manera.az
manera.az

“Gülüstan” poeması necə çap olundu? - XATİRƏ

“Gülüstan” poeması necə çap olundu? - XATİRƏ
Bu tarixi hadisənin canlı iştirakçısı şair-jurnalist Telman Həmidlinin hələlik heç yerdə çap olunmamış bu unikal xatirə yazısı 60 il sonra ilk dəfə çap olunur.

(Şəkil “Gülüstan”ın çapından qabaq “Nuxa fəhləsi”qəzetinin redaksiyasında çəkilmişdir. Qabaq cərgədə Bəxtiyar Vahabzadə, Əbdürrəhman
Əbdürrəhmanov
, arxa cərgədə soldan birinci Salis Məmmədov, Nizami Nəbiyev, Telman Həmidli)


Xalq şairi Bəxtiyar Vahabzadənin məhşur “Gülüstan” poemasını paytaxt mətbuatı çap etməkdən imtina etmişdi. Bəxtiyar müəllim üzünü doğulub boya-başa çatdığı Şəki torpağına tutdu. 1960-cı ilin payız ayları idi. O vaxt rayonda çıxan “Nuxa fəhləsi” qəzetinə ikinci dünya müharibəsindən bir qolunu itirərək qayıtmış əsl vətənpərvər, həqiqi ziyalı Məhyəddin Abbasov rəhbərlik edirdi. Məhyəddin Abbasov 1945-ci ildən ömrünün sonuna -1974-cü ilə kimi qəzetin baş redaktoru olmuşdur. Müharibədən sonra yetişən Şəki jurnalistlərinin hamısı obrazlı desək məhz onun şinelindən çıxmışdır. O vaxt mən – Telman Həmidli isə qəzetin ən gənc əməkdaşı idim.

Redaksiyada Teymur Xəlilov, Məmməd Çələbiyev, Əbdulhəmid Həmidov, İbrahim Paşayev, Abuzər və Ənvər Qasımov kimi təcrübəli jurnalistlər çalışırdı. Sonradan bu siyahıya Saat Əzizov, Nizami Nəbiyev, Ənvər Mikayılzadə, Suqra xanım da əlavə olundu. Daha sonralar redaksiyada Rəhim Maqsudov, Vaqif Salmanov, Bəşarət Süleymanov, Çingiz Nağıyev, Bayram Mahmudov, Akif Salamov kimi jurnalistlər də işləməyə başladı.

Oktybarın 22-si Bəxtiyar Vahabzadə redaksiyaya gələrək redaktor Məhyəddin Abbasovla görüşdü. Söhbət əsnasında məlum oldu ki, Bəxtiyar müəllim yeni yazdığı və mübahisəli olan “Gülüstan” poemasını çap etdirmək istəyir. Bəxtiyar Vahabzadənin yanında “İpəkçi” qəzetinin redaktoru Salis Məmmədov da vardı, o vaxt Salis müəllim hələ tələbə idi. Yeri gəlmişkən onu da qeyd edim ki, Salis müəllim çox cəsarətli jurnalist idi.(Haşiyə - Heydər Əliyev ordenini təsis etmək haqqında ilk təşəbbüsü respublika mətbuatı arasında “İpəkçi” qəzetində o qaldırmışdır.)

Məhyəddin Abbasov “Gülüstan”ı çap etməyə razılaşdı. İndi əsas məsələ qəzeti çap edib səssiz-küysüz oxuculara çatdırmaq idi. Adətən qəzet mətbəədə gecələr çap olunurdu. Bu dəfə isə Bəxtiyar Vahabzadənin təklifi ilə gündüz çap etmək qərara alındı ki, çap səhifələrini Bəxtiyar müəllim özü tapıb düzəltsin və mətnin orjinallığına tam arxayın olsun. ”Gülüstan” qəzetin 23 və 26 oktyabr tarixlərində ilk dəfə belə nəşr edildi. İndi əsas iş qəzeti pis gözlərdən kənar saxlayıb şəhər oxucularına çatdırmaq idi.

Məhyəddin Abbasovun ürəyinə elə bil nəsə dammışdı. Məni yanına çağırıb dedi: -“Gülüstan” çap olunan qəzetin şriftlərini mətbəədə dağıtdır, qəzeti isə səhərə qədər etibarlı yerdə saxlamaq lazımdır ki, hələlik kənar şəxslərin əlinə keçməsin. Bunun üçün ən etibarlı yer fotolaboratoriyam olduğunu bildirdim. Razılaşdı.

Qəzetləri fotolaboratoriyadakı stolun gözlərinə yerləşdirdik. Onsuzda qaranlıq olan laboratoriyanın elektrik xəttini kəsdik. Döşəməyə isə köhnə aşkarlayıcı (proyavitel) məhlulu tökdük. Bu məhlul lax yumurta iyi verir – nəfəs almaq olmur.

Məhyəddin müəllimin ürəyinə daman düz çıxdı. İş gününün sonuna yaxın Dövlət Təhlükəsizlik Komitəsinin 3 əməkdaşı redaksiyaya gəldi. Onlar “Gülüstan” poeması çap olunmuş “Nuxa fəhləsi” qəzetinin nüsxələrini müsadirə etməyə gəlmişdilər. Görünür kimsə “Gülüstan” poemasının çap olunacaq xəbərini ağzından qaçırmışdı. Onlar mətbəə və redaksiyanın bütün otaqlarını ələk-vələk etdilər. Heç nə tapılmadı. Növbə fotolaboratoriyaya çatanda rütbəcə digərlərindən böyük olan polkovnik əmr etdi:

-Açarı gətirin, fotolaboratoriyanın qapısını açın. Mən qabağa durub dedim:

-Biz laboratoriyanın qapısını bağlamırıq. O, qapını açıb tez də örtdü və dedi: -Bu nə iydir belə? Burda adam boğular ki!

Onlar əliboş çıxıb getdilər.

Beləliklə, “Gülüstan” həbsdən xilas edildi. Ertəsi gün poçt işçiləri gəlib “Gülüstan” poeması çap olunmuş qəzeti oxuculara payladılar.

Telman HƏMİDLİ, şair-jurnalist

P.S - Yazı ilk dəfə Tural Adışirinin təqdimatında "Ədəbiyyat qəzeti"nin 2019-cu il, 16 noyabr sayı"nda çap olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930