdimi ovudacaqsan

Mən elə bilirdim qayıdacaqsan,
Sənə dərd olacaq saçımdakı dən.
Sönən çırağımı yandıracaqsan.
Əhdə xilaf çıxıb gəlmədin nədən?

Mən elə bilirdim qovuşacağıq,
Bəlkə bu vüsaldan ölə bilirdim.
Hicrandan yan ötüb sovuşacağıq
Mən elə bilirdim, elə bilirdim...


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Sara SELCAN

GÖZƏL

Dünya sınıq pəncərə,
Kimlər keçmir hər cürə,
Baxdım dərviş, tacirə,
Ağam, qulumdan gözəl.

Kim məsum, kim paxıl de,
Gözlərimə baxıb de,
Mənimçün bir nağıl de,
Əvvəli sondan gözəl.

Şər şərliyin atmadı,
Gecə-gündüz yatmadı,
Şeytan paltar tapmadı
Mələk donundan gözəl.

Könlüm söz nəşəsidi,
Söz saflar peşəsidi,
Daha nə düşəsidi
Bəxtimə bundan gözəl.

Gah gen dünya, gah da dar,
İçimdə min dünya var,
Hələ də bu dünyada
Ölüm olumdan gözəl.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Xatirə FƏRƏCLİ

***
darıxmağın daşın atdım,
daha darıxan deyiləm,
o ilan soyuqluğunu
sinəmə sıxan deyiləm.

tapınmışdım bir diləyə,
kürüyüb verdim küləyə,
bir dərdi də bu ürəyə
yükləyib yıxan deyiləm.

itirdiyini hələ sən
çətin anlaya biləsən,
çıx get, getməyə tələsən,
arxanca baxan deyiləm.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
CAVİ DAN

ƏLLƏRİMİZ SƏMADA

Bir səhranın
iki azmış dərvişi -
mən qadın,
sən kişi.
Gözlərimizdə
ilğım rəqs edir hərdən -
mənim üçün sən,
sənin üçün mən.
Ruhlarımız çırpındıqca
dalğalanır səhra -
dəli dərya kimi.
Hər qum bir su damlası,
hər damla bir yalan -
hər sevda kimi.
Ayaqlarımız
bir-birinə zəncirlənmiş -
uzun-uzun,
ağır-ağır.
Əllərimiz səmada...
Bax, kimsə də bizə baxır
arxasından Günəşin -
kədər axır gözlərindən.
Ahh, dərvişim...
Səhramıza yağış yağır...


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Nilufər ŞIXLI

SEVGİ – ŞEİR OLSAYDI…

Sevgi nəğmə olsaydı,
Hər sətir – sən olardın.
Qopub dodaqlarımdan
Ürəyimə dolardın...

Sevgi külək olsaydı,
Mən də qanad taxardım...
Uçaraq xəyallara
Gözlərinə baxardım...

Sevgi həyat olsaydı,
Yaşayardım ürəkdən.
Qovuşardıq ömürlük
Torpaq, Günəş, sən və mən!

Sevgi dəniz olsaydı,
Sahilində azardım...
Sevgi şeir olsaydı,
Onu sənə yazardım!


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Xatirə NURGÜL

TƏNHA GÖYƏRÇİN YUVASI

Susma, danış.
Heç olmasa dalaş,
heç olmasa ağla,
ağlat,
tək olmadığımı anlat mənə,
aldat məni.
İndi mən
savaş gedən ölkədə
dünyaya gələn körpə qədər ümidsizəm,
çarəsizəm,
ya da tərk edilmiş göyərçin yuvası qədər
kədərli...

Susma,
"səni sevirəm" de.
Lap "sevmirəm" de
"nifrət edirəm",
lap "danışmıram" de.
Amma danış, qurban olum,
susmağın öldürmür məni,
danış, heç olmasa ölüm...


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Məhsəti MUSA

ÖZÜMƏ QAYTAR MƏNİ

Tök üstümə
bütün dərdləri, İlahi.
İnsanlardan yığdığın
Qəzəbini tök üstümə.
Əsəbini
Topla barmaqlarına,
bas başımdan.
Piano dilinə döndər vücudumu,
Tök üstümə atəşini, odunu.
Əzab nəğməsi çal bədənimdə
Çal, çal, çaaaaal !!!
Canım ağrısın, yansın.
Hayqırtımdan
yeni notlar yaransın.
Və cılğın nəğməyə dönüb
Çıxım bu bədəndən.
Qopar məni, İlahi,
Qopar, al məni ondan.
Gəldiyim pak yoluma,
İzimə qaytar məni.
Yalvarıram, İlahi,
Özümə qaytar məni !
Özümə qaytar məni !


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Xatirə XATUN

HƏLƏ DİLİMDƏDİR ADIN

Hələ dilindədir adım,
Hələ ömrün sevda çağı.
Yarpaq-yarpaq, addım-addım
Bu payız öpür torpağı.
Unut məni unutmağı.

deyirsən ki unudaram,
yavaş-yavaş, aram-aram.
Səninlə lap mərcə varam,
İstəyrisən sınamağı?
Unut məni unutmağı.

Bunu belə bilmə asan,
bu tezliklə unudasan
əlləşəsən, vuruşasan
nə faydası, xeyri axı?
Unut məni unutmağı.

Yaddaşını didər, dələr,
Məndən qalan xatirələr.
O məktublar, o şəkillər
Hər birisi bir gözdağı.
Unut məni unutmağı.

Unutmusan zənn edərsən
Xatirlarsan qəfil, birdən
Budağından qopub düşən
Görən zaman hər yarpağı
Unut məni unutmağı

Qürrələnmə. lovğalanma
Ürəyinə arxalanma
Lap özünü unut amma
Unut yaddan cıxarmağı
Unut məni unutmağı


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Afət VİLƏŞSOY

OLUR

Sinədə döyünən sevən könülsə,
Gördüyü iş-gücü sədaqət olur,
Yanaq darıxanda dodaq yanğısı,
Ürək darıxanda məhəbbət olur.

Günahlar yığılsa qismət evinə,
Abır yaxın düşməz ismət evinə,
Tanrıya qayıdan gülə, sevinə,
Tövbə yovuşanda hidayət olur.

Ömür tab eləsə mənzil uzanır,
Həyat sınağında nəfəs sozalır,
Bəndə əl tutanda savab qazanır,
Allah əl tutanda səadət olur.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Vəfa MÜRSƏLQIZI

***

Bu mənəm İlahi, otur dərdləşək,
Qisməti şeirlə yazılan qadın.
Bu mənəm adına şirin nəğmələr,
İlahi şeirlər yazılan qadın.

Sənə and olsun ki, asi deyiləm,
Elə bir az küskün, dönük yaşadım,
Mən uşaq olmadım özün bilirsən,
Mən nə yaşadımsa böyük yaşadım.

Mən elə o vaxtdan çox üşüyürdüm,
Qələmlə ovcuma günəş çəkmişdim,
Deyirlər analar fədakar olur.
Mənimki ömrümü peşkəş çəkmişdi.

Məni atmaq çətin, götürmək çətin,
Mən nə oyanlıq, nə bu yanlıq qadın.
Mən əvvəl həmişə əziz olanam,
Mən sonda həmişə qurbanlıq qadın.

Elə o vaxtdan da günahkar oldum,
Sən də günahıma gözünü yumma,
Məndən ağıl umma, məhəbbət umma,
Məndən bundan artıq analıq umma.

Bu mənəm İlahi, otur dərdləşək,
Qisməti şeirlə yazılan qadın.
Bu mənəm adına şirin nəğmələr,
İlahi şeirlər yazılan qadın.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Şəfəq SAHİBLİ

ZAMAN İÇİNDƏ

Odun içində sönür,
Həyat tufan içində.
Çırpınıram nə vaxtdır, -
Könlüm güman içində.

Bəzini gizləyirsən,
Dərdini izləyirsən.
Sən zərbə gözləyirsən-
Mənsə zindan içində.

Hanı könlün inamı?
Hanı məhəbbət hanı?
İtirmişəm zamanı
Mən bu zaman içində.


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
Telli PƏNAHQIZI

SEVGİ DEYİLMİŞ

Demək bu istəyin sevgi deyilmiş,
Adi ehtirasmış...söndü, tükəndi.
O vədlər, o anlar əfsanə imiş,
Mən sənsiz, kimsəsiz, yetiməm indi.

Mən indi bildim ki, təkəm, tənhayam,
Mən indi bildim ki, qüssə mənimdi.
Mən indi bildim ki, bəxt götürənin,
Mən indi bildim ki, dərd çəkənindi.

Sadəlik həmişə gözəllik deyil,
Özünü sevənlər hörmət yiyəsi.
Mənim dediklərim təzəlik deyi,
Yoxdur nə üçünü, yoxdur niyəsi.

Keçib gedəcəyəm vaxt sayğacından,
Kimlər oxuyacaq məni varaq tək?
Asılıb qalacam dar ağacından,
Külək yellədəcək məni yarpaq tək.

Gözümün içinə baxma kədərdi,
Kipriyim yağışa çətir olubdu.
Yəqin eşitmisən köhnə xəbərdi,
Bəxt ki var...insanla bir doğulubdu.

Demək bu istəyin sevgi deyilmiş,
Demək, ehtirasmış, bitdi, tükəndi.
Mən indi anladım, bəxt götürənin,
Mən indi bildim ki, dərd çəkənindi..


İlahi şeirlər yazılan qadın - Çağdaş qadın şairlərimizin şeirləri - 2 | MANERA.AZ
İradə ƏLİLİ

GƏRƏK ÖYRƏTMƏZDİN

Saçım əllərinin tumarın istər,
Gözüm gözlərinin odlu mehrini.
Əlim ovucunda isinmək istər,
Sözüm sözlərinin şirin sehrini.
Həsrət qalırdımsa ayaq izinə,
Gərək öyrətməzdin məni özünə!

Qəlbimin atəşi səni arayır,
Baxışım tək sənə ünvanlanıbdı.
Gözlərim hər yerdə səni axtarır,
Könlüm sevgin ilə damğalanıbdı.
Ürəyim dözməyir sənsizliyimə,
Gərək öyrətməzdin məni özünə!

Doğulan hisslərim, şux duyğum oldun,
Sinəmdə ürək də sözümə baxmır.
İstəyirəm səndən hey uzaqlaşım,
O şəhla gözlərin məni buraxmır.
Sənin məhəbbətin, sevgin xəzinə,
Gərək öyrətməzdin məni özünə!

Yaralı ov kimi çırpınan könlüm
Elə fəryad edər, sızlar səninçün.
İlqarına sadiq gözümün yaşı
Axır, dayanmayır hər gecə, hər gün.
Gözlərim həsrətlə baxır gözünə,
Gərək öyrətməzdin məni özünə!

Hazırladı: Tural ADIŞİRİN
MANERA.AZ


Baxış sayı - 4 115 | Yüklənmə tarixi: 08.03.2019 12:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031