manera.az
manera.az

Sən boynuma dolayanda qolunu...- MANERA.AZ

📅 06.10.2015 12:39

Sən boynuma dolayanda qolunu...- MANERA.AZNə bildin ki?..

Səni görmək istəyirdim yuxumda,
Gözlərimdən qaçaq idi yuxum da.
İstəyirdim, çiçək olum yaxanda,
Uçub gəldin...
Nə bildin ki, darıxmışam səninçün?

Sən boynuma dolayanda qolunu,
Bildim, gözdən salmamısan qulunu.
Bu bağlanmış taleyimin yolunu,
Açıb gəldin...
Nə bildin ki, darıxmışam səninçün?

Ürəyimiz vüsal üçün təşnəydi,
Qarşısında su yanğısı heç nəydi.
Tale bizə ilğım tutan çeşməydi,
İçib gəldin...
Nə bildin ki, darıxmışam səninçün?

Bu sevdanın sevənlərə görkü tək,
Gəl hicranı aramızdan ürküdək.
Eşqimizi bir günahsız körpətək
Qucub gəldin...
Nə bildin ki, darıxmışam səninçün?

Nə yaxşı ki, hələ canda can qalıb,
Axıb gözdən, ürəyimdə qan qalıb?
Aramızda bitən kolu, qanqalı
Biçib gəldin...
Nə bildin ki, darıxmışam səninçün?

Ayrılalı qatarından, a durnam,
Ayrılmışdım baharımdan, a durnam.
O mənsizlik diyarından, a durnam,
Uçub gəldin...
Nə bildin ki, darıxmışam səninçün?

***

Dünya şöhrətli xanəndəmiz
Alim Qasımovu dinləyərkən

Alimim, musiqidə gör nə büsat eyləmisən!
Səsinin sehri ilə bülbülü mat eyləmisən.

Ərşi-əlada qanad çalmada zəngulələrin,
Uçmaq üçün səsini, bəlkə, qanad eyləmisən?

Bəyənib göyləri ruhun da mələklərlə gəzir,
Onu təndən çıxarıb yəqin azad eyləmisən.

Bir dühasan, sənətin çərçivə, sərhəd tanımaz,
Fəth edib ölkələri, xəlqini şad eyləmisən.

Bu sənət aləminin təşnəsi, pərvanəsisən,
Dahi xanəndə kimi tazə bir ad eyləmisən.

Sən muğamatımızın öndə gedən sarbanısan,
Tanrıya səs aparan yollar icad eyləmisən.

Ayırıb ruhumu məndən aparırsan hayana?
Aman, Allah! Bu nə hal? Sən ki cahad eyləmisən!

Rahila, en daha göylərdən, Ona çatmaz əlin,
Qoşulub Alimə sən də nə inad eyləmisən!


Rahil Məmmədov




Baxış sayı - 3 122 | Yüklənmə tarixi: 06.10.2015 12:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031