manera.az
manera.az

Azərbaycanda kitab mədəniyyəti haqqında monoqrafiya

📅 16.12.2019 12:23

Azərbaycanda kitab mədəniyyəti haqqında monoqrafiya
Filologiya elmləri doktoru İslam Sadığın müəllifliyi ilə "Azərbaycanda kitab mədəniyyəti" adlı monoqrafiya işıq üzü görüb.

Manera.az xəbər verir ki, monoqrafiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "Renessans-A" nəşriyyatında 248 səhifə həcmində çap olunub.

Nəşrin redaktoru Əlövsət Ağalarov, buraxılışına məsul Aslan Cəfərov və Ələddin Əsədzadədir.

Səkkiz fəsildən ibarət olan bu monoqrafiyanın birinci fəsli "Kitab anlayışı. Qədim kitablar" adlanır. bu fəsildə kitab sözünün izahı, kitabın mahiyyəti, əhəmiyyəti, yazının kəşfi, yazı növləri, əlifbalar haqqında, yazı materialları, qədim kitabələr, kitablar, əlyazma kitabları, əlyazmaların üzünün köçürülməsi, xəttatlar və xəttatlıq sənəti, kitab mədəniyyəti, kitabın yazılması və nəşri, çap mədəniyyəti, redaktə mədəniyyəti, oxu mədəniyyəti, oxucu mədəniyyəti, kitabxana mədəniyyəti, kitabxanaçı mədəniyyəti, kitabın cəmiyyətdə rolu haqqında aydın təsəvvür yaradan biliklər əldə etmək mümkündür.

Monoqrafiyanın ikinci fəsli "Azərbaycanda kitab" adlanır. Burada isə oxuculara 8 yarımfəsil təqdim olunur: 1) "Qobustan və Gəmiqaya dünyanın ilk açıq kitab muzeyidir"; 2) "Türk xalqlarında yazı və əlifba mədəniyyəti"; 3) "Azərbaycanın qədim kitabları"; 4) "Azərbaycanın əlyazma kitabları"; 5) "İlk mətbəələrin yaranması"; 6) "Azərbaycan kitabı"; 7) "Azərbaycanda ilk çap kitabları"; 8) "Azərbaycanda kitab və nəşriyyat tarixinin öyrənilməsi".

Monoqrafiyanın üçüncü fəsli "Azərbaycan ziyalıları və kitab"dır. Burada Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, Şah İsmayıl Xətainin, Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Nəriman Nərimanovun kitab haqqında dərin fikirləri, kitabçılıq işinin inkişafı üçün gördükləri işlər və s. ətraflı şəkildə şərh olunur.

Monoqrafiyanın dördüncü fəsli "Çap maşını və kitab nəşri" adlanır ki, burada da çap maşınlarının kəşfi, kitab nəşrində dönüş, kitab nəşrinin mətbəə mərhələsi, poliqrafiya materialları haqqında müəllif tərəfindən maraqlı məlumatlar şərh olunur.

"Azərnəşr"in yaranması və Azərbaycanda kitab mədəniyyəti" adlanan beşinci fəsildə ümumilikdə "Azərnəşr"in yaranma tarixinə nəzər salınmış, bu haqda maraqlı faktiki materiallar mənbələr əsasında oxuculara təqdim edilmişdir.

Monoqrafiyanın altıncı fəsli "Kitabın texniki göstəriciləri" adlanır. Burada mövzunun açılması üçün müəllif 6 yarım fəsildə qruplaşmalar aparmışdır: 1) "Kitabın məzmununa görə növləri"; 2) "Kitabın üz qabığına görə növləri"; 3) "Kağızın və kitabın ölçüləri"; 4) "Bir səhifənin mətnli və mətnsiz hissələrinin nisbəti"; 5) "Kitabın həcminin hesablanması". Bu fəsil ümumilikdə kitabın texniki tərtibatı ilə bağlı olan məsələləri özündə ehtiva edir.

"Nəşriyyatda redaktə işi" adlanan yeddinci fəsildə redaktor sənəti, redaktorun vəzifələri, redaktorun nəşriyyatda oynadığı rol, redaktənin ilkin prinsipləri, redaktə işinin əsas məqsədi, əlyazmanın dəyərləndirilməsi, redaktor-müəllif münasibətləri, nəşriyyat redaktoru, redaktə işi, redaktənin növləri, redaktə normaları, redaktənin sxemi, redaktənin keyfiyyətinə təsir göstərən amillər, əlyazmanın hərəkət mexanizmi və s. haqqında məlumatlar öz əksini tapmışdır.

Nəhayət, kitabda sonuncu - səkkizinci fəsil "Kitab ticarətinin təşkili" adlanır ki, burada kitabın oxucuya çatdırılması yolları araşdırılmış, Azərbaycanda kitab ticarətinin tarixinə nəzər salınmış və xüsusilə də ölkəmizdə kitab ticarətinin təşkili məsələləri haqqında oxucuya müəyyən məlumatlar verilmişdir.


Baxış sayı - 1 444 | Yüklənmə tarixi: 16.12.2019 12:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031